Məhkəmə qərarları › İş №3(002)-482/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-482/2025

10.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-482/2025 10.04.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs X4 iştirakları ilə, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair X10 Bakı şəhəri Reklam İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası X10 Bakı şəhəri Reklam İdarəsi tərəfindən X6 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə MN ******* nömrəli, 13 mart 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Qaradağ rayon məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, X6 tərəfindən ünvan 1 ünvanında 13 mart 2025-cü il tarixdə, saat 11:09-da “Qayçı” adlı obyektin üzərində açıq məkanda müvafiq icazə olmadan reklam yerləşdirilməsi faktı müəyyən edilmişdir. X1 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmənin 03 aprel 2025-ci il tarixli iclasında iştirak edən Azərbaycan Respublikası X10 Bakı şəhəri Reklam İdarəsinin nümayəndəsi X2 öz izahatında tərtib edilmiş protokolu müdafiə edərək bildirmişdir ki, X8 Bakı Şəhəri Reklam İdarəsi tərəfindən ünvan 1 ünvanında yerləşən X5 məxsus "Qayçı" adlı obyektlərin üzərində "Reklam haqqında" Azərbaycan Respublikasının Qanununun tələblərinin pozularaq müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirildiyi aşkar edilmiş və bu barədə 18 fevral 2025-ci il tarixli akt tərtib edilmişdir. Daha sonra 24 fevral 2025-ci il tarixdə fərdi sahibkar X5 rəsmi qaydada “müvafiq qanun pozuntularının aradan qaldırılması barədə icrası məcburi olan göstəriş ünvanlanmış və həmin göstəriş 27 fevral 2025-ci il tarixdə qəbul edilmişdir. Lakin buna baxmayaraq qanunla müəyyən edilmiş qaydada və müddətdə göstərişin icrası təmin edilməmişdir. Göstərişdə "Reklam haqqında" Azərbaycan Respublikasının Qanununun 26-cı maddəsini və Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli 1743 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası"nın 3-cü bəndini rəhbər tutaraq 24 fevral 2025-ci il tarixli Aktda qeyd olunan qanun pozuntularının 5 gün ərzində aradan qaldırılması şirkətdən tələb edilmiş, icrası məcburi olan göstərişin alındığı vaxtdan 5 gün ərzində açıq məkanda reklam yerləşdirilməsinə icazə alınması üçün Bakı Şəhəri Reklam İdarəsinə müraciət etmələri və ya icazəsiz reklam yayımını dayandırmaları tələb olunmuşdur. Lakin sahibkar tərəfindən müvaiq göstəriş alındıqdan sonra nəzərdə tutulan müddətdə pozuntu aradan qaldırılmamışdır. Nəticədə 13 mart 2025-cü il tarixdə, MN ******* nömrəli protokol tərtib edilmişdir. Sahibkar tərəfindən reklam yerləşdirilməsinə görə sonradan ödəniş edilsə də bu həmin vəzifəli şəxsi inzibati məsuliyyətdən azad etmir. Odur ki, fərdi sahibkar X6 barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən fərdi sahibkar X6 barəsində qəbul edilmiş protokolu qəbul etməyərək göstərmişdir ki, tərəfindən ünvan 1 ünavnında yerləşən “Qayçı” adlı obyekti işlədir. Həmin obyektdə açıq havada reklam yerləşdirilməsi ilə bağlı Reklam Agentliyi tərəfindən şirkətlə müvafiq müqavilə imzalanmışdır. Ondan asılı olmayan səbəblərdən reklam müqvailəsinin müddətinin bitdiyindən xəbəri olmamış, barəsində 13 mart 2025-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edildikdən dörd gün sonra, yəni 17 mart 2025-ci il tarixdə yenidən ödəniş etmişdir. Bundan başqa barəsində inzibati xəta haqqınd protokol tərtib olunarkən o tərəf kimi cəlb olunmamışdır. Yəni, protokolda qeyd edilən məlumatlar həqiqətə uyğun deyildir. Eləcə də Reklam Agentliyinin göndərdiyi rəsmi xəbərdarlıq məktubunu o deyil, onunla birlikdə həmin salonda işləyən İlkin adlı şəxs qəbul etmiş və bu barədə ona heç nə bildirməmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmədən iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarmasını xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını və işdə olan sənədləri nəzərdən keçirərək belə qənaətə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X4 İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi işin halları ilə tam sübuta yetirlir. Belə ki, iş materiallarında olan və 27 fevral 2025-ci il tarixdə Cəfərli İlkin adlı şəxs tərəfindən qəbul edilmiş 24 fevral 2025-ci il tarixli, 11-3-1/2-1265/2025 saylı göstərişdən aydın olur ki, fərdi sahibkar X3 icrası məcburi olan göstərişi alındığı vaxtdan 5 gün ərzində açıq məkanda reklam yerləşdirilməsinə icazə alınması üçün Bakı Şəhəri Reklam İdarəsinə müraciət etmələri və ya icazəsiz reklam yayımını dayandırmaları tələb olunmuş, əks təqdirdə, müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyi üçün pozuntuların aradan qaldırılması üçün müəyyən edilmiş müddətin başa çatdığı tarixdən 1 iş günü ərzində barənizdə inzibati xəta haqqında protokol tərtib ediləcəyi qeyd edilmişdir. “Reklam haqqında” Qanunun 2.0.1-ci maddəsində göstərilir ki, reklam –reklam istehlakçısının diqqətini reklam obyektinə müxtəlif vasitə və üsullardan istifadə olunmaqla istənilən formada cəlb etmək, marağını formalaşdırmaq və saxlamaq, əmtəəni bazarda tanıtmaq və satışını stimullaşdırmaq məqsədi ilə yayımlanan məlumatdır. Həmin Qanunun 26.1-ci maddəsinə əsasən reklam birbaşa və ya reklam daşıyıcısı vasitəsilə torpaq sahələrində, bina, qurğu və digər tikililərin fasadlarında (divarlarında, hasarlarında), dam örtüklərində, bayıra ünvanlanmaqla qapıların, pəncərələrin (pəncərə altlıqlarının), vitrinlərin çöl və iç tərəflərində, habelə açıq məkanda olan avadanlıqlarda, avtomobil yollarının dayanacaqlarında və yeraltı keçidlərində, hava şarlarının, aerostat və dirijablların üzərində yerləşdirildiyi halda açıq məkanda reklam hesab olunur. Həmin Qanunun 26.8-ci maddəsində göstərilir ki, birbaşa aid olduğu xidmət, ticarət və ya digər obyektlərin giriş hissəsində, fasadında (divarında, hasarında) yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü, ünvanını və iş rejimini istehlakçıya çatdıran sayı 1-dən, ümumi ölçüsü 1 kvadratmetrdən artıq olmayan lövhələr (yazılar), habelə ölçüsündən asılı olmayaraq, şəhər informasiya stendlərində qeyrikommersiya məqsədi ilə yerləşdirilən plakatlar, siyasi reklamlar, qeyri-hökumət təşkilatlarının, hüquqi (o cümlədən dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan vəzifəli şəxslərin) və fiziki şəxslərin kommersiya fəaliyyəti ilə bağlı olmayan elanlar, həmçinin dövlət orqanlarına aid olan lövhələr və Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 86.1-ci maddəsində nəzərdə tutulmuş məlumat lövhələri reklam qurğuları və yerləşdirilməsinə icazə alınması tələb olunan reklam hesab edilmir. İş materiallarına əlavə olunmuş fotoşəkillərdən də göründüyü kimi X4 açıq məkanda reklam yerləşdirilməsi faktı öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində göstərilir ki, müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.3-cü maddəsinin tələbinə əsasən vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində vəzifəli şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, vəzifəli şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, X6 tərəfindən törədilmiş inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, qeyd olunan icra işləri ilə bağlı ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini nəzərə alaraq hesab edir ki, X6 vəzifəli şəxs qismində İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi daha məqsədəmüvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 49-51, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X6 (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməklə vəzifəli şəxs kimi 1500 (min beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar