Məhkəmə qərarları › İş №3(002)-529/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-529/2021

13.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-529/2021 13.04.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X7, X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1989-cu ildə Qubadlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Əyyubov Elgin Hüseyin oğlunun Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ rayon İcra şöbəsindən daxil olmuş 13 aprel 2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və əlavəsində göstərilmişdir ki, Şabran Rayon Məhkəməsinin 2(031)-233/2020 saylı, 04 mart 2020-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 24 yanvar 2020-ci il tarixdən başlayaraq 30 iyun 2015-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatana kimi saxlanılması məqsədi ilə hər ay 160(yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X4 ödənilməsi qət edolmişdir. İcra sənədi 17.03.2020-ci il tarixdə Qaradağ rayon İcra şöbəsinin icraatına daxil olmuş, həmin tarixdə müvafiq qaydada icraata başlamaq haqqında qərar qəbul edilərək borclunun yaşadığı ünvanına bildiriş göndərilmiş, lakin icra sənədinin icrası könüllü təmin edilməmişdir. Məhkəmə qərarını icra etmədiyinə görə borclunun əmlak vəziyyətinin müəyyən edilməsi məqsədi ilə müvafiq orqanlara sorğular edilmiş, borclunun adına hər hansı əmlak aşkar edilməmişdir. Borclu Əyyubov Elgin Hüseyin oğlunun 24.06.2020 və 13.04.2021-ci il tarixlərdə izahatı alınmış və ona məhkəmə qərarını icra etməyəcəyi təqdirdə məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq edilmişdir. Borclu Əyyubov Elgin Hüseyin oğlunun bu günə olan aliment borcu 2240 manat təşkil edir. Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin icra məmuru X10 məhkəmə iclasında tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək, əlavə olaraq bildirmişdir ki, borclu Elgün Eyyubov barəsində inzibati protokol tərtib edilməmişdən öncə izahatı alınmış, borcluya aliment tələbinin dərhal icra edilməsinin zəruriliyi barədə xəbərdarlıq edilməsinə baxmayaraq hazırda aliment borcunu imkansızlığı səbəbindən ödəyə bilməyəciyini bildirmişdir. Bu səbəbdən borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Borclu Şəxs inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, maddi imkansızlığı səbəbindən aliment öhdəliklərini icra edə bilmir. Özü günə muzd fəhlə işləyərək gündəlik 10-15 manat qazanır. Həmin məbləğidə özünün dolanışığına xərcləyir. Gələcəkdə imkanı olacağı təqdirdə aliment borcundan ödənişlər edəcəkdir. Məhkəmədən əməlindən peşman olduğunu və göstərilənləri nəzərə alaraq barəsində qanuni qərar qəbul edilməsini xahiş etmişdir. X2 inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, borclu Şəxs qərəzli olaraq icra sənədi üzrə öz öhdəliklərini ümumiyyətlə icra etməmiş, aliment borcunu bu günədək ödəməkdən yayınmışdır. Buna görə də borclu barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şabran Rayon Məhkəməsinin 2(031)-233/2020 saylı, 04 mart 2020-ci il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs 24 yanvar 2020-ci il tarixdən başlayaraq 30 iyun 2015-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatana kimi saxlanılması məqsədi ilə hər ay 160 (yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X4 ödənilməsi qət edilmişdir; İcraata başlama haqqında 17 mart 2020-ci il tarixli qərarın surətindən görünür ki,Şabran Rayon Məhkəməsinin 2(031)-233/2020 saylı, 04 mart 2020-ci il tarixli icra vərəqəsi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir; Borclu Şəxs Qaradağ rayon İcra şöbəsinin icra məmuru Qafil Qasımova vermiş olduğu 13 aprel 2021-ci il tarixli izahatından görünür ki, borcluya Şabran Rayon Məhkəməsinin 2(031)-233/2020 saylı, 04 mart 2020-ci il tarixli icra vərəqəsinə əsasən aliment borcunun 2240 manat təşkil etdiyi və aliment tələbinin dərhal icra edilməsinin zəruri olduğu izah edilmiş, lakin borclu Elgün Eyyubov imkanı aşağı olduğundan aliment borcunu ödəyə bilməyəcəyini qeyd etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur; İcra haqqında Azərbaycan Respublikası Qanununun 13.1.4-1 maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında məhkəmə qərarları əsasında verilən icra vərəqələri dərhal icra olunmalıdır. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmuru, tələbkar, borclunun izahatları və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs məhkəmə qətnaməsi ilə üzərinə qoyulmuş aliment öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək, qanunla müəyyən olunmuş müddətdə Şabran Rayon Məhkəməsinin 2(031)-233/2020 saylı, 04 mart 2020-ci il tarixli icra sənədinin icrasını təmin etməmiş, borcun ödənilməsinə laqeydlik göstərmiş və icra vərəqəsinin icrasına səhlənkar yanaşmışdır. Şabran Rayon Məhkəməsinin 2(031)-233/2020 saylı, 04 mart 2020 ci il tarixli icra sənədi üzrə borclu Əyyubov Elgin Hüseyin oğlu tərəfindən bu günədək ümumiyyətlə heç bir ödənişin edilməməsi məhkəmə tərəfindən icra sənədinin icrasından qərəzli yayınması olaraq qiymətləndirilir. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə aktını icra etmək üçün Əyyubov Elgin Hüseyin oğlu kifayət qədər imkana və vaxta malik olmasına baxmayaraq bunu etməmişdir. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, Əyyubov Elgin Hüseyin oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi onun səmimi peşmançılığını və ağırlaşdıran halların müəyyən edilməməsini, habelə Əyyubov Elgin Hüseyin oğlu tərəfindən icra sənədi icra şöbəsinə daxil olduğu vaxtdan dərhal icra edilməli olmasına baxmayaraq bu günədək hər hansı ödənişin edilməməsini onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alaraq, iş üzrə sübutları qiymətləndirib, hesab edir ki, Əyyubov Elgin Hüseyin oğluna Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli və həbsetmənin əvvəli azadlığının faktiki məhdudlaşdırıldığı andan, yəni 13 aprel 2021-ci il, saat 17:30-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Əyyubov Elgin Hüseyin oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 (səkkiz) gün müddətində inzibati həbs edilsin. Həbsetmənin əvvəli 13 aprel 2021-ci il, saat 17:30-dan hesablansın. Qərarın icrası Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Bakı şəhər Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar