Məhkəmə qərarları › İş №3(002)-477/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-477/2025

02.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-477/2025 02.04.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, Rəhimov Arif Rəfail oğlunun katibliyi, X2 iştirakı ilə, xx.xx.1984-cü il tarixdə Masis rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Xızı rayonu, Yeni Yaşma kəndində qeydiyyatda olan və yaşayan X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 26615377 saylı qərardan şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 26615377 saylı qərardan şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ 26615377 saylı inzibati xəta haqqında qərarı əsasında İXM-nin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 600 manat məbləğində cərimə edilmişdir. Qəbul edilmiş qərarla razı deyildir və barəsində qəbul edilmiş qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, xx.xx.2025-ci il tarixdə, saat 02:52-də etibarnamə əsasında idarə etdiyi Scania R420 Yük markalı, ** UQ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Goranboy rayonundan Bakı istiqamətində hərəkətdə olarkən Qaradağ rayonu, Səngəçal qəsəbəsi ərazisində SMS radar tətbiqindən və Asanpay elektron sistemindən telefonuna İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə 600 manat məbləğində cərimələndiyi haqqında SMS daxil olmuşdur. Cərimə yazılmasına səbəb kimi idarə etdiyi yük avtomobilinin yüklə birlikdə kütləsinin Nazirlər Kabinetinin 07 iyul 2009-cu il tarixli, 104 №li qərarı ilə müəyyən edilmiş (Yəhərli avtoqatarlar üçün 40 ton) həddən artıq olduğu göstərilmişdir. Elektron qərarda göstərildiyinə görə həmən anda idarə etdiyi avtomobilin yüklə birlikdə kütləsi 42 ton 790 kq olmuşdur. Qərarla razı deyildir və qərarın əsassız olduğu qənaətindədir. Belə ki, idarə etdiyi avtomobilin xx.xx.2025-ci il tarixində, saat 20:50-də Goranboy rayonu ərazisində yerləşən "xxxx" ASC-yə məxsus olan zavodda yüklə doldurulmuş, həmən vaxt yükün miqdarı zavoda məxsus olan elektron tərəzi vasitəsi ilə müəyyən edilmişdir. Bu zaman avtomobilin yüklə birlikdə ümumi kütləsinin qanunvericiliyə uyğun olması üçün çalışmışdır. Bunun üçün avtomobili yarı yüklü olduğu halda tərəziyə qaldırmış, yükün qalan hissəsini tərəzi üzərində, tərəzinin göstəricisini nəzarətdə saxlayaraq yükləyici vasitəsi ilə yüklətdirmişdir. Goranboy rayonu ərazisində yerləşən "xxxx" ASC-də yüklənən yük xx.xx.2025-ci il tarixində, saat 02:13-də Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən "xxxx" MMC-yə məxsus zavoda təhvil verilmişdir. Yükün təhvil verilməsi zamanı idarə etdiyi nəqliyyat vasitəsi elektron tərəzi üzərinə qaldırılmış, avtomobilin yüklə birlikdə kütləsinin 40 ton 60 kq olduğu müəyyən edilmişdir. Bu hal "xxxx" MMC-yə məxsus tərəzidən verilmiş 72268 nömrəli tərəzi qəbzində də öz əksini tapmışdır. Görüldüyü kimi həm yükləmə yerində, həm də yükün təhvil verilmə yerində tərəzi qəbzləri 80 kq fərqlə bir-birinə uyğundur, hər iki qəbz idarə etdiyi avtomobilin ümumi kütləsinin 40 tondan aşağı olduğu göstərir. Əlavə olaraq bildirir ki, İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 28 iyun 2024-cü il tarixli 1191- VİQD №li qərarının 7.2-ci bəndinə əsasən İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində dəyişiklik edilmiş və həmən maddəyə “İcazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5% və daha artıq aşmaqla” əlavəsi olunmuşdur. Buna əsasən Nazirlər Kabinetinin 104 №li qərarında Yəhərli Avtoqatarlar üçün göstərilən 40 ton həddi üçün 2 tona (40 ton + 5%) qədər güzəşt həddi müəyyən edilmişdir. O, avtomobilin yüklənməsi zamanı bu güzəşt həddindən də istifadə etməmiş, qanunvericilikdə nəzərdə tutulandan 2 ton az yük yükləmişdir. Göründüyü kimi həm alıcı, həm də satıcı tərəfindən elektron tərəzilər quraşdırılmışdır. Hər 2 tərəfin də tərəziləri bir-birinə uyğundur. Son vaxtlar sürücülər və sahibkarlar tərəfindən elektron tərəzilərin qərarları ilə bağlı bir çox məhkəməyə şikayət edilmiş və dəfələrlə məhkəmələr şikayətləri təmin edərək AYNA-ya məxsus elektron tərəzilərin səhvə yol verdiyini təsdiqləmişdir. Ona görə də o, həmin qərarı qanunsuz və əsassız hesab edir, onun ləğv edilməsini tələb edir. Qeyd edilənlərə əsasən barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 26615377 saylı qərarın ləğv edilməsini və işin icraatına xitam verilməsini xahiş edir. Məhkəmə iclasında X4 şikayəti müdafiə edərək barəsində qəbul edilmiş xx.xx.2025ci il tarixli, EQ 26615377 saylı qərarın ləğv edilməsini və işin icraatına xitam verilməsini xahiş etmişdir. İnzibati xəta haqqında qərarı tərtib edən orqan işə baxılmasının yeri və müddəti barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndənin iştirakını təmin edilməmiş və səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə AR İXM-nin 112.1.4-cü maddəsinə əsasən İnzibati xəta haqqında qərarı tərtib edən orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş DİN-in BDYPİ-nin xx.xx.2025-ci il tarixli, EQ 26615377 saylı qərarın surətindən aydın olur ki, vətəndaş X4 xx.xx.2025-ci il tarixli, EQ 26615377 saylı qərara əsasən M-2, 47.9 km Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Bakı istiqamətində 13 mart 2025-ci il tarixdə, saat 00:52-də “Scania R420 Yük” markalı, ** UQ *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə İXM-nin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 600 manat məbləğində cərimə edilmişdir. Həmin cərimənin yazılmasına əsas olunmuş fotoşəkildən aydın olur ki, “Scania R420 Yük” markalı, ** UQ *** dövlət qeydiyyat nişanlı avtomobil 13 mart 2025-ci il tarixdə, saat 00:52-də M-2, 47.9 km Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Bakı istiqamətində tərəzidən keçərkən limit 40000 kiloqram olduğu halda daşıdığı yüklə birlikdə avtomobilin ümumi çəkisi 42790 kq olmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 26615377 saylı qərar əsassız olduğundan ləğv edilməli və X4 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, DİN-in BDYPİ qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmalarına baxmayaraq nümayəndə məhkəmə iclasına gəlməmiş və iş üçün əhəmiyyət kəsb edən sənədləri, habelə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin irəli sürdüyü dəlil və faktları təkzib edəcək hər hansı sübutu məhkəməyə təqdim etməmişlər. Bundan başqa şikayətçinin məhkəməyə təqdim etdiyi "xxxx" MMC-dən ona verilmiş 13 mart 2025-ci il tarixli, qaimədən aydın olur ki, 12 mart 2025-ci il tarixdə, saat 20.35 radələrində sürücünün idarə etdiyi ** UQ *** dövlət qeydiyyat nişanlı avtomobilə 12880 kiloqram gips daşı yüklənmiş və avtomobilin brutto çəkisi, yəni yüklə birlikdə çəkisi 40140 kiloqram olmuşdur. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, X3 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə bağlı hər hansı bir hərəkət və hərəkətsizlik olmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 iyul 2009-cu il tarixli, № 104 saylı Qərarına əsasən ikioxlu dartıcı üçoxlu yarımqoşquya qoşulmaqla kombinə edilmiş nəqliyyat vasitələri üçün icazə verilən maksimum kütlə parametri 40 tondur. Məhkəmə qeyd edir ki, X1 təyinatı üzrə etibarnamə əsasında idarə etdiyi Scania R420 Yük markalı, ** UQ *** dövlət qeydiyyat nişanlı avtomibinilin hərəkət zamanı brutto çəkisi 40 tondan yuzarı, yəni 41140 kiloqram olsa da, o, nəqliyyat vasitəsini qanunla nəzərdə tutulmuş çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla yəni, (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) idarə etməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir Həmin Məcəllənin 134.1.3-cü maddəsinin tələbindən aydın olur ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8, 114, 115, 128-131-ci və 134-cü maddələrini rəhbər tutaraq, məhəkmə QƏRARA ALDİ: X2 şikayəti təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 26615377 saylı qərar ləğv edilsin və X4 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-nə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar