Məhkəmə qərarları › İş №3(002)-5/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-5/2024

07.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-5/2024 07.01.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1994-cü il tarixdə Tərtər rayonu, Mamırlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Tərtər rayonu Mamırlı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Məhəmmədəli kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Qaradağ Rayon Prokurorluğundən daxil olmuş inzibati xəta haqqında materiala Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Bakı şəhəri Qaradağ Rayon Prokurorluğundan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə materiallar məhkəməyə daxil olmuşdur. Məhkəməyə təqdim edilmiş sənədlərə əsasən müəyyən olunur ki, fiziki şəxs Şəxs dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan 2023-cü ilin iyul ayından noyabr ayına qədər Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən “Lökbatan bazarı” adlanan yerdə balıq alqı-satqısı ilə məşğul olmaqla aylıq 300 manat, ümumilikdə 1200 manat məbləğində gəlir əldə etməklə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bakı şəhəri Qaradağ Rayon Prokurorluğuna inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında materiala Bakı şəhəri Qaradağ Rayon Prokurorluğunun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, 2023-cü ilin iyul ayından Lökbatan bazarında balıq alqı-satqısı ilə məşğul olmuş və aylıq 300 manat olmaqla ümumilikdə 1200 manat gəlir əldə etmiş, eləcədə 04 sentyabr 2023-cü il tarixində Lökbatan qəsəbəsində yerləşən Lökbatan bazarında X1 5 kq krab balığı satmış və 20 manat gəlir əldə etmişdir. Onun adına VÖEN olmamışdır. O, balıq satmaq üçün Lökbatan bazarında rəf icarəyə götürmüş və buna görə bazarkom Hüseyn adlı şəxsə hər ay ödəniş etmişdir. Hüseynlı adlı şəxs ondan pulu alan zaman bütün sənədlərin onun öhdəsində olduğunu bildirmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Prokurorluğunun xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlanmışdır. İş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat axtarış sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Şəxs sahibkarlıq subyekti kimi qeydiyyata alınmamışdır. Məhkəmə proses iştirakçısını dinləyib, iş materiallarını nəzərdən keçirib, iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsinə əsasən dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, yaxud lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə - inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə edilir. Məhkəmədə müəyyən olunmuşdur ki, Şəxs hərəkətləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə düzgün tövsif edilmişdir və ona həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs ilk dəfə inzibati xəta törətməsi məsuliyyətini yüngülləşdirən haldır. Şəxs əməlində məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, həmçinin məsuliyyəti yüngülləşdirən halın müəyyən edilməsini nəzərə alaraq Azərbaycan Respublikası İXM-nin 398-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbirinin aşağı həddə tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 48-51, 110, 114-117, 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, inzibati xəta nəticəsində əldə edilmiş gəlirin iki misli miqdarında, yəni 2400 (iki min dörd yüz) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar