Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-516/2022 04.05.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ RPİ-nin 11-ci PB-nin sahə inspektoru, polis baş leytenantı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1992-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barədə Qaradağ RPİ-nin 11-ci PB-dan daxil olmuş inzibati materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Qaradağ RPİ-nin 11-ci PB-nin sahə inspektoru, polis baş leytenantı X5 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün Qaradağ rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin 11-ci PB-nin sahə inspektoru, polis baş leytenantı X5 protoklu müdafiə edərək bildirmişdir ki, Səmədov Miraslan Mirövsət oğlu 05 fevral 2022-ci il tarixdə polis tərəfindən saxlanıldığı zaman izahatında narkotik vasitə istifadə etdiyini bildirdiyinə görə barəsində İXM-nin 206-cı maddəsinə əsasən 04 may 2022-ci il tarixli MN ******* saylı inzibati protokol tərtib edilmişdir. O, həmin protokolu Qaradağ RPİ-nin 11-ci PB-nın baş təhqiqatçısı, polis mayoru X3 24 fevral 2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarı əsasında tərtib etmişdir. Həmin qərara əsasən toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş, Şəxs barəsində İXM-nin 206-cı maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti Qaradağ RPİ-nin 11-ci PB-nın aidiyyatı əməkdaşlarına həvalə edilmiş, qərarın surətinin məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Qaradağ rayon prokurorluğuna göndərilməsi, materialın saxlanılması üçün 11-ci PB-nın arxivinə təhvil verilməsi qərara alınmışdır. O, öz izahatında protokolu müdafiə edərək barəsində inzibati xəta haqqında icraat aparılan Səmədov Miraslan Mirövsət oğlunun inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Səmədov Miraslan Mirövsət oğlu məhkəmədə izahat verərək bildirmişdir ki, narkotik vasitə olan heroin qəbul edir, 03 fevral 2022-ci il tarixdə 13:30-da Ələt qəsəbəsi ərazisindəki Hərbi şəhərciyin qarşısından keçərkən qohumu Samirlə rastlaşmış, Samir söhbət zamanı 01 ədəd siqaretin gümüş kağız kəsiyinə bükülmüş olan narkotik vasitəni (kakosu) ona pay vermiş, o da həmin narkotik vasitəni üzərində saxlamışdır. 05 fevral 2022-ci il tarixdə 11-ci PB-nın əməkdaşları ona yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövrüyyəsində şübhəli olduğunu bildirmiş və onu 11-ci Polis Bölməsinə aparmışlar. Bölmədə o, həmin narkotik vasitəni təqdim etmişdir. O, öz izahatında səhvini başa düşdüyünü və törətdiyi əməldən peşiman olduğunu bildirərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, izahatları dinləyərək və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Səmədov Miraslan Mirövsət oğlunun törətdiyi inzibati xəta məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Səmədov Miraslan Mirövsət oğlu narkotik vasitələrin qanunsuz dövrüyyəsi ilə məşğul olmuşdur. İş materiallarına əlavə edilmiş Qaradağ RPİ-nin 11-ci PB-nın baş təhqiqatçısı, polis mayoru X3 24 fevral 2022-ci il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi barədə” qərarından aydın olur ki, 05 fevral 2022-ci il tarixdə Şəxs üzərinə axış keçirilən zaman əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd siqaretin gümüşü kağız kəsiyinə bükülmüş 0,068 qram çəkidə narkotik maddə olan heroin aşkar edilərək götürülmüşdür. Şəxs əməli cinayət tərkibi yaratmadığından barəsində İXM-nin 206-cı maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti Qaradağ RPİ-nin 11-ci PB-nın aidiyyatı əməkdaşlarına həvalə edilmiş, qərarın surətinin məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Qaradağ rayon prokurorluğuna göndərilməsi, materialın saxlanılması üçün 11-ci PB-nın arxivinə təhvil verilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/723 nömrəli, 05 fevral 2022-ci il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şəxs aşkar edilmiş” yazısı və imzalar olan zərfdəki bir bükümdə təmiz çəkisi 0,068 qram qəhvəyi rəngli, toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin” siyahısına daxildir. Heorinin təmiz çəkisi 0,068 qram, tədqiqata sərf edildi 0,03 qram, qalıq:0,038 qram. Ekspertiza tədqiqatının dəyəri 114 manat. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X6 Ambulator X1 01 mart 2022-ci il tarixli, 1023 nömrəli rəyindən aydın olur ki, müayinə zamanı Şəxs opiodilərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehticaı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Səmədov Miraslan Mirövsət oğlu tərəfindən törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, Səmədov Miraslan Mirövsət oğlunun barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi daha məqsədə müvafiqdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-ci maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 55.2-ci maddəsində göstərilir ki, fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs narkomiyadan məcburi müalicəyə cəlb edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan 0,038 qram çəkidə narkotik maddə heroin məhv edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-516/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-516/2022
04.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver