Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-467/2022 26.05.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: “LƏZZƏT-2018" MMC barəsində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 14 aprel 2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materiallarından aydın olur ki, Şəxs MMC, İD ********** və İD ********** nömrəli müraciətlər əsasında ölkəyə idxal olunmuş qida məhsullarını qida təhlükəsizliyi sertifikatı olmadan 14 aprel 2022-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Sədərək TM, 11-ci sıra, 5-ci korpus, mağaza nömrə 145 ünvanında satmışdır. Məhkəmənin 12 may 2022-ci il tarixli iclasında iştirak edən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin nümayəndəsi X2 protokolu müdafiə edərək “LƏZZƏT-2018" MMC barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə “LƏZZƏT-2018" MMC-yə və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinə rəsmi qaydada məlumat verilsə də, qeyd olunan təşkilatlardan nümayəndələr məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat daxil olmamışdır. Məhkəmə, işə nümayəndələrin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, “LƏZZƏT-2018" MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4 maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsi tərəfindən toplanmış inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş 14 aprel 2022-ci il tarixli, “Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin, idxal və ixrac olunan qida məhsullarının, qida təhlükəsizlik sertifikatının alınması üçün baxışın keçirilməsi haqqında” aktdan aydın olur ki, Şəxs MMC tərəfindən İD ********** və İD ********** nömrəli müracitələr əsasında idxal olunmuş məhsul partiyasının saxlanıldığı anbara baxış keçirilərkən məhsul partiyası anbarda aşkar edilməmişdir. Bundan başqa iş materiallarına əlavə edilmiş və Şəxs MMC-yə ünvanlanmış 23/1/İSN-3507 nömrəli 04 aprel 2022-ci il tarixli məktubda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2017-ci il tarixli 1681 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında əsasnamənin 2.0.2-ci yarımbəndinə əsasən, qida məhsullarının təhlükəsizliyinə, baytarlıq və fitosanitar nəzarətinə dair normativ tənzimlənməni, qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən subyektlərin qeydiyyatını, qida təhlükəsizliyi, fitosanitar və baytarlıq sertifikatlarının verilməsini, qida məhsullarının ilkin istehsalı, tədarükü, istehsalı, emalı, qablaşdırılması, saxlanması, daşınması, dövriyyəsi daxil olmaqla qida zəncirinin bütün mərhələlərində qida məhsullarının təhlüksizliyinə, həmçinin qida məhsullarının, dövlət baytarlıq və fitosanitar nəzarətində olan yüklərin istehlakçılarının hüquqlarının müdafiəsinə dövlət nəzarətini həyata keçirmək Agentliyin fəaliyyət istiqamətlərinə aid edilmişdir. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 15 mart 2016-cı il tarixli 176-VQ nömrəli Qanunun 3 nömrəli əlavəsinə əsasən qida təhlükəsizliyi sertifikatı sahibkarlıq fəaliyyətinə verilən icazələr siyahısına aid edilmişdir. “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanunun 6-cı maddəsinə əsasən, Azərbaycan Respublikasına idxal olunan qida məhsulları müvafi qaydada tanınmış və yamüvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş qida təhlükəsizliyi sertifikatına malik olmalıdır. Azərbaycan Respublikası Qida X1 4.0.3-cü yrımbəndinə əsasən fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar barədə sorğu vermək və onlardan belə məlumatları almaq Agentlik hüquqlarına aid edilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq 25 iyun 2021-ci il tarixli İD ********** və 31 iyul 2021-ci il tarixli İD ********** nömrəli müracitələr əsasında idxal olunmuş qida məhsul partiyaları barədə məlumatların 14 aprel 2022-ci il tarixinədək Agentliyin Bakı regional bölməsinə təqdim etməyi xahiş etmiş, 14 aprel 2022-ci il tarixinədək idxal edilmiş məhsul partiyaları barədə məlumat təqdim etməmələri məhsul partiyalarının qida təhlükəsizliyi sertifikatı olmadan satıldığı kimi qiymətləndiriləcəyi və və İXM-nin müvafiq maddəsinə uyğun olaraq “LƏZZƏT-2018" MMC barəsində inzibati icraata başlanılacağı bildirilmişdir. Lakin “LƏZZƏT-2018" MMC-nin yuxarıd qeyd olunan məhsul partiyaları barədə məlumat təqdim etməsi barədə hər hansı bir sübut əlavə edilməmiş, həmçinin həmin təşkilatdan nümayəndə məhkəmə iclasında iştirak etməmiş və yuxarıda sadalanan halları təkzib edən hər hansı mötəbər sübutu məhkəmə təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsində göstərilir ki, qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.3-cü maddəsinin tələbinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə “LƏZZƏT-2018 " MMC-nin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, “LƏZZƏT-2018 " MMC hüquqi şəxs qismində İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 49-51, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və hüquqi şəxs qismində 4000 (dörd min) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №3(002)-467/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-467/2022
26.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver