Məhkəmə qərarları › İş №3(002)-47/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-47/2021

09.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-47/2021 09.04.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ kim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, xx xxxxx 1977-ci ildə Xaçmaz rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM-nin) 329.1 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhər Baş Polis İdarəsinin X3 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhər Baş Polis İdarəsi X3 İdarəsinin Yol Patrul Xidməti inspektoru X1 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1 və 329.1-ci maddələri ilə protokol tərtib edilmiş, həmin protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Qaradağ rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materiallardan görünür ki, xx.xx.2020-ci il tarixdə saat 06:20 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan Dairəsi yolunda idarə etdiyi “Mercedes Benz C180” minik markalı, ** KC *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən o, təhlükəsizlik kəmərindən istifadə etmədiyinə görə saxlanılmış, yoxlama zamanı sürücünün avtomobili sərxoş vəziyyətdə idarə etdiyi müəyyən edilmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Bakı şəhər Baş Polis İdarəsi X3 İdarəsinin rəisi Rəşad Piriyev tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair xx xxxxxx 2021-ci il tarixli qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə axşam radələrində oğlunun hərbi xidmətdən zəngi ilə əlaqədar əlli qram araq içmiş daha sonra isə yatıb səhəri günü yəni, xx.xx.2020-ci il tarixdə səhər saatlarında idarə etdiyi “Mercedes Benz C180” minik markalı, ** KC *** dövlət qeydiyyat nişanlı avtomobillə Xaçmaz rayonundan “Meyvəli” Ticarət Mərkəzinə şoraba satmaq üçün gələrkən Lökbatan ərazisində polis əməkdaşları tərəfindən saxlanılmışdır. Polis əməkdaşı ona yaxınlaşaraq sənədlərini istəmiş, o, sənədlərini təqdim edərək saxlanılmağının səbəbini soruşduqda polis əməkdaşı cavab olaraq İXM-nin 329.3-cü maddəsinin tələblərinə zidd olaraq idarə etdiyi nəqliyyat vasitəsinin işığının yanmadığını, nasaz olduğunu və bununla da inzibati xəta törətdiyini bildirmişdir. O, polis əməkdaşına avtomobilin işıqlarının nasaz olmadığını bildirmişdir. Bundan sonra polis əməkdaşı ona içkili olub-olmamasını sorşmuş o isə bir gün əvvəl əlli qram araq içdiyini bildirmişdir. Sonra polis əməkdaşı alkotester vasitəsi ilə onun sərxoşluq vəziyyətini yoxlamışdır. O, polis əməkdaşına dünən hərbi xidmətdə olan oğlunun zəngi ilə əlaqədar axşam saatlarında az miqdarda, yəni əlli qram spirtli içki qəbul etdiyini bildirmişdir. Bu zaman polis əməkdaşı ona məsələni həll edəcəyini, onun əməlinin məsuliyyət yaratmadığını sadəcə imza etdikdən sonra onun dediyi məzmunda izahat yazmasını, həmin izahatdan sonra çıxıb gedə biləcəyəini bildirmişdir. O da polis əməkdaşına inanıb onun dediyi məzmunda “həkimə getməyə ehtiyac yoxdur, alkotesterin göstəricisi ilə razıyam spirtli içki qəbul etmişəm” yazıb imzalamışdır. Bundan sonra polis əməkdaşı onun barəsində sərxoşluqla bağlı protokol tərtib edərkən o aldadıldığını başa düşmüş və protokolu imzalamaqdan imtina etmişdir. Sonra orada olan əvvəllər tanımadığı taksi fəaliyyəti ilə məşğul olan digər sürücülər ona izah etmişlər ki, sərxoş deyidirsə təcili yenidən gedib müayinədən keçməlidir, əks halda o, sərxoş kimi məsuliyyət daşıyacaqdır. O şəhəri tanımadığından hara getməli olduğunu soruşduqda ona “Zığ” qəsəbəsində yerləşən Narkoloji Dispanserə getməli olduğunu bildirmişlər. Bundan sonra o, deyilən ünvana getmiş, lakin ona bildirmişlər ki, Nizami metrosunun yanında yerləşən Narkoloji Mərkəzə getməlidir. O, yenidən həmin deyilən yerə gəlmiş və xx.xx.2020-ci il tarixdə saat 12:00 radələrində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzində müayinə zamanı ayıq olduğu məlum olmuşdur. O, xx.xx.2020-ci il tarixdə avtomobili sərxoş vəziyyətdə idarə etməmişdir. Onun barəsində tərtib edilmiş protokol tamamilə əsassızdır. Barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda qeyd edilən məlumatlar həqiqəti əks etdirmir. Məhkəmədən göstərilənləri nəzərə alaraq barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Səlahiyyətli orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Bu səbəbdən də, məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında İXP ******* nömrəli protokoldan görünür ki, xx.xx.2020-ci il tarixdə saat 06:15-də müayinə olunan Şəxs spirtli içki qəbul etməsi müəyyən olunmuşdur. Həmçinin protokolda sürücü “həkimə ehtiyac olmadığını, alkotesterin göstərici ilə razı olduğunu və spirtli içki qəbul etdiyini” qeyd etmiş və protokolu imzalamışdır; tibbi müayinə protokoluna əlavə edilmiş xüsusi texniki vasitənin hesabatından görünür ki, xx.xx.2020-ci il tarixdə saat 06:15-də Şəxs sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrədən istifadə edilmiş, sonuncuda alkoqolun konsentrasiyası 0,3 promill həddindən artıq 0,405 promill olmuşdur; 2/11793 saylı, xx xxxxxx 2020-ci il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs ayıq olduğu müəyyən edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsiin izahatını dinləyib, iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsində rayon (şəhər) məhkəmələri bu Məcəllənin 157‒188, 190, 191.1, 195.1, 196, 197, 198.2, 198.3, 204, 205, 205-1.2, 206– 208, 211.1, 221, 227, 229, 232-1, 251.3, 253-1.1, 262, 263, 264.0.2, 264.0.3, 264.0.5, 267, 272.1, 272.3, 275.4, 275.5, 284.2, 286, 290.3, 295.6, 295.7, 296.2, 325.1, 326, 327.8, 332.4‒332.7, 333, 334, 335.5, 335.6, 337.5, 337.6, 338.7, 339.2‒339.5, 340.2, 341, 342.8, 342.9, 343, 349, 351, 351-1, 353.5, 361, 363, 363-1, 363-2, 368‒379, 381‒383, 387‒388-2, 393-1.2, 394.0.5 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının tikintisi zamanı tikinti norma və qaydalarının pozulmasına münasibətdə), 394.0.6 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının istismara verilməsi qaydalarının pozulmasına münasibətdə), 394.0.7 (müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun göstərişlərinə və qərarlarına əməl etməməsinə münasibətdə), 394-1, 395.1 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 395.1-1, 395.2 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 398, 399, 401‒404, 406‒409, 410.3, 411-1.2, 412, 413, 428.7, 428.10, 431, 432.3, 438.2, 438.3, 440-1, 441, 442, 443.1, 445-1, 448, 449, 451, 456, 459.1, 459.2, 459-1, 462 (siyasi partiyalara münasibətdə) 464‒466, 469.1 (auditorun peşə məsuliyyətinin icbari sığortasına münasibətdə), 479‒481, 482.1, 496.2, 499.2, 502‒504, 506‒508, 510, 511, 513, 515‒517, 517-1, 517-2, 520, 523, 525‒535, 537.1, 538-1, 540.5, 544.1, 547, 549‒554, 558‒561, 562.1, 562.2, 563.2, 567‒569, 571, 573, 574, 590‒592, 592-1, 594‒596, 598 (vəkillərə və auditor xidməti göstərən şəxslərə münasibətdə), 599‒602, 602-1 (müvafiq icra hakimiyyəti orqanı tərəfindən inzibati xətaların törədilməsinə münasibətdə), 603, 605, 606.1, 608 və 609-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. Azərbaycan Respublikası İXM-nin yuxarıda qeyd edilən maddələrinin tələblərindən də göründüyü kimi şəxs eyni vaxtda öz hərəkətləri ilə bir neçə inzibati xətanı törətdikdə əgər bu xətalar eyni orqanın səlahiyyətinə aiddirsə, ona daha ciddi inzibati tənbeh tətbiq ediləbilər. Göründüyü kimi Azərbaycan Respublikası İXM-nin 329.1-ci maddəsi ilə inzibati tənbeh tətbiq etmə səlahiyyəti rayon (şəhər) məhkəmələrinin deyil, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aiddir. Belə olan halda, İXM-nin 329.1-ci maddəsi ilə inzibati tənbeh tətbiq edilməsi istisna edilir. Odur ki, Şəxs İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikasının İXM-nin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 3.2.2-ci maddəsinə əsasən “Cinayətlərin və digər xətaların qarşısının alınması üçün tədbirlər görmək polisin əsas vəzifələrindəndir.” Həmin Qanunun 3.2.16-cı maddəsinə əsasən “Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görmək polisin əsas vəzifələrindəndir.” “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən “Yol hərəkəti haqqında Qanun yollarda nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz və rahat hərəkətini təşkil etmək məqsədi ilə kompleks tədbirlər həyata keçirilməsi, yol hərəkəti ilə bağlı insanların həyatının və sağlamlığının qorunması, ətraf mühitin, xüsusi, bələdiyyə və dövlət əmlakının mühafizəsi, yol-nəqliyyat hadisələrinin qarşısının alınması və onların ağırlıq dərəcəsinin aşağı salınması üçün tədbirlər görülməsinin hüquqi əsaslarını və bu sahədə dövlətin, habelə yol hərəkəti iştirakçılarının hüquqlarını və vəzifələrini müəyyən edir.” Həmin Qanunun 6.2.1-ci maddəsinə əsasən “Yol hərəkəti sahəsində fiziki şəxslərin yol hərəkətinin təşkili, onun təhlükəsizliyini təmin etmək, ətraf mühitin mühafizəsi ilə bağlı tələblərə və yol hərəkəti qaydalarına əməl etmək vəzifəsi vardır.” Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.” Azərbaycan Respublikasının İXM-nin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 06:15-də Şəxs avtomobili təhlükəsizlik kəməri bağlanılmadan idarə etməsi səbəbindən yol-patrul xidməti əməkdaşları tərəfindən saxlanılmış, saxlanıldıqdan sonra onun nəqliyyat vasitəsinin alkoqoldan istifadə edərək sərxoş vəziyyətdə idarə etdiyi müəyyən edilmiş və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokoltərtib edilmişdir. Məhkəmə iclasında Şəxs alkoqol sərxoşluğunun dərəcəsinin aşkar edilməsi məqsədi ilə sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinədən keçirilmədiyini, onun sərxoşluq vəziyyətinin həmin vəziyyəti təyin edən xüsusi texniki vasitədən (alkotesterdən) istifadə edilməklə müəyyən edildiyini, həmin alkotetesterdən polis əməkdaşlarının sözlərinə aldanaraq müayinədən keçdiyini, hadisədən 6 saata yaxın müddət sonra saat 12:30-da özünün sərxoşluq vəziyyətinin tibbi müayinəsindən keçdiyini və həmin müayinənin nəticələrinə görə onun sərxoş olmadığının müəyyən edildiyini qeyd etmişdir. Məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs yol-patrul xidməti əməkdaşları tərəfindən saxlanıldıqdan sonra onun sərxoşluq vəziyyəti xüsusi texniki vasitədən (alkotester) istifadə etməklə müəyyən edilmişdir. Bu barədə protokol tərtib edilmiş və həmin protokolda Şəxs özü nəqliyyat vasitəsini alkoqoldan istifadə edərək sərxoş vəziyyətdə idarə etdiyini qeyd etmişdir. Məhkəmə inzibati xəta törətmiş şəxsin sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinədən keçirilməməsi məsələsinə münasibətdə qeyd edir ki, qanunvericiliyə əsasən nəqliyyat vasitəsini idarə edən şəxs sərxoş vəziyyətdə olub-olmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır. Hazırki iş üzrə isə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin sərxoşluq vəziyyətinin xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etməsi və ya xüsusi texniki vasitə ilə müəyyən edilmiş müayinənin nəticəsi ilə razılaşmaması iş materiallarında öz əksini tapmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, xx xxxxxx 2020-ci il tarixdə, saat 06:20 radələrində Şəxs xüsusi texniki vasitədən (alkotesterdən) istifadə edilməklə sərxoşluq vəziyyəti müəyyən edilərkən onun sərxoşluq dərəcəsi 0,405% promil olması müəyyən edilmişdir. Daha sonra həmin tarixdə saat 12:30 radələrində Şəxs özü sərxoşluq vəziyyətinin tibbi müayinəsindən keçərkən həmin müayinənin nəticəsi olaraq onun ayıq olduğu müəyyən edilmişdir. Bununla bağlı qeyd edilməlidir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Həmçinin qeyd edilməlidir ki, nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir və bu ya dövlət tibb müəssisəsinin həkim-narkoloqu tərəfindən, ya da polis əməkdaşı tərəfindən müayinənin nəticəsini kağız daşıyıcıda əks etdirən texniki vasitələr vasitəsilə həyata keçirilir. Xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinin tələblərinə əsasən həmin maddə ilə məsuliyyət şəxsin sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etməsinə görə müəyyən edilmişdir. Yəni bu o deməkdir ki, nəqliyyat vasitəsini idarə edən şəxs yoxlama anında sərxoş olduğu təqdirdə onun əməlində həmin maddənin tərkibi yaranmış olur. Göründüyü kimi, Şəxs məhkəmə iclasında xx.xx.2020-ci il tarixdə gecə saatlarında içki qəbul etməsi və səhər onda sərxoşluq halının ola bilməməsi ilə bağlı səsləndirdiyi fikirləri təkzib edilir. Azərbaycan Respublikası İXM-nin 96.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir. Həmin şəxs sərxoş vəziyyətdə olub-olmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır. Azərbaycan Respublikasının İXM-nin 333.1-ci maddəsinə əsasən “Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır.” Azərbaycan Respublikasının İXM-nin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və ona adıçəkilən maddənin sanksiyasının həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlməsi məqsədəmüvafiqdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 400 (dörd yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar