Məhkəmə qərarları › İş №3(002)-47/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-47/2023

11.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-47/2023 11.01.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ rayon icra şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxx 1994-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Musayev X3 rayon Məhkəməsinin 2(002)-3345/2016 saylı, 20 may 2016-cı il tarixli icra vərəqəsini üzrlü səbəb olmadan icra etmədiyinə görə barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibatı material baxılması üçün məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon icra şöbəsinin icra məmuru X2 protokolu müdafiə edərək bildirmişdir ki, Bakı Şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-3345/2016 saylı, 20 may 2016-cı il tarixli məhkəmə əmrinə əsasən xx xxx 1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Sahil qəsəbəsi, Z.Qasımov küçəsi, 52 saylı evin 2 saylı mənzilində pasport qeydiyyatında olan və yaşayan Şəxs 2153, 82 manat əsas borc, 301,66 manat faiz borcu, 600 manat cərimə borcu və dövlət rüsumu üçün ödənilmiş 20 manat məbləğində pul vəsaiti olmaqla cəmi 3075,48 manat məbləğində pul vəsaitinin tutularaq "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. İcra sənədi icraata daxil oldqudan sonra tələbin könüllü icrası haqqında bildirişlə borcluya göndərilmişdir. Borclu indiyədək hüquqi şəxsə olan 3075,48 manat borcundan 292,48 manat ödəniş etmiş, 2783 manat borcu isə qalmaqdadır. Buna görə də borclu barəsində İXM-nin 528.1-ci maddəsi ilə 11 yanvar 2023-cü il tarixli MN ******* saylı protokol tərtib etmiş və borclunu inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. O öz izahatında daha sonra göstərmişdir ki, borclu icra məmurunun çağırışlarına vaxtlı-vaxtında gəlib-gedir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında göstərmişdir ki, icra vərəqəsindən məlumatı vardır. Həmin borcu "xxxx" ASC-dən dostu üçün göürmüş və dostunun həmin borcu ödəyəcəyinə inanmışdır. Özü narkomaniya xəstəliyindən əziyyət çəkməklə könüllü şəkildə müalicə alır. Belə ki, narkomaniyadan müalicə məqsədilə reablitasiya mərkəzində 2022-ci ilin avqustundan qeydiyyatdadır. Bu səbəbdən indiyədək işləmək və borcunu ödəmək imkanı olmamışdır. Odur ki, bütün bunların, həmçinin ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasının, borcunu ödəməkdən qəsdən yayınmamasının, icra məmurunun çağırışlarına vaxtı-vaxtında gəlməsinin də nəzərə alınaraq inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını və icra işini nəzərdən keçirərək, hesab edir ki, borclu Şəxs əməlində hazırki vaxtda inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı borclunun yaranmış borcunu ödəməkdən qəsdən yayınmasına və eləcə də icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamasına dair heç bir hal müəyyən edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında məsələ üzrə qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barədə şübhələr onun xeyrinə həll edilir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanmış inzibati xəta haqqında icraata xitam verilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar