Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-471/2025 09.04.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Daxili İşlər Nazirliyi BDYPİ-nin nümayəndəsi X2 iştirakları ilə, Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli EQ/26663063 saylı inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli EQ/26663063 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixdə ** UA *** dövlət nömrə nişanlı, Changan Qiyuan A 05 markalı avtomobili idarə etmək üçün, avtomobil mülkiyyətçisi tərəfindən ona etibarnamə verilmişdir. Həmin avtomobillə taksi kimi fəaliyyət göstərərkən normal qazanc əldə edə bilmədiyindən avtomobili təxminən 1 həftə sonra sahibinə qaytarmışdır. Sonradan ona SMS radar sistemi ilə məlum olur ki, guya o, həmin avtomobili xx.xx.2025-ci ildə saat 18.03-də Qaradağ rayonu, Lökbatan dairəsi 2 ünvanında idarə edib park etmiş, buna görə də 400 manat cərimə olunmuşdur. Qeyd edilən tarixdə avtomobil onun tərəfindən idarə edilməmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edib qərar qəbul edən qurum, yalnız avtomobilin parklanmış vəziyyətdə kamera vasitəsilə çəkilmiş fotoşəklini əlavə edib (həmin foto şəkildə heç nəqliyyat vasitəsinin dövlət nömrə nişanı belə görsənmir), həmin fotoşəkildə nə sükan arxasında, nə avtomobilin yaxınlığında o, görsənmir. O, nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasından sonra hər hansı bir nəqliyyat vasitəsi idarə etməmişdir. ** UA *** dövlət nömrə nişanlı avtomobili 14 mart 2025-ci il tarixdə kimin idarə etməsi barədə də heç bir məlumatı yoxdur. Beləliklə barəsində İXM-nin 332.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmağı ilə bağlı qəbul edilmiş qərar əsassızdır. Göstərilənləri nəzərə alaraq, Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli EQ/26663063 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə şikayət vermiş şəxsə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasın şikayət vermiş şəxsin iştirakı olmadan keçirilməsini mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Daxili İşlər Nazirliyi BDYPİ-nin nümayəndəsi X4 çıxışında şikayətlə bağlı yekun qərarın qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli EQ/26663063 saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixdə qeydə alınmış foto görüntülərdən aydın olur ki, barəsində inzibati xəta haqqında protokol tərtib edib qərar qəbul edən orqan yalnız avtomobilin parklanmış vəziyyətdə kamera vasitəsilə çəkilmiş fotoşəklini qeydə almışdır. Həmin görüntülərdə nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı və həmin vaxt sükan arxasında olan sürücünün surəti əks olunmamışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmalıdır. Belə ki, materiala əlavə edilmiş görüntülərdən inzibati xətanı törətmiş şəxsin kim olması müəyyən edilməmişdir. Səlahiyyətli orqanın nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilsə də, inzibati xətanın X5 tərəfindən törədilməsini təsdiq edəcək hər hansı dəlil təqdim olunmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə o, təqsirsiz hesab edilir. inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir və inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən isə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, iş üzrə inzibati xəta hadisəsi olmadığından şikayət təmin olunmalı və Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli EQ/26663063 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və Azərbaycan Respublikası İXM-nin 53.2-ci maddəsinin tələblərinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin olunsun. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli EQ/26663063 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində apellyasiya şikayəti verilə bilər. Hakim: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-471/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-471/2025
09.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver