Məhkəmə qərarları › İş №3(002)-464/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-464/2025

14.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-464/2025 14.03.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Qaradağ RPİ-nin 10-cu PŞ-nin sahə inspektoru, polis mayoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1996-cı ildə Zəngilan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli (himayəsində iki azyaşlı uşağı olan), ünvan 1i ünvanında qeydiyyatda olmaqla ünvan 2anında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair Qaradağ RPİ-nin 10-cu Polis Şöbəsindən daxil olmuş inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Daxil olmuş inzibati materialdan və protokoldan aydın olur ki, Şəxs 13 mart 2025-ci il tarixdə, saat təxminən 23:30 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində Qobu Park y/k yaxınlığında nalayiq ifadələr işlətməklə polis əməkdaşlarına tabesizlik göstərmiş və ictimai qaydanı pozmuşdur. Buna görə də onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə 14 mart 2025-ci il tarixdə MN ******* saylı protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən 10-cu PŞ-nin sahə inspektoru, polis mayoru X2 öz izahatında protokolu müdafiə edərək bildirmişdir ki, 13 mart 2025-ci il tarixdə, saat 23:30 radələrində Qaradağ RPİ-nin DYPŞ-nın YPX əməkdaşları 630 saylı çağırışla avtopatrulla xidmət apararkən Qaradağ rayonu, Qobu Pakr y/k istiqamətində hərəkətdə olan MG markalı, ** YH *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü işıq cihazlarından düzgün istifadə etmədiyi üçün ona saxla əmri vermişlər. Polis əməkdaşları sürücüyə yaxınlaşıb özlərini təqdim etdikdən sonra avtomobildən kəskin qoxu gəldiyi üçün sürücünü müayinədən keçirmək istəyən zaman avtomobildə olan digər iki sərnişin YPX əməkdaşları ilə heç bir səbəb olmadan mübahisə etməyə və sürücünün tibbi müayinədən keçməsinə mane olmağa çalışmışlar. Bu zaman hadisə yerinə ƏÇPA-nın əməkdaşları dəvət olunmuş və həmin sərnişinlər hadisə yerindən qaçmışlar. Daha sonra onlar yaxalanaraq 10-cu PŞna təmin olunmuşlar. Bölmədə məlum olmuşdur ki, həmin şəxslərdən biri Şəxsdur. Buna görə də onun barəsində İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Qaradağ rayon məhkəməsinə göndərilmişdir. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində müvafiq tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs öz izahatında göstərmişdir ki, 13 mart 2025-ci il tarixdə sərnişin qismində Qobu istiqamətində hərəkət edən zaman YPX əməkdaşları onlara saxla əmri vermişlər. Bu zaman sürücü maşını saxlamış, sürücüdən nəqliyyat vasitəsinin sənədlərini tələb etmişlər. Sürücü və onun dostu Ceyhun adlı şəxs polisə etiraz edərək səs-küy salmağa başlamışlar. O özü də mübahisəyə qoşularaq sürücünü müdafiə etməyə başlamışdır. Nəticədə hadisə yerinə ƏÇPA-nın əməkdaşları gəlmiş, onları polis şöbəsinə dəvət etmişlər. Bu zaman onlar polisə tabesizlik göstərmiş və bölməyə getməkdən imtina etmişlər. O törətdiyi əməldən peşiman olduğunu və bir daha belə hərəkətlərə yol verməyəcəyini bildirərək məhkəmədən ona yüngül tənbeh verilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını və iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs əməlində onun polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması öz təsdiqini tapsa da, ictimai qaydanı qəsdən pozaraq xırda xuliqanlıq əməli törətməsi öz təsdiqini tapmamışdır. Odur ki, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair hissədə əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməli və yalnız İXM-nin 535.1 maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Beləliklə, məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, əməlini etiraf edərək səmimi peşiman olmasını, himayəsində iki azyşalı uşağının olmasını və polis əməkdaşlarının ona qarşı hər hansı şikayət və ya tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, onun barəsində İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi daha məqsədə müvafiqdir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından həmin maddə üzrə başlanmış inzibati xəta haqqında icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar