Məhkəmə qərarları › İş №3(002)-452/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-452/2021

30.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-452/2021 30.03.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlu, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olmuş Şəxs Azərbaycan Respublikası İXM-in 481-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair materiala baxaraq, M ü ə y y ə n e t d i m: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən Şəxs barəsində inzibati xətaya dair protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokolda barəsində icraat aparılan şəxsin əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 481-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati xəta haqqında iş öyrənilərkən onun baxılmasının məhkəmənin səlahiyyətinə aid olduğu, lakin materiala baxılmasının qeyri-mümkün olduğu müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100-cü maddəsinə müvafiq olaraq protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi, inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti, olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları qeyd edilməlidir. Lakin iş materialları nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, həmin sənədlərdə barəsində iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi qeyd edilməmişdir. Bundan başqa barəsində inzibati xəta üzrə iş aparılan şəxsin şəxsiyyətini təsdiq edən hər hansı bir sənəd də iş materiallarına əlavə edilməmişdir. Həmçinin iş materiallarından görünür ki, barəsində iş üzrə icraat aparılan şəxs xarici ölkə vətəndaşı olmasına baxmayaraq onun barəsində inzibati araşdırma aparılarkən ona tərcüməçi təyin olunmamış və material şəxsin bildiyi dilə tərcümə edilməmişdir. Bundan başqa iş materiallarından aydın olur ki, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs inzibati araşdırmaya dəvət olunması barədə ünvan 1 ünvanına bildiriş göndərilmişdir. Lakin, iş materiallarına şəxsin həqiqətən də yuxarıda göstərilən ünvanda daimi və ya müvəqqəti olaraq yaşayıb və ya məskunlaşmasına dair heç bir sübut əlavə edilməmişdir. Bundan başqa iş materialları öyrənilərkən müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin inzibati araşdırmada iştirakı ümumiyyətlə təmin edilməmiş və şəxsin iştirakının təmin edilməsi məqsədilə İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun tədbirlər görülməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin İXM-in 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, məhkəmə, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edir. Yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edirəm ki, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 109-cu maddəsini rəhbər tutaraq, Q ə r a r a a l d ı m: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olmuş Şəxs Azərbaycan Respublikası İXM-in 481-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə görə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardan, onun surətinin rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində apellyasiya şikayəti verilə bilər. Hakim:Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar