Məhkəmə qərarları › İş №3(002)-506/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-506/2022

27.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-506/2022 27.04.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ rayon icra şöbəsinin icra məmuru X7 oğlunun, X1, Borclu Şəxs və onun müdafiəçisi X13 iştirakları ilə, xx xxxxxx 1992-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, “Azfen” şirkətində yük qaldırıcı (ilməçi) işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs oğlunun Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X14, borclu Şəxs barəsində protokol tərtib edərək, Qaradağ rayon Məhkəməsinin 2(002)-375/2021 saylı, 05 aprel 2021-ci il tarixli icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə onun İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X14 öz izahatında protokolu müdafiə edərək bildirmişdir ki, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-375/2021 saylı, 05 aprel 2021-ci il tarixli icra vərəqəsinə əsasən nikah pozulduqdan sonra 13 sentyabr 2018-ci il təvəllüdlü X3 anası X2 yanında qalmasının müəyyən edilməsi və 13 sentyabr 2018-ci il təvəllüdlü X3 anası X2 faktiki himayəsinə verilməsi, 13 sentyabr 2018-ci il təvəllüdlü X3 faktiki anasının himayəsinə verildiyi gündən yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs hər ay qazancının dörddə bir hissəsi miqdarında və əlavə olaraq 50 manat sabit pul məbləğində alimentin tutularaq X4 ödənilməsi qət edilmişdir. İcra vərəqəsi icraata daxil olduqdan sonra qanunvericilikdə nəzərdə tutulmuş qaydada icraata başlamaq haqqında qərar qəbul olunaraq tələbin könüllü icrasına dair bildirişlə birgə borcluya göndərilmişdir. Borclu bu günədək üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, yəni X5 faktiki olaraq anası X4 verilməsini təmin etməmişdir. Belə ki, 26 may 2021-ci ildə Şəxs Qaradağ rayon İcra şöbəsində verdiyi izahatında icra sənədini icra etməməsinin səbəbini Apellyasiya məhkəməsinə şikayət verməsi ilə əlaqələndirmişdir. Bakı şəhər Qaradağ rayon Məhkəməsinin 2(002)-375/2021 saylı, 05 aprel 2021-ci il tarixli qətnaməsi Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6223/2021 saylı 30 iyun 2021-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən kassasiya qaydasında verilmiş şikayət isə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-6697/2021 saylı, 23 dekabr 2021-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra, 16 mart 2022-ci ildə saat 15:00-da uşağın faktiki anasına verilməsi ilə bağlı görüş təyin edilmiş, bu barədə həm tələbkara həm də borcluya rəsmi qaydada məlumat verilmiş, lakin Şəxs icra şöbəsinə gəlmədiyi üçün görüş baş tutmamışdır. 17 mart 2022-ci il tarixdə borclunun məcburi gətirilməsi barədə qərar qəbul edilmiş və borclu Şəxs göndərilmiş, həmin qərardan şikayət verilməmişdir. Bundan sonra 31 mart 2022-ci il tarixdə borclunun məcburi gətirilməsi haqqında təqdimat Qaradağ rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhər Qaradağ rayon Məhkəməsinin 8(002)- 112/2022 saylı qərardadı ilə bu təqdimat təmin edilməmişdir. Daha sonra, 11 aprel 2022-ci ildə Qaradağ rayon İcra Şöbəsinin İcra məmuru X14, tələbkar X8, hal şahidləri ilə birlikdə icra sənədinin icrasının təmin edilməsi məqsədilə Şəxs qeydiyyatda olduğu ünvan 2 ünvanında olmuş, lakin evin giriş qapısı açılmamış və görüş baş tutmamışdır. 11 aprel 2022-ci il tarixdə borclunun axtarılması barədə qərar qəbul edilmiş və qərar 27 aprel 2022-ci ildə 11-ci PB-nin əməkdaşları tərəfindən təmin edilməklə borclu Şəxs Qaradağ rayon İcra Şöbəsinə gətirilmişdir. Odur ki, borclu barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən 27 aprel 2022-ci il tarixdə, MN ******* saylı protokol tərtib edilmişdir. İcra məmuru öz izahatında borclunun icra vərəqinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməməsinə görə Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar X8 öz izahatında Qaradağ rayon Məhkəməsinin 2(002)-375/2021 saylı, 05 aprel 2021-ci il tarixli icra sənədinin borclu Şəxs tərəfindən icra edilməklə dörd yaşlı qızının ona qaytarılmasının təmin edilməsini xahiş etmişdir. O izahatında daha sonra icranı təmin etmədiyi üçün Şəxs barəsində ilk dəfə məhkəməyə verildiyi üçün humanistlik edərək bir növ xəbərdarlıq məqsədi ilə daha yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında bildirmişdir ki, icra vərəqindən xəbəri vardır. Qeyd olunan icra sənədinin icrası ilə əlaqədar bir neçə dəfə icra şöbəsində olmuşdur. Uşağı anadangəlmə xəstə olduğuna görə icra baş tutmamışdır. Sonuncu dəfə cari ilin mart ayının əvvəllərində icra məmurunun yanında olsa da uşağın xəstəliyi ilə əlaqədar icra mümkün olmamışdır. Bundan başqa 11 aprel 2022-ci il tarixdə Qaradağ rayon Məhkəməsinə cavabdeh X4 qarşı iddia ərizəsi ilə müraciət edərək birgə nikahdan doğulmuş uşağın onun yanında qalmasının müəyyən edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müracit edilmiş və həmin iddia ərizəsi icraata qəbul edilməklə məhkəmə hazırlıq iclası 16 may 2022-ci il tarixə, saat 10:20-yə təyin edilmişdir. Hesab edir ki, qeyd olunan mülki işə baxılıb yekun məhkəmə qərarı qəbul edilənədək icra məmuru icra vərəqəsinin icrasını təxirə salmalıdır. O, öz izahatında qanuna müvafiq qaydada həkim-psixoloqun iştirakı ilə icra təyin ediləcəyi təqdirdə qeyd olunan məhkəmə qərarının icrasını təmin edəcəyini bildirmişdir. Bundan əlavə ilk dəfə inzibati məsuliyyətə cəlb edildiyini, hazırda xəstə uşağına özünün baxdığını, hal-hazırda “Azfen” şirkətində işləməklə yeganə qazancının həmin şirkətdən aldığı əmək haqqının olduğunu, barəsində inzibati həbs tətbiq ediləcəyi təqdirdə yeganə gəlir mənbəyi olan iş yerini itirəcəyini və bununla da xəstə uşağına zəruri olan gündəlik tibbi müayinə və müalicə xərclərini ödəyə bilməyəcəyini bildirərək iş üzrə inzibati materiala xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müdafiəçi X16 öz izahatında bildirmişdir ki, 13 sentyabr 2018-ci il təvəllüdlü X10 11 sentyabr 2020-ci il tarixdə “X9”ndən verilmiş diaqnostikanın nəticəsinə əsasən onda autistik spektr olduğu müəyyən edilmiş və ona həftədə altı dəfə tam (50 dəqiqəlik) psixopedoqoji və loqopedik seans, həftədə beş dəfə yarım (25 dəqiqəlik) klinik-refleksoterapevtik seans məsləhət görülmüşdür. Altı ay müddətində sınaq məqsədli dinamik müşahidə gərəklidir. Buna görə də azyaşlı hər gün atası vasitəsilə yuxarıda qeyd olunan müayinə və müalicələrə cəlb edilir. Hazırki vəziyyətdə uşağın atadan alınıb anaya verilməsi istər psixoloji, istərsə də maddi baxımdan uşağın mənafeyinə ciddi şəkildə mənfi təsirlər törədəcəkdir. Hal-hazırda borclunun məqsədi barışmaq və uşağa birlikdə qulluq etməkdir. Bundan başqa 11 aprel 2022-ci il tarixdə Qaradağ rayon Məhkəməsinə birgə nikahdan doğulmuş uşağın iddiaçının yanında qalmasının müəyyən edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müracit edilmiş, iddia ərizəsi icraata qəbul edilməklə məhkəmə hazırlıq iclası 16 may 2022-ci il tarixə, saat 10:20-yə təyin edilmişdir. Bu müddətə qədər icra məmuru icra vərəqəsinin icrasını təxirə salmalıdır. O, öz izahatında daha sonra uşağın mənafeyinin hər şeydən üstün tutulmaqla həkim-psixoloq vasitəsilə icranın həyata keçirilməsini xahiş etmiş, protokol əsassız hesab edilməklə iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Tərtib edilmiş inzibati protokoldan, iş materiallarından, tələbkarın, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, onun müdafiəçisinin və icra məmurunun izahatlarından aydın olur ki, Şəxs heç bir üzrlü səbəb olmadan icra sənədini heç bir üzürlü səbəb olmadan icra etməmiş və icra məmurunun çağırışına məhəl qoymamışdır. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi məhkəmə iclasında dindirilmiş şəxslərin izahatları, inzibati xəta haqqında tərtib edilmiş 27 aprel 2022-ci il tarixli, MN ******* saylı protokolla və işin digər halları ilə tam təsdiq olunur. İş materiallarına əlavə edilmiş “X9” tərəfindən verilmiş 17 yanvar 2022-ci il tarixli arayışdan məlum olur ki, 12 sentybar 2018-ci ildə doğulmuş X10 11 sentyabr 2020-ci il tarixdə diaqnostika üçün Mərkəzə gətirilmişdir. Diaqnostika zamanı nəticəsinə əsasən onda autistik spektr (indeks 127> 84, yüksək dərəcədə müşahidə olunur) olduğu müəyyən edilmiş və diaqnostik zamanı həftədə altı dəfə tam (50 dəqiqəlik) psixo-pedoqoji və loqopedik seans, həftədə beş dəfə yarım (25 dəqiqəlik) klinik-refleksoterapevtik seans məsləhət görülmüşdür. 100 psixo-pedeqoji seans sonu təkrar dəyərləndirmə müəyyən edilmişdir. Altı ay müddətində sınaq məqsədli dinamik müşahidə gərəklidir. Məmmədova Sevdanın seanslarının dayandırılmaması və seanslara uzunmüddətli intensiv şəkildə davam etməsi məsləhət görülmüşdür və Məmmədova Sevda 14.10.2020-ci il tarixdən X6 psixoloji, loqopedik, klinik-refleksoloji seanslara gəlir. İş materiallarına əlavə edilmiş Qaradağ rayon Məhkəməsinin 2(002)-1385/2022 saylı, 19 aprel 2022-ci il tarixli qərardadından aydın olur ki, iddiaçı Şəxs cavabdeh X4 qarşı uşaq tələbinə dair iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmiş və iş üzrə məhkəmə hazırlıq iclası 16 may 2022-ci il tarixə, saat 10:20-yə təyin edilmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə qərarlarını üzürsüz səbəbdən icara etməmək və icra məmurunun qanuni tələblərinə tabe olmamaq inzibatı məsulliyət yaradır. İnzibati Xətalar Məcəllənin İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, bu işlə bağlı ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini, onun şəxsiyyətini, 03 sentyabr 2018-ci ildə doğulmuş X3 xəstə olmaqla atası tərəfindən hal-hazırda davamlı olaraq müayinə və müalicəyə cəlb edilməsini, eləcə də tələbkarın hal-hazırda yüngül tənbeh tədbiri tətbiq edilməsi barədə xahişini nəzərə alaraq hesab edir ki, borclu barəsində hazırki vəziyyətdə cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi daha məqsədə müvafiqdir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surətinin rəsmi qayda təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar