Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-466/2022 14.04.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ RPİ-nin 38-ci PB-nin polis sahə inspektoru, polis baş leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1992-ci ildə Cəbrayıl rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barədə Qaradağ RPİ-nin 38-ci PB-dan daxil olmuş inzibati materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Qaradağ RPİ-nin 38-ci PB-nin polis sahə inspektoru, polis baş leytenantı X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün Qaradağ rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin 38-ci PB-nin polis sahə inspektoru, polis baş leytenantı X2 protoklu müdafiə edərək bildirmişdir ki, Şəxs narkotik vasitənin istehlakçısı olduğundan və satış məqsədi olmadan üzərində narkotik vasitə olan qurudulmuş marixuana saxlamasına görə barəsində İXM-nin 206-cı maddəsinə əsasən 14 aprel 2022-ci il tarixli MN № ******* saylı inzibati protokol tərtib edilmişdir. O, öz izahatında daha sonra X1 müayinədən keçirilmədiyini, narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmamasını müəyyən etmək üçün onun barəsində ekspertiza təyin edilmədiyini və eləcə də təhqiqat zamanı Şəxs götürülmüş maddi sübut sayılan qurudulmuş marixuananın taleyi barədə heç bir məlumatının olmamasını bildirərək və halhazırda da tərtib edilmiş protokolu müdafiə edərək Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə izahat verərək bildirmişdir ki, Sahil qəsəbəsində yerləşən “French Launch” kafesini icarəyə götürərək işlədir. Artıq bir müddətdir ki, narkotik vasitə olan marixuanadan istifadə edir. 27 fevral 2022-ci il tarixdə kafenin zirzəmisində ofisiantlarla spirtli içki qəbul edib, marixuana çəkməyə hazırlaşırmış. Bu zaman kafedə administrator işləyən əməkdaş ondan qapını açmasını xahiş etmiş və onunla iki nəfər polis əməkdaşı da kafeyə daxil olmuşdur. Ona karantin rejimini pozmaları barədə məlumat verilərkən o, masanın üstündə olan marixuananı stoldan götürərək cibinə qoymuş, polis əməkdaşları ondan bunun nə olduğunu soruşduqda o cibində olan narkotik vasitəni ayaqyoluna atmış və həmin yerdən qaçaraq uzaqlaşmışdır. Lakin polis əməkdaşları onu yaxalayaraq maddi sübutla birlikdə 38-ci PB-ya aparmışlar. O, öz izahatında daha sonra narkotik istifadəçisi olması ilə bağlı müayinədən keçirilmədiyini və məcburi müalicəyə ehtiyacının olub-olmaması ilə bağlı barəsində ekspertiza təyin edilmədiyini bildirmişdir. Məhkəmə iş materiallarını və tərəflərin izahatlarını araşdıraraq hesab edir ki, təqdim edilmiş sənədlər natamam olduğundan və baxılması mümkün olmadığından inzibati protokol və ona əlavə olunmuş sənədlər Qaradağ rayon Polis İdarəsinin 38-ci Polis Bölməsinə qaytarılmalıdır. Belə ki, qeyd inzibati material araşdırılarkən müəyyən edilmişdir ki, Şəxs təmiz çəkisi 0.24 qram olan narkotik vasitə sayılan qurudulmuş marixuana götürülmüşdür. Lakin iş materiallarında, inzibati xəta haqqında protokolda, o cümlədən həmin fakt üzrə Qaradağ RPİ-nin İŞ-nin müstəntiqi, polis baş leytenantı X3 tərəfindən qəbul edilmiş 07 mart 2022-ci il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi barədə” Qərarında həmin narkotik vasitənin maddi sübut kimi tanınıb-tanınmaması və hal-hazırda həmin narkotik vasitənin harada saxlanılması barədə heç bir məlumat və yaxud qeyd aşkar edilməmişdir. Yəni, məhkəmə çıxaracaq yekun qərarında maddi sübutun taleyi barədə məsələni həll etmək imkanından məhrum olmuşdur. Bununla da İXM-nin aşağıda göstərilən maddələrinin tələbləri kobud şəkildə pozulmuşdur. Azərbaycan Respublikası İXM-nin 77.1-ci maddəsində göstərilir ki, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər, yaxud üzərində inzibati xətanın izlərini saxladığına görə inzibati xəta haqqında iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən predmetlər maddi sübutlar hesab edilir. 77.2. Maddi sübutların fotoşəkilləri çəkilir və onlar inzibati xəta haqqında işə əlavə edilir. Maddi sübutlar inzibati xətalar haqqında protokolda qeyd edilir. 77.3. İcraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. Bundan başqa inzibati material araşdırılarkən müəyyən edilmişdir ki, Şəxs narkotik vasitələrdən istifadə edib-etməməsini müəyyənləşdirmək üçün tibbi müayinədən keçirilməmiş və narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmaması müəyyən edilmədən məhkəməyə təqdim edilmişdir. Qanunvericiliyin tələblərinə görə Şəxs təqsirləndirildiyi maddənin sanksiyasında inzibati həbs nəzərdə tutulduğundan həmin protkola da həmin gün baxılmalıdır. Lakin protokol natamam olduğundan işə baxılaraq müvafiq qərar qəbul edilməsi mümkün deyildir. Azəbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Həmin Məcəllənin 37.2-ci maddəsinə əsasən məcburi müalicənin tətbiq edilməsinin məqsədi bu Məcəllənin 37.1-ci maddəsində göstərilən şəxslərin müalicə olunmasından, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılmasından, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılmasından, gələcəkdə həmin şəxslərin insan psixikasına təsir göstərən maddələrdən sui-istifadəsinin və yeni inzibati xətalar törətməsinin qarşısının alınmasından ibarətdir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növü tətbiq edilməklə yanaşı, tibbi yoxlama nəticəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxslər inzibati həbs tənbeh növünü çəkib qurtardıqdan sonra müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində müalicə olunurlar. Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarının surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir. Həmin Məcəllənin 37.5-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxs inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilir. Həmin Məcəllənin 37.6-cı maddəsinə əsasən ixtisaslaşdırılmış tibb müəssisələrində məcburi müalicə müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi şərtlərə və qaydalara uyğun aparılır. Həmin Məcəllənin 37.7-ci maddəsinə əsasən ixtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicə barədə məhkəmə qərarının tələblərinin yerinə yetirilməsinə icra məmuru tərəfindən nəzarət edilir. Həmin Məcəllənin 37.8-ci maddəsinə əsasən ixtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicədə olan şəxsin məcburi müalicədən vaxtından əvvəl azad edilməsi və məcburi müalicə müddətinin uzadılması “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda həmin müəssisənin müdiriyyətinin təqdimatı və həkim-məsləhət komissiyasının rəyi nəzərə alınmaqla, müəssisənin yerləşdiyi yer üzrə məhkəmənin qərarı əsasında həyata keçirilir. Həmin Məcəllənin 103.2-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta haqqında protokol (prokurorun qərarı) tərtib edildikdən dərhal sonra baxılması üçün hakimə göndərilir. Həmin Məcəllənin 111.3-cü maddəsinə əsasən inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. Həmin Məcəllənin 109.1.6-cı maddəsinin tələbinə görə protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM- 40,43 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Qaradağ RPİ-nin 38-ci PB-si tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən tərtib edilmiş inzibati protokol və ona əlavə olunmuş sənədlər natamam olduğundan Qaradağ RPİ-nin 38-ci PB-na geri qaytarılsın. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-466/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-466/2022
14.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver