Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-486/2024 05.02.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 38-ci PB-nin sahə inspektoru, polis mayoru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçisi Bakı şəhəri 10 saylı vəkil bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1984 tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə toplanmış inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında xx.xx.2024-cü il MN ******* saylı inzibati xəta haqqında protokola əsasən, Şəxs xx.xx.2024-cü il tarixdə H.Z.Tağıyev küçəsi ünvanında yerləşən yolun 38-ci km-də Azərbaycan Respublikası DİN YPX-nin əməkdaşlarına tabesizlik göstərmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci və 510-cu maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 11-ci PB-nin sahə inspektoru, polis mayoru X9 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə H.Z.Tağıyev küçəsi ünvanında yerləşən yolun 38-ci km-də Şəxs polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədərək, onların qanuni tələblərinə tabe olmamışdır. Dəfələrlə nizam-intizama dəvət etsələr də, o, kobud hərəkətlərini davam etmişdir. Ona təqdim olunmuş raport və videogörüntülərə əsasən müəyyən etmişdir ki, Şəxs tərəfindən İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrinin tələbləri pozulmuş və o, sonuncu barəsində müvafiq protokol tərtib edərək baxılması üçün aidiyyəti üzrə Qaradağ Rayon Məhkəməsinə təqdim etmişdir. Həmçinin, Qaradağ RPİ-nin 38-ci PB-nin sahə inspektoru X10 məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Şəxs barəsində tərtib edilmiş protokolu imzalamaqdan qəsdən imtina etmişdir. Tərəfindən tərtib edilmiş protokolu müdafiə edir, Şəxs barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, sözügedən inzibati xəta hadisəsinin törədilməsində özünü təqsirli bilmir. Belə ki, o, şirkət sahibidir və həmin şirkətin bir neçə iriqabaritli nəqliyyat vasitələri mütəmadi olaraq qeyd olunan ərazidən keçməklə hərəkətdə olurlar. Növbəti dəfə 02 fevral 2024-cü il tarixdə onun rəhbərlik etdiyi şirkətə məxsus iriqabaritli nəqliyyat vasitələri yük daşıması ilə məşğul olmuşlar. Həmin vaxt nəqliyyat vasitələri YPX əməkdaşları tərəfindən saxlanılmış, çəki və kütlə parametrlərinin müəyyən edilməsi üçün elektron tərəzilərin quraşdırıldığı stasionar posta dəvət edilmişlər. Lakin, rəhbərlik etdiyi şirkətə məxsus iriqabaritli nəqliyyat vasitələrin sürücüləri YPX əməkdaşlarından nəqliyyat vasitələrini qeyd olunan stasionar posta aparmamışdan əvvəl müdirlərini, yəni onu gözləmələrini xahiş etmişlər. Həmin vaxt o, qeyd olunan əraziyə yaxınlaşmış, YPX əməkdaşlarının iriqabaritli nəqliyyat vasitəsinin sürücüsü ilə kobud danışığının şahidi olmuş və dərhal müdaxilə etmişdir. Daha sonra həmin polis əməkdaşı ona qarşı da etik olmayan ifadələrə yol vermişdir. O isə öz növbəsində nəqliyyat vasitəsində olan yükün çəkisinin müəyyən edilmiş normadan artıq olması ilə bağlı qanunvericiliyə əsasən cərimə tətbiq edilməsinin mümkün olduğunu, bu səbəbdən nə onunla, nə də ki, nəqliyyat vasitələrinin sürücüləri ilə etik olmayan sözlərə və davranışa yol verilməsinin düzgün olmadığını qeyd etmiş, polis əməkdaşları tərəfindən onun idarə etdiyi nəqliyyat vasitəsinin hərəkət etməsinə süni maneə yaradıldığını gördükdə və baş verən gərgin hadisədən sonra əsəblərini cilovlaya bilmədiyi üçün həmin əraziyə gəlmiş tanışının idarə etdiyi nəqliyyat vasitəsi ilə oradan uzaqlaşmışdır. Bundan əlavə qeyd etmişdir ki, YPXA-nın komandiri kimi özünü təqdim etmiş Ürfət Şükürovu o, daha əvvəllər Rüfət kimi tanımış və iriqabaritli nəqliyyat vasitələrinin həmin ərazidən müəyyən olunmuş normadan artıq yüklə keçirilməsi üçün dəfələrlə güzəştlər etmişlər. Göstərilənləri nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin bildirmişdir ki, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla və ona əlavə edilmiş materiallarla tanış olmamış, iş üzrə araşdırma zamanı izahatı alınmamış, işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmamış, ona heç bir fiziki təzyiq və zorakılıq göstərilməmişdir. Əlilliyi olan şəxs deyildir. Məhkəmə iclasında iştirak edən şahid Azərbaycan Respublikası DİN-nin BDYP-nin YPXA-nın İİİ taqımının komandiri X8 izahatında bildirmişdir ki, 02 fevral 2024-cü il tarixdə xidmətdə olarkən tapşırıq əsasında xidmətdə olduğu ərazidən hərəkət edən iriqabaritli nəqliyyat vasitələrində olan yüklərin müvafiq stasionar postlarda quraşdırılmış elektron tərəziyə dəvət edilməsi üzrə xidmət aparmışdır. Lakin, 77BJ238 dövlət qeydiyyat nişanlı X17 2540L markalı iriqabaritli nəqliyyat vasitəsinin sürücüsü müdiri gəlmədən nəqliyyat vasitəsinin stasionar posta aparılmayacağını bildirmişdir. Daha sonra əraziyə gəlmiş, özünü nəqliyyat vasitəsinin aid olduğu şirkətin rəhbəri kimi təqdim etmiş Afiq adlı şəxs onların xidmət aparmalarına maneə yaradaraq bir neçə iriqabaritli nəqliyyat vasitəsinin elektron tərəziyə aparılmadan ərazidən uzaqlaşmasına nail olmuş, bundan əlavə öz idarə etdiyi nəqliyyat vasitəsini yolun hərəkət hissəsində saxlamaqla digər nəqliyyat vasitələrinin hərəkətinə mane olmuş, onunla kobud danışaraq müraciət forması qaydalarını tamamilə pozmuşdur. Onu dəfələrlə nizam-intizama, onların xidmət aparmalarına maneçilik törətmədən ərazidən uzaqlaşmasına dəvət etməsinə baxmayaraq, məhəl qoymadan qanunsuz hərəkətlərinə davam etmişdir. Daha sonra o, əraziyə polis bölməsindən post patrul xidmətinin əməkdaşlarının göndərilməsi üçün müraciət etmiş, Afiq adlı şəxs nəqliyyat vasitələrindən birinə əyləşərək ərazidən uzaqlaşmışdır. Baş verənlər barədə o, raport tərtib edərək aidiyyəti polis bölməsinə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin BDYP-nin YPXA-nın polis baş serjantı X5, polis serjantı X6, polis baş serjantı X4 digər şahid Ü.Şükürovun ifadəsi ilə eyni məzmunlu ifadələr vermişlər. Məhkəmə iclasında iştirak edən müdafiəçi X7 çıxışında bildirmişdir ki, inzibati xəta hadisəsinin törədilməsinin görüntüləri natamamdır. Bütün yaranmış şübhələr barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin xeyrinə həll edilməlidir. Videogörüntüdən aydın olur ki, yük avtomobilinin sürücüsü barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin avtomobil duracağa aparılmışdır. İnzibati icraat üzrə səlahiyyətli orqan tərəfindən heç bir araşdırma aparılmamış və Şəxs izahatı alınmamışdır. Hətta onun izahat verməmə səbəbləri də hər hansı bir rəsmi sənədlə təsdiq edilməmişdir. Bundan başqa görüntülərdə əks olunmuş Şəxs polis əməkdaşına sadəcə adı ilə (“Ürfət” olaraq) müraciət etməsi də qeyri-etik hal kimi qarşılanması məqsədəmüvafiq hesab edilməməlidir. Belə ki, Şəxs orada olan zaman heç bir nalayiq ifadə yaxud hərəkətlərə yol vermədiyi üçün əməlində inzibati xəta tərkibi müəyyən edilmir. Göstərilənləri nəzərə alaraq, inzibati xəta haqqında icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, təqdim olunmuş videogörüntülərə baxış keçirərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi tam sübuta yetirilir. Belə ki, iş materialında olanxx.xx.2024-cü il tarixli Qaradağ RPİ-nin 38-ci PB-nin sahə inspektoru, polis mayoru Ü.Şükürov tərəfindən tərtib edilmiş Qaradağ RPİ-nin 38-ci PB-nin rəisi Natiq Camalova ünvanlanmış raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə xidmətdə olarkən təsdiq edilmiş xidmət cədvəlinə uyğun olaraq H.Z.Tağıyev yolunda xidmət aparan 796 çağırışlı keşik avtomobilində xidmət aparan YPXİ-rı radio rabitə vasitəsilə H.Z.Tağıyev yolunun 38-ci km-də kömək göstərilməsi məqsədilə məlumat vermiş və dərhal 790 çağırışlı xidməti keşik avtomobili ilə həmin istiqamətə hərəkət edilmişdir. H.Z.Tağıyev yolunun 38-ci km-nə çatan zaman YPXİ-nın yük daşıma ilə əlaqədar iki yük avtomobilini saxladığı müəyyən edilmişdir. Həmin yük nəqliyyat vasitələrinin yanında dayanmış Porsche markalı **-OO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü yük maşınlarının sürücülərinə hərəkətlərini davam etdirmələrinə göstəriş verirdi. Lakin, bu zaman 796-cı keşik maşınının əməkdaşları ilə birlikdə yük nəqliyyat vasitəsinin biri məcburi qaydada saxlanmışdır. Bu zaman həmin Porsche markalı **-OO-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü polis əməkdaşlarının xidməti fəaliyyətinə maneçilik törətmiş və polisin qanuni tələblərinə açıq şəkildə tabesizlik göstərib əməl etməmiş, dəfələrlə nizam intizama dəvət olunmasına baxmayaraq özünü yük avtomobillərinin sahibi kimi təqdim edərək bir yük avtomobilinin qaçırılmasına şərait yaratmışdır. Lakin, sürücünün yenidən nizam intizama dəvət edilməsinə baxmayaraq, xidməti fəaliyyəti pozmuş, nalayiq söyüşlərlə polis əməkdaşlarının ünvanına ifadələr işlətmiş və onlara qarşı kobudluq etmişdir. Bu zaman əməkdaşlarla birlikdə sürücünü tibbi müayinədən keçməyə dəvət edərkən qarşıda dayanmış Mercedes Benz markalı 10CN003 dövlət qeydiyyat nişanlı avtomaşına əyləşərək ərazini tərk etmişdir. Həmin şəxsin Porsche markalı ******* dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi YPX əməkdaşları tərəfindən evakuator vasitəsilə Bakı-Qazax yolunun 47.5-ci km-də yerləşən 719 saylı YPX postunun duracağına təxliyə olunmuşdur. Odur ki, polisin qanuni tələbini yerinə yetirmədiyinə və xidməti fəaliyyətinin pozulmasına səbəb olan etdiyi hərəkətlərə görə Şəxs barəsində qanuni tədbir görülməsi üçün göstəriş verilməsi xahiş edilmişdir. İş materialında olan DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Porsche markalı **-OO-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü polis əməkdaşlarının xidməti fəaliyyətinə maneçilik törətmiş və polisin qanuni tələblərinə açıq şəkildə tabesizlik göstərərək əməl etməmiş, rəsmi müraciət formasını pozmaqla polis əməkdaşlarının ünvanına kobud ifadələr səsləndirmiş dəfələrlə nizam intizama dəvət olunmasına baxmayaraq, tabesizlik göstərmişdir. Polis əməkdaşları Şəxs qanunsuz hərəkətlərinin qarşısının alınmasının mümkün olmaması səbəbindən əraziyə əlavə polis qüvvəsi cəlb edilməsi üçün müraciət etməsinə baxmayaraq, sonuncunu öz hərəkətlərinə davam etmişdir. İş materialında olan sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, hadisə zamanı Şəxs sərxoş olmamışdır. İş materialında olan xx.xx.2024-cü il MN ******* saylı inzibati xəta haqqında protokola əsasən, Şəxs xx.xx.2024-cü il tarixdə H.Z.Tağıyev küçəsi ünvanında yerləşən yolun 38-ci km-də Azərbaycan Respublikası DİN YPX-nin əməkdaşlarına tabesizlik göstərmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Azərbaycan Respublikasının İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə H.Z.Tağıyev küçəsi ünvanında yerləşən yolun 38-ci km-də Azərbaycan Respublikası DİN YPX-nin əməkdaşlarına tabesizlik göstərmiş, onların qanuni tələblərinə tabe olmamaqla onlara qarşı kobud sözlərə yol verməklə, qeyri etik davranmışdır. Bundan əlavə o, idarə etdiyi nəqaliyyat vasitəsini yolun hərəkət hissəsində saxlamaqla digər nəqliyyat vasitələrinin hərəkətinə mane olmaqla ictimai qaydanı pozmuş, həmin ərazidən keçən vətəndaşların əsassız narahatlıqlarına səbəb olmuşdur. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Beləliklə, törətdiyi inzibati xəta əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, özünün və şahidlərin məhkəmə iclasında verdiyi ifadələrlə və digər iş materialları ilə onun ictimai qaydanı pozması və bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi, həmçinin, polis əməkdaşlarının dəfələrlə etdiyi çağırışlara baxmayaraq öz qanunsuz hərəkətlərini davam etdirməsi və bununla da, həmin Məcəllənin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən həmin Məcəllənin 510 və 535.1-ci maddələri ilə tövsif edilməlidir. Qeyd edilən əməllərin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İXM-nin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən Şəxs səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 33-cü maddəsinə əsasən səlahiyyətli şəxsin hüquqazidd hərəkəti dayandırmağı tələb etməsinə baxmayaraq, Şəxs tərəfindən həmin hərəkətləri davam etdirməsi və inzibati xətanı sərxoş halda törətməsi məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinməli və həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən onun barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli, iş üzrə maddi sübut kimi tanınmış 02 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli şəxsin hüquqlarının faktiki məhdudlaşdırıldığı andan, yəni 05 fevral 2024-cü il tarixdən saat 16:00-dan hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X2 məhkəmədə iştirak etdiyi 2 saata görə 12 (on iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 43, 106-112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1, 510 və və 535.1ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin və həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən onun barəsində 15 (on beş) gün müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 05 fevral 2024-cü il tarixdən saat 16:00dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılma mərkəzinə və Qaradağ Rayon Polis İdarəsinə həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd DVD disk iş materiallarında saxlanılsın. Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X2 məhkəmədə iştirak etdiyi 2 saata görə 12 (on iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər Hakim: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-486/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-486/2024
05.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver