Məhkəmə qərarları › İş №3(002)-495/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-495/2021

02.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-495/2021 02.04.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X8, Tələbkar- X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair materiala Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ rayon İcra və Probasiya şöbəsindən daxil olmuş 02 aprel 2021ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-2940/2015 nömrəli, 29 iyun 2015-ci il tarixli icra vərəqəsinin icrası ilə bağlı icra məmurunun tələblərini yerinə yetirməmişdir. Bakı şəhəri Qaradağ rayon İcra və probasiya şöbəsinin icra məmuru X11 məhkəmə iclasında tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə etdiyini qeyd edib, izahatında bildirmişdir ki, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-2940/2015 nömrəli, 29 iyun 2015-ci il tarixli qətnaməsi ilə 19 may 2015-ci il tarixindən başlayaraq 20 fevral 2007-ci il təvəllüdlü X3 və 18 may 2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Şəxs hər ay bir uşağa görə 108 manat olmaqla, cəmi 216 manat sabit pul məbləğində aliment tutularaq X4 ödənilməsi qət edilmişdir. İcra sənədi 07 avqust 2015-ci il tarixdə şöbənin icraatına daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icra olunması üçün borclu Şəxs ünvanına bildiriş göndərilmiş, lakin icra sənədinin tam icrası könüllü təmin edilməmişdir. Məhkəmə qərarını könüllü icra etmədiyinə görə borclunun adına əmlak vəziyyətinin və gəlirinin müəyyən edilməsi məqsədilə müvafiq orqanlara sorğular edilmiş, lakin borclunun hər hansı gəliri və onun adına hər hansı əmlak müəyyən edilməmişdir. Borclu Şəxs 2015-ci il tarixli icra sənədi üzrə 2018-ci il tarixdən başlayaraq hazırkı tarixədək qeyd olunan aliment məbləğini vaxtı vaxtında icra etsə də, 2015-ci ildən 2018-ci ilədək olan müddət ərizində öhdəliklərini tam və vaxtında icra etmədiyi üçün bu günə onun 1870 manat aliment borcu yaranmışdır. Borclu Şəxs 02 aprel 2021-ci il tarixdə şöbəyə dəvət olunaraq həmin tarixdə izahatı alınmış və o izahatında icra sənədini icra etməmə səbəbi kimi maddi imkansızlığı və işsiz olduğunu göstərmişdir. Borclu Borclunun bu günə olan aliment borcu 1870 manat təşkil edir. Görülmüş icra tədbirləri nəticə vermədiyindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 02 aprel 2021ci il tarixli, MN ******* nömrəli protokol tərtib olunmuş və baxılması üçün Bakı şəhər Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. X1 məhkəmə iclasında izahatında bildirmişdir ki, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-2940/2015 nömrəli, 29 iyun 2015-ci il tarixli icra vərəqəsinə əsasən 19 may 2015-ci il tarixindən başlayaraq 20 fevral 2007-ci il təvəllüdlü X3 və 18 may 2009cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Şəxs hər ay bir uşağa görə 108 manat olmaqla, cəmi 216 manat sabit pul məbləğində aliment tutularaq X4 ödənilməsi qət edilmişdir. Lakin, borclu icra sənədi üzrə öz öhdəliyini tam yerinə yetirməyərək icra sənədinin icrasından yayınmışdır. Hazırda borclu Şəxs tərəfindən ödənilməmiş qalan aliment borcu 1870 manat təşkil edir. Hazırda Şəxs ödənilməmiş qalan aliment borcunu ödəmədiyindən sonuncudan şikayətçidir və göstərilənləri nəzərə alaraq sonuncu barəsində inzibati həbslə bağlı tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Borclu Şəxs inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, icra sənədi üzrə borclu olduğunu qəbul edir, lakin maddi imkanı aşağı olduğundan indiyə qədər icra sənədinin icrasını tam təmin edə bilməmişdir. Bu günə olan aliment borcu 1870 manat təşkil edir. Yaranmış aliment borc məbləği əvvəlki illər üzrə olmuşdur. Qeyd olunan icra sənədi üzrə 2018-ci ildən hazırkı tarixədək aliment məbləğini tam və vaxtında tələbkarın xeyrinə ödəmişdir. Gələcəkdə müəyyən vaxt verildiyi təqdirdə yaranmış ümumi aliment borcunu hissə-hissə ödəmək niyyətindədir. Göstərilənləri nəzərə alaraq barəsində qanuni qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-2940/2015 nömrəli, 29 iyun 2015ci il tarixli qətnaməsi ilə 19 may 2015-ci il tarixindən başlayaraq 20 fevral 2007-ci il təvəllüdlü X3 və 18 may 2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Şəxs hər ay bir uşağa görə 108 manat olmaqla, cəmi 216 manat sabit pul məbləğində aliment tutularaq X4 ödənilməsi qət edilmişdir. İcraata başlama haqqında 07.08.2015-ci il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-2940/2015 nömrəli, 29 iyun 2015-ci il tarixli qətnaməsi üzrə 30 iyul 2015-ci il tarixdə verilmiş icra vərəqəsinə əsasən icra üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar dərhal icra olunması üçün bildirişlə borclu Şəxs göndərilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. İcra haqqında Azərbaycan Respublikası Qanununun 13.1.4-1 maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında məhkəmə qərarları əsasında verilən icra vərəqələri dərhal icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 31.4. Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz; 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, borclunun və tələbkarın izahatları və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs məhkəmə qətnaməsi üzrə üzərinə qoyulmuş aliment öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək, qanunla müəyyən olunmuş müddətdə icra sənədlərinin icrasını tam təmin etməmiş, habelə hal-hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, yaranmış borcun lazımi qaydada ödənilməsinə laqeydlik göstərilmiş və icra sənədlərinin icrasına səhlənkar yanaşılmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq, iş üzrə sübutları qiymətləndirib, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli və həbsetmənin əvvəli azadlığının faktiki məhdudlaşdırıldığı andan, yəni 02 aprel 2021-ci il, saat 16:50-dən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, onun barəsində 08 (səkkiz) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Qərarın icrası Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinə və Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılma mərkəzinə həvalə edilsin. İnzibati həbsetmənin əvvəli 02 aprel 2021-ci il, saat 16:50-dən hesablansın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar