Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-48/2023 23.01.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X5 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2, Şikayət verən şəxs X1 iştirakları ilə, X1 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X5 və Təbii Sərvətlər İdarəsinin 15 dekabr 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 şikayətlə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respulikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X5 və Təbii Sərvətlər İdarəsinin rəisi, X3 tərəfindən qəbul edilmiş 15 dekabr 2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respulikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X5 və Təbii Sərvətlər İdarəsinin 30 noyabr 2022-ci il tarixli, MN ******* saylı protokolun surətindən və 15 dekabr 2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından aydın olur ki, vətəndaş X4 25 noyabr 2022-ci il tarixdə ünvan 1 ünvanında yerləşən iaşə obyektinin qarşısından bir ədəd zeytun ağacını qanunsuz olaraq çıxarıb digər yerə köçürmüş və nəticədə Azərbaycan Respublikası İXM-nin 253-1.2.2-ci maddəsinə əsasən 1000 (min) manat məbləğində cərimə edilmişdir. Məhkəmə iclasında iştirak edən X4 öz izahatında verdiyi şikayəti müdafiə edərək göstərmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı RETSİ-nin rəisi X3 tərəfindən 15 dekabr 2022-ci il tarixli MN ******* saylı qərar qəbul edilərək o, İXM-nin 253-1.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 1000 manat məbləğində cərimə edilmişdir. Qəbul edilmiş qərarla razı deyil, aşağıdakı səbəblərə görə barəsində qəbul edilmiş qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Barəsində tərtib edilmiş 30 noyabr 2022-ci il tarixli MN-1494714 saylı protokolda qeyd edilmişdir ki, 25 noyabr 2022-ci il tarixdə ünvan 2 ünvanında yerləşən iaşə obyektinin qarşısında 01 ədəd, təxminən iki-üç metr hündürlüyündə olan zeytun ağacının qanunsuz olaraq çıxarılıb digər tərəfə köçürülməsi aşkar edilmişdir. Həmin ağac ona məxsus olan qeyri-yaşayış sahəsinə giriş-çıxışa maneə yaratdığı, ona məxsus iaşə obyektinə çox yaxın əkildiyindən həmin binada çatlar yaratdığı və iaşə obyektinə məxsus pəncrənin birbaşa qarşısında olmaqla işıqlanma rejimini pozduğu üçün onun yerini təxminən 10 metr kənara çəkmişdir. Bu işi görərkən qeyd olunan ağacın naməlum şəxs (şəxslər) tərəfindən onun işdə olmadığı vaxt, naməlum vaxtda əkildiyi üçün kimdən icazə almalı olduğunu bilməmişdir. Ekologiyadan əməkdaşlar gələndə onlara ağacın yerini göstərmiş və hazırda ağaca qulluq olunduğunu və ona heç bir ziyan dəymədiyini bildirmişdir. Bu gün də həmin ağac tam qaydasında olmaqla normal inkişafını davam etdirir. Protokoldan da göründüyü kimi ağacın yerinin dəyişdirilməsi 25 noyabr 2022-ci ildə aşkar edilsə də inzibati protokol 30 noyabr 2022-ci ildə tərtib edilmişdir. Barəsində protokol yazılmasına etiraz etmiş və imza etməkdən imtina etmişdir. Protokol tərtib edilərkən o etirazını bildirmişdir ki, o, ağacı götürməmişdir, yerini dəyişdirmişdir. Bu hal öz təsdiqini tapmış və protkolda da ağacın götürülməsi deyil, çıxarılıb digər tərəfə köçürülməsi qeyd edilmişdir. Ağacın çıxarılıb digər yerə köçürülməsinə görə inzibati məsuliyyət yoxdur. Ona bildirmişlər ki, bu barədə araşdırma aparılacaqdır. İnzibati araşdırma aparılması üçün o rəsmi olaraq 16 dekabr 2022-ci il tarixə, saat 10:00-a Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə dəvət edilsə də artıq barəsində 15 dekabr 2022-ci il tarixdə qərar qəbul edilmişdir. Əgər onun barəsində 15 dekabr 2022-ci il tarixdə qərar qəbul edilmişdirsə 16 dekabr 2022-ci il tarixdə hansı araşdırma aparılacaqdır. Həmin məktubun da surəti ona 17 dekabr 2022-ci il tarixdə gəlmişdir. Bu bir daha onu göstərir ki, həmin təşkilat onun inzibati araşdırmada iştirak etməyində maraqlı olmamış, öz subyektiv mülahizələri əsasında qərar qəbul etmişlər. Belə ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı RETSİ-nin rəisi X3 tərəfindən qəbul edilmiş qərarda isə İnzibati Xətalar Məcəlləsi təhrif olunaraq onun ünvan 3 ünvanında bir ədəd zeytun ağacının yaşıllığın götürülməsi vərəqi olmadan götürülməsi, mötərizədə isə (köçürülməsi) qeyd edilmiş, İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmayan hərəkətə görə inzibati məsuliyyətə cəlb edilmişdir. Halbuki Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə qeyd edilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Ağacın çıxarılıb digər yerə köçürülməsinə görə inzibati məsuliyyət yoxdur. İnzibati Xətalar Məcəlləsində götürülmüş yaşıllıqların yerinin dəyişdirilməməsinə və ya bərpa edilməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Tərtib edilmiş inzibati protokoldan da görünür ki, o, ağacın yerini dəyişdirmişdir. Bu halda da o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Azərbaycan Respublikası İXM-nin 253-1.2.2-ci maddəsində yaşıllıqların müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı, yaxud yaşıllığın götürülməsi vərəqi olmadan götürülməsinə görə inzibati məsuliyət daşınması nəzərdə tutulur. Azərbaycan Respublikası İXM-nin 253-1.3-cü maddəsində götürülmüş yaşıllıqların yerinin dəyişdirilməməsinə və ya bərpa edilməməsinə, yaxud zədələnmiş və ya məhv edilmiş yaşıllıqların və ya onların hissələrinin bərpa edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Göründüyü kimi maddədə yaşılığın götürülməsi üçün məsuliyyət nəzərdə tutulmuşdur. O, isə həmin ağacı götürməmişdir, başqa yerə köçürmüşdür. Barəsində tərtib edilmiş protokolda da qeyd edilir ki, onun tərəfindən bir ədəd zeytun ağacı çıxarılaraq digər tərəfə köçürülmüşdür. Bundan sonra ağaca lazimi qulluq göstərilmiş və həmin zeytun ağacı hal-hazırda normal vəziyyətdə inkişaf etməkdədir. İnzibati Xətalar Məcəlləsində ağacın köçürülməsi üçün məsuliyyət nəzərdə tutulmamışdır. Əgər ağacın yerini dəyişdirməsəydi bu halda məsuliyyət nəzərdə tutulardı. Ağacın yerini dəyişdirdiyinə görə onun cərimə edilməyi tamamilə qanunsuzdur. Onun tərəfindən hər hansı qaydaları pozulması müəyyən edilməmiş və əsassız olaraq barəsində protokol tərtib edilmişdir. Odur ki, məhkəmədən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X5 və Təbii Sərvətlər İdarəsinin rəisi X3 tərəfindən qəbul edilmiş 15 dekabr 2022-ci il tarixli, MN ******* saylı qərarın ləğv edilməsi və əmlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X5 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X6 öz izahatında tərtib olunmuş protokolu müdafiə edərək bildirmişdir ki, qeyd olunan zeytun ağacı təxminən ikiüç metr hündürlükdə olmaqla Qaradağ rayonu, Səngəçal qəsəbəsində yerləşən avtomobil yolunun görünüşünü yaxılaşdırmaq məqsədilə onlara məlum olmayan subyekt tərəfindən əkilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs də öz izahatında törətdiyi əməli bilavasitə etiraf edir. Qeyd etmişdir ki, həmin zeytun ağacının yerinin dəyişdirilməsi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumundan icazə alınmalı idi. Bundan əlavə şikayətdə qeyd olunan ərazi şikayət verən şəxsə məxsus deyil. Belə olan halda onun sözügedən zeytun ağacının yerinin dəyişdirmək kimi bir səlahiyyəti də mövcud deyildir. O öz izahatında daha sonra göstərmişdir ki, təxminən 10 metr məsafədə yeri dəyişdirilmiş zeytun ağacı hal-hazırda normal vəziyyətdə olmaqla onda biolji cəhətdən mənfiyə doğru hər hansı bir dəyişiklik müşahidə olunmamışdır. Odur ki, X4 barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. X4 məhkəməyə şikayət ərizəsindən başqa buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət əlavə edərək göstərmişdir ki, barəsində 15 dekabr 2022-ci il tarixində qəbul edilmiş qərarın 29 dekabr 2022-ci il tarixdə ona təqdim edilməsi poçt qəbzindən görsənsə də əslinə həmin vaxtlar bayram günlərinə düşdüyü üçün qərarı 05 yanvar 2023-cü il tarixdə almışdır. Buna görə də buraxılmış müddətin bərpa edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə vəsatəti və iş materiallarını nəzərdən keçirərək buraxılmış müddəti üzürlü hesab edərək bərpa edilməsini məqsədə müvafiq hesab etmişdir. Məhkəmə, inzibati xəta haqqında protokolu, qərarı və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək və tərəflərin izahatını araşdıraraq hesab edir ki, X4 barəsində Azərbaycan Respulikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X5 və Təbii Sərvətlər İdarəsinin rəisi tərəfindən qəbul edilmiş 15 dekabr 2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar əsassız olduğundan ləğv edilməlidir. Azərbaycan Respublikası İXM-nin 253-1.2.2-ci maddəsində göstərilmişdir ki, yaşıllıqların müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı, yaxud yaşıllığın götürülməsi vərəqi olmadan götürülməsinə görə fiziki şəxslər min manat miqdarında, vəzifəli şəxslər beş min manat miqdarında, hüquqi şəxslər on beş min manat miqdarında cərimə edilir. Həmin Məcəllənin 253-1.3-cü maddəsinə əsasən götürülmüş yaşıllıqların yerinin dəyişdirilməməsinə və ya bərpa edilməməsinə, yaxud zədələnmiş və ya məhv edilmiş yaşıllıqların və ya onların hissələrinin bərpa edilməməsinə görə fiziki şəxslər min manat miqdarında, vəzifəli şəxslər üç min manat miqdarında, hüquqi şəxslər on min manat miqdarında cərimə edilir. “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasinin Qanunun 13.1-ci maddəsinə əsasən yaşıllıqların götürülməsinə aşağıdakı hallarda yol verilir: 13.1.1. dövlət ehtiyacları üçün yaşıllıq altına düşən torpaqlar geri alındıqda; 13.1.2. “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, strateji ekoloji qiymətləndirilmə (SEQ) və ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədləri və həmin sənədlərin dövlət ekoloji ekspertizasının müsbət rəyi olan ərazi planlaşdırılması sənədlərində nəzərdə tutulan, habelə strateji ekoloji və ətraf mühitə təsirin qiymətləndirilməsinin aparılması tələb olunmayan, lakin dövlət ekoloji ekspertizasının obyekti olan və dövlət ekoloji ekspertizasının müsbət rəyi olan layihə həyata keçirildikdə; 13.1.3. şəhərsalma və tikinti qaydalarına zidd olaraq əkilmiş ağaclar yaşayış və qeyri-yaşayış binalarında işıqlanma (inşaat fizikası) rejimini pozduqda; 13.1.4. ağac və kol bitkiləri olan sahədə sanitar qırma işləri (qurumuş, müalicəsi mümkün olmayan xəstə ağac və kol bitkilərinin kəsilməsi və sair) aparıldıqda; 13.1.5. texnogen və ya təbii xarakterli fövqəladə hallar (ekoloji fəlakət) baş verdikdə və onların nəticələri aradan qaldırıldıqda; 13.1.6. ağac və kol bitkiləri yerüstü və yeraltı mühəndis-kommunikasiya təminatı sistemlərinə mane olduqda. Məhkəmə yuxarıda qeyd olunan qanun normalarına istinad edərək hesab edir ki, hansı subyekt tərəfindən və hansı məqsədlərlə, yəni şəhərsalma və tikinti qaydalarına uyğun olmaqla əkilməsi bəlli olmayan və əkildiyi ərazidə qanuni əsaslarla yerləşən iaşə obyektinə bir neçə formada (yəni giriş-çıxışa mane olma, binada çatlar yaratma və iaşə obyektinin işıqlanma rejimini pozma) zərər vuran bir ədəd, təxminən iki-üç metr hündürlüyündə olan zeytun ağacının ona heç bir ziyan vurulmadan götürülərək elə həmin anda yerinin dəyişdirilərək əvvəlki vəziyyətnə bərpa edilməsi, eləcə də hal-hazırda həmin ağacın tam normal inkişafda olması şəxsin əməlində yuxarıda qeyd olunan inzibati xəta tərkibinin olmasını istisna edir. Azərbaycn Respublikası İXM-nin 8.1-ci maddəsində göstərilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-nin 75-ci maddəsinə əsasən inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri mütləq sübuta yetirilməlidir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinin tələbindən aydın olur ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Beləliklə məhkəmə yuxarıda qeyd olunanlara əsasən və İXM-in 114, 115, 128-131-ci və 134-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 şikayəti təmin edilsin. X1 Azərbaycan Respublikası İXM-in 253-1.2.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X5 və Təbii Sərvətlər İdarəsinin 15 dekabr 2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surətinin rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-48/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-48/2023
23.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver