Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-479/2023 28.03.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 11-ci PB-nin sahə inspektoru, polis baş leytenantı X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, M.ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə toplanmış inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında materiala əsasən, Şəxs 27 mart 2023-cü il tarixdə, saat 15:00 radələrində Baş Ələt qəsəbəsi, Füzuli küçəsi, ev 33, mənzil 17 ünvanında ictimai qaydanı pozaraq fiziki şəxslər üzərində zor tətbiq olunması ilə hərəkətlər etmiş və polisin qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 11-ci PBnin sahə inspektoru, polis baş leytenantı X4 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Füzuli küçəsi, ev 33, mənzil 17 ünvanında yaşayan X3 Azərbaycan Respublikası 102 xidməti zəng mərkəzinə müraciət edərək, oğlu Şəxs evin əşyalarını satmasını və onlarla münaqişə yaratmasını bildirmişdir. Məlumat daxil olduqdan sonra əməliyyat qrupunun üzvləri ilə birlikdə hadisə yerinə yaxınlaşmışlar. Orada olan zaman Şəxs polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədərək, onların qanuni tələblərinə tabe olmamışdır. Dəfələrlə nizam-intizama dəvət etsələr də, o, kobud hərəkətlərini davam etdirmiş və qaçmağa cəhd göstərmişdir. Bu hərəkətləri ilə İXM-nin 510-cu və 535.1-ci maddələrinin tələblərini pozduğundan barəsində müvafiq protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Həmçinin, Qaradağ RPİ-nin 11-ci PB-nin sahə inspektoru X4 məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, tərəfindən tərtib edilmiş protokolu müdafiə edir, Şəxs barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, 27 mart 2023-cü il tarixdə oğlu Şəxs spirtli içki aludəçisi olduğundan ona məxsus evin əşyalarını ondan xəbərsiz satmışdır. Bundan əlavə ailə üzvləri ilə mütəmadi mübahisələr yaradaraq, yaşadıqları evin həyətində, qonşuların eşidə biləcəyi yüksək səslə onun ünvanına nalayiq ifadələr səsləndirdiyindən “102” xidməti zəng mərkəzinə bu barədə məlumat vermişdir. Oğlu Şəxs spirtli içki qəbul etmək məqsədilə tanışlarını ona məxsus evə toplayaraq, onun özünə məxsus evinə daxil olmasına maneə yaratdığını oğlundan şikayətçi olduğunu nəzərə alaraq, Şəxs barəsində ciddi tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, 27 mart 2023-cü il tarixdə anası Zərərçəkmiş şəxs “102” xidməti zəng mərkəzinə onunla mübahisə etməsi barədə məlumat vermişdir. Həmin vaxt onun barəsində şikayət daxil olduğu üçün 11-ci PB-nin əməkdaşları onun yaşadığı evə yaxınlaşmışlar. Bu zaman o, sərxoş olduğu üçün polis əməkdaşlarının evə daxil olmasına etiraz etmiş, onların ünvanına nalayiq ifadələr işlətmiş və polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Həmçinin bildirmişdir ki, 27 mart 2023-cü il tarixdə, saat 15:40-da polis əməkdaşları tərəfindən Polis Bölməsinə gətirilərkən hüquq və vəzifələri ona izah edilmiş, müdafiəçinin pulsuz hüquqi yardımından istifadə etmək hüququ izah edilsə də, bundan özü imtina etmiş, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla və ona əlavə edilmiş materiallarla tanış olmuş, işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmamış, ona heç bir fiziki təzyiq və zorakılıq göstərilməmişdir. Polis əməkdaşlarının xidməti nəqliyyat vasitəsinə minmək istəməmiş və özünü xidməti avtomaşının dəmir barmaqlığına vuraraq qapını açmağa cəhd göstərsədə istəyinə nail ola bilməmişdir. Tutulduğu və harada saxlanıldığı barədə ailə üzvlərinə məlumat verilmişdir. Əlilliyi olan şəxs deyildir. Həmçinin Şəxs əməlindən peşman olduğunu, sərxoş olduğu üçün polis əməkdaşlarına qarşı kobudluq nümayiş etdirdiyini bildirmiş, bir daha analoji əməllərə yol verməyəcəyini nəzərə alaraq, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müdafiəçi Vəkil çıxışında bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxsin törətdiyi əməli səmimi etiraf etdiyini nəzərə alaraq onun barəsində həbslə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şahid Qaradağ RPİ-nin 11-ci PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili X2 izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Füzuli küçəsi, ev 33, mənzil 17 ünvanında yaşayan X3 Azərbaycan Respublikası “102” xidməti zəng mərkəzinə müraciət edərək, oğlu Şəxs evin əşyalarını satmasını və onlarla münaqişə yaratmasını bildirmişdir. Məlumatın araşdırılması məqsədi ilə əməliyyat qrupunun üzvləri ilə birlikdə hadisə yerinə getmişlər. Həmin ünvanda Şəxs sərxoş halda olmuş, polis əməkdaşları ilə kobud rəftar edərək ünvanlarına nalayiq ifadələr işlədib həyətlərindən çıxmalarını tələb etmişdir. Onu nizam intizama dəvət edərək qanuni tələblərinə tabe olmasını bildirdikdə o, yenidən müqavimət göstərmiş, onları kənara itələyib qaçmaq istəmişdir. Polis əməkdaşları fiziki qüvvə tətbiq edərək onu avtomaşına əyləşdirib polis bölməsinə gətirmişlər. Polis Bölməsinə gətirilərkən Şəxs yolda özünü xidməti avtomaşının dəmir barmaqlığına vuraraq qapını açmağa cəhd göstərmiş, özüözünə xəsarət yetirməklə onları şərləyəcəyini bildirmişdir. Çətinliklə olsa da o, polis bölməsinə gətirilmiş, oraya daxil olarkən başını divara və saxlama kamerasının dəmir qapısına vuraraq özünə xəsarət yetirmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Qaradağ RPİ-nin 11-ci PB-nin əməliyyat müvəkkili Ş.Nadirli tərəfindən tərtib edilmiş 27 mart 2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, ünvan 2 ünvanında yaşayan X3 Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə müraciət edərək oğlu Şəxs evin əşyalarını satmasını və onlarla münaqişə yaratmasını bildirmişdir. Məlumatın araşdırılması məqsədi ilə əməliyyat qrupunun üzvləri ilə birlikdə hadisə yerinə yəni Ələt qəsəbəsi, ünvan 3 ünvanda Şəxs sərxoş halda onların qarşısına çıxmış, onların evinə gəldiklərinə görə polis əməkdaşları ilə kobud rəftar edərək ünvanlarına nalayiq ifadələr işlədib həyətlərindən çıxmalarını tələb etmişdir. Onu nizam-intizama dəvət etmiş, hərəkətlərinə fikir verməsini bildirmişlər. Lakin buna baxamayaraq Şəxs kobud hərəkətlərini davam etdirib onları itələyərək həyətdən çıxmalarını tələb etmişdir. Onu yenidən nizam intizama dəvət edərək qanuni tələblərinə tabe olmasını bildirdikdə o, yenidən müqavimət göstərmiş, onları kənara itələyib qaçmaq istəmişdir. Polis əməkdaşları onu saxlayıb 11-ci PB-nə gətirmək istəyərkən o, gəlməyəcəyini bildirib qaçmaq üçün dartınmışdır. Lakin buna baxmayaraq onu növbətçi hissənin xidməti avtomaşınına əyləşdirərkən Şəxs maşına minmək istəməmiş, ayaqlarını qapıya dirəyib qaçmağa cəhd göstərmişdir. Polis əməkdaşları fiziki qüvvə tətbiq edərək onu avtomaşına əyləşdirib PB-nə gətirmişlər. PB-yə gətirilərkən Şəxs yolda özünü xidməti avtomaşının dəmir barmaqlığına vuraraq qapını açmağa cəhd göstərib özü-özünə xəsarət yetirməklə onları şərləyəcəyini bildirmişdir. Çətinliklə olsa da o PB-nə gətirilmiş, PB-yə daxil olarkən başını divara və saxlama kamerasının dəmir qapısına vuraraq özünə xəsarət yetirmişdir. Odur ki, Şəxs barəsində qanuni tədbir görülməsi üçün göstəriş verilməsi xahiş edilmişdir. İş materiallarında olan 27 mart 2023-cü il tarixli aktdan görünür ki, Şəxs xx.xx.2023cü il tarixdə 11-ci Polis Bölməsinə gətirilmişdir. Şəxs polis bölməsinə gətirilərkən növbətçi hissənin qarşısında polisin ünvanına nalayiq küçə söyüşlər söymüş dəfələrlə nizam intizama dəvət edilməsinə baxmayaraq öz əməllərinə davam edərək özünü divarlara, qapıya vurmuş, növbətçi hissənin iş rejimini pozmuşdur. İş materiallarında olan tutma haqqında 27 mart 2023-cü il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 15:40 radələrində tutulmuşdur. İş materiallarında olan sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə haqqında 27 mart 2023-cü il tarixli, 2/9166 nömrəli protokoldan görünür ki, hadisə zamanı Şəxs orta dərəcəli sərxoş olmuşdur. İş materiallarında olan 27 mart 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 27 mart 2023-cü il tarixdə, saat 15:00 radələrində Baş Ələt qəsəbəsi, Füzuli küçəsi, ev 33, mənzil 17 ünvanında ictimai qaydanı pozaraq fiziki şəxslər üzərində zor tətbiq olunması ilə hərəkətlər etmiş və polisin qanuni tələbinə tabe olmamış və bununla da, Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Azərbaycan Respublikasının İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs 27 mart 2023-cü il tarixdə Baş Ələt qəsəbəsi, ünvan 4 ünvanına nalayiq ifadələr səsləndirmiş, onlarla səbəbsiz mübahisələr yaradaraq onlara qarşı zor tətbiq etmiş və polis əməkdaşı tərəfindən polis bölməsinə dəvət olunarkən ünvansız nalayiq ifadələr işlətmiş, polis əməkdaşı ona inzibati xətaya yol verməməsini bildirmiş, lakin o, polisin tələbinə tabe olmayaraq öz hərəkətlərini davam etdirmişdir. Həmin şəxs dəfələrlə nizam-intizama dəvət edilsə də sonuncu buna məhəl qoymayaraq polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Beləliklə, törətdiyi inzibati xəta əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, özünün, zərərçəkmiş şəxsin və şahidin məhkəmə iclasında verdiyi ifadələrlə və digər iş materialları ilə onun nalayiq söyüşlər söyməklə ictimai qaydanı pozması və bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi, həmçinin, polis əməkdaşlarının dəfələrlə etdiyi çağırışlara baxmayaraq öz qanunsuz hərəkətlərini davam etdirməsi və bununla da, həmin Məcəllənin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən həmin Məcəllənin 510 və 535.1-ci maddələri ilə tövsif edilməlidir. Qeyd edilən əməllərin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İXM-nin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən Şəxs səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 33-cü maddəsinə əsasən səlahiyyətli şəxsin hüquqazidd hərəkəti dayandırmağı tələb etməsinə baxmayaraq, Şəxs tərəfindən həmin hərəkətləri davam etdirməsi və inzibati xətanı sərxoş halda törətməsi məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinməli və həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən onun barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli şəxsin hüquqlarının faktiki məhdudlaşdırıldığı andan, yəni 27 mart 2023-cü il tarixdən saat 15:40dan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Məhkəmə həmçinin hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Vəkil dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Vəkil məhkəmədə iştirak etdiyi 2 saata görə 12 (on iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 43, 106-112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1, 510 və və 535.1ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin və həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən onun barəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 27 mart 2023-cü il tarixdən saat 15:40dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılma mərkəzinə və Qaradağ Rayon Polis İdarəsinə həvalə edilsin. Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Vəkil məhkəmədə iştirak etdiyi 2 saata görə 12 (on iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər Hakim: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-479/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-479/2023
28.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver