Məhkəmə qərarları › İş №3(002)-492/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-492/2022

16.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-492/2022 16.05.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Şikayət verən şəxs X1 iştirakı ilə, X1 Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsi tərəfindən qəbul edilmiş 23 iyul 2020-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, “N” saylı hərbi hissədə yaşayan X2 şikayətlə məhkəməyə müraciət edərək Nərimanov RPİ-nin 18-ci PŞ-nın sahə rəisi, polis mayoru Anar Məmmədov tərəfindən qəbul edilmiş 23 iyul 2020-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan 23 iyul 2020-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolun və 23 iyul 2020-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətlərindən aydın olur ki, vətəndaş X2 23 iyul 2020-ci il tarixdə, saat 17:30 radələrində Murtuza Nağıyev küçəsində icazəsiz evi tərk edib karantin qaydalarını pozmuşdur. Nəticədə Nərimanov RPİ-nin 18-ci PŞ-nın sahə rəisi tərəfindən qəbul edilmiş 23 iyul 2020-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə X2 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsinə əsasən 200 (iki yüz) manat məbləğində cərimə edilmişdir. Məhkəmə iclasında iştirak edən X2 öz izahatında verdiyi şikayəti müdafiə edərək göstərmişdir ki, Daxili İşlər Nazirliyinin Nərimanov RPİ-nin 18-ci PŞ-nın sahə rəisi Anar Məmmədov tərəfindən 23 iyul 2020-ci il tarixli MN ******* saylı qərar qəbil edilərək o, İXMnin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 200 manat məbləğində cərimə edilmişdir. Qəbul edilmiş qərarla razı deyil, aşağıdakı səbəblərə görə barəsində qəbul edilmiş qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, həmin qərarda qeyd edilir ki, o, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimini pozmaqla Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Bildirmişdir ki, özü hərbiçi olmaqla işi ilə əlaqədar olaraq həmin vaxtda ölkə daxilində sərbərt surətdə gediş gəlişinə icazə verilmişdir. 23 iyul 2020-ci il tarixdə də poliş əməkdaşı tərəfindən saxlanılarkən hərbi biletini və buraxılış vərəqəsini təqdim etmiş və ona protokol yazılması barədə heç bir xəbərdarlıq edilməmişdir. Hadisədən uzun müddət keçdikdən sonra ona məlum olmuşdur ki, barəsində qanunsuz və əsassız qərar qəbul edilərək İXM-nin 211.1-ci maddəsinə əsasən 200 manat məbləğində cərimə edilmişdir. Həmin qərarı və protokolu bu yaxınlarda icra şöbəsindən əldə etmişdir və protokolu əldə edərkən ona məlum olmuşdur ki, inzibati xəta haqqında protokolda onun əvəzinə kimsə imza etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 11.2ci maddəsində qeyd edilir ki, inzibati xətalara görə məsuliyyəti yüngülləşdirən və ya onu aradan qaldıran normativ hüquqi aktların geriyə qüvvəsi vardır, yəni həmin aktlar onların qüvvəyə mindiyi vaxtadək törədilmiş, həmçinin inzibati tənbeh tətbiq etmə haqqında qərarı tam icra olunmamış xətalara da şamil edilir. Hal-hazırda da SMS olmadan evdən çıxmaq qadağası götürülmüşdür. Qeyd edilən qanunun tətbiqi barəsində tərtib edilmiş inzibati qərara şamil edilməlidir. Bu səbəbdən də barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və həmin protokol əsasında tərtib edilmiş qərar əsassız olduğundan ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Bütün bunların nəzərə alınaraq Nərimanov RPİ-nin 18-ci PŞ-nın sahə rəisi, polis mayoru Anar Məmmədov tərəfindən qəbul edilmiş 23 iyul 2020-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Qanunvericilikdə nəzərdə tutulmuş qaydada təkrarən məlumatlandırılmasına baxmayaraq Nərimanov RPİ-nin 18-ci PŞ-dən nümayəndə məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, inzibati xəta haqqında protokolu, qərarı və ona əlavə olunmuş sənədləri, şikayətçinin izahatını araşdıraraq hesab edir ki, X2 barəsində Nərimanov RPİ-nin 18-ci PŞ-nın sahə rəisi tərəfindən qəbul edilmiş 23 iyul 2020-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar əsassız olduğundan ləğv edilməlidir. Məhkəmə araşdırması zamanı Nərimanov RPİ-nin 18-ci PŞ-nın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və X1 göstərdiyi halları təkzib edəcək hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsinə əsas kimi onun karantin rejimi dövründə icazəsiz evini tərk etməsi olmuşdur. Lakin həmin tarixdə qüvvədə olan “Azərbaycan Respublikası Nazirlər Kabitenin Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” 19 iyun 2020-ci il tarixli Qərarın 1.2.5-ci bəndinə əsasən hüquq mühafizə oraqanları, məhkəmə və hərbi xidmət nəzərdə tutulmuş orqanların əməkdaşları, vəkillərin xidməti vəsiqələri əsasında hərəkət etmələrinə yol verilir. İş materiallarına əlavə edilmiş və 25 iyun 2016-cı il tarixdə verilmiş zabitin şəxsi vəsiqəsinin surətindən görsənir ki, X2 Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətdədir. Göründüyü kimi barəsində inzibati xəta haqqında protokol və qərar qəbul edilərkən o, hərbi xidmətdə olmuşdur və onun ölkə ərazisində sərbəst hərəkət etməsinə icazə verilmişdir. Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsində göstərilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-nin 75-ci maddəsinə əsasən inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri mütləq sübuta yetirilməlidir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinin tələbindən aydın olur ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Beləliklə məhkəmə yuxarıda qeyd olunanlara əsasən və İXM-in 114, 115, 128-131-ci və 134-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 şikayəti təmin edilsin. X1 Azərbaycan Respublikası İXM-in 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Nərimanov RPİ-nin 18-ci PŞ-nın sahə rəisi, polis mayoru Anar Məmmədov tərəfindən qəbul edilmiş 23 iyul 2020-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surətinin rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar