Məhkəmə qərarları › İş №3(002)-489/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-489/2022

20.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-489/2022 20.05.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi ilə, Şəxs MMC-nin vəkili və nümayəndəsi Hacı-zadə Vahid Şahid oğlunun iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsi tərəfindən Şəxs MMC-nin İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi ilə inzibati xəta törətməsinə dair material daxil olmuşdur. Daxil olmuş 03 mart 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda qeyd olunmuşdur ki, Şəxs MMC, İD **********, İD **********, İD **********, İD ********** və İD ********** nömrəli müraciətlər əsasında ölkəyə idxal olunmuş qida məhsullarını qida təhlükəsizliyi sertifikatı almadan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Xocasən yolu 57 ünvanında 17 fevral 2022-ci il tarixdə satmışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən orqan Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin böyük məsləhətçisi X1 protokolu müdafiə edərək Şəxs MMC barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şəxs MMC-nin vəkili və nümayəndəsi Hacı-zadə Vahid Şahid oğlu bildirmişdir ki, bəyannamədə qeyd edilən "xxxx" MMC-yə məxsus malların satıldığı qeyd edilsə də Qida Agentliyi malların həqiqətən satılmasını müəyyən etməmiş, bununla bağlı akt tərtib etməmişdir. Şəxs MMC barəsində tərtib edilmiş protokol əsassız olduğundan inzibati iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, material natamam olduğundan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsi tərəfindən tərtib edilmiş 03 mart 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda Şəxs MMC tərəfindən idxal olunan malların qida təhlükəsizlik aktı olmadan satılması qeyd edilsə də həmin mallara həqiqətən baxış keçirilməsi və satılmasını təsdiq edən müvafiq akt tərtib edilərək iş materiallarına əlavə edilməmişdir. Məhkəmə yuxarıda qeyd olunan halları araşdıraraq belə nəticəyə gəlmişdir ki, Şəxs MMC barəsində olan inzibati xəta haqqında protokol tərtib edilərkən mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1 hakimin, səlahiyyətli orqanın (vəzifəl işəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli Qərarına əsasən inzibati xətalar qanunvericiliyinin ümumi və xüsusi normalarında məhkəmə qərardadlarından şikayət verilməsi nəzərdə tutulmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsi tərəfindən tərtib edilmiş 03 mart 2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol əsassız sayılmaqla, işin halları hərtərəfli, tam və obyektiv araşdırılmadığından İnzibati Xətalar Məcəlləsinin tələbləri nəzərə alınmaqla iş materialları yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 128, 129, 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində tərtib olunmuş inzibati xəta haqqında 03 mart 2022-ci il tarixli MN ******* saylı protokol əsassız hesab edilməklə, təqdim edilmiş inzibati material natamam olduğundan, yenidən araşdırılıb baxılması üçün müvafiq səlahiyyətli orqana geri qaytarılsın. Hakim Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar