Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-531/2021 06.05.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, Şəxs MMC-nin nümayəndəsi X2, Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Şəxs MMCnin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə MN ******* nömrəli, 05 aprel 2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Salyan şosesi 25 ünvanında 05 aprel 2021-ci il tarixində saat 11:44-də müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi faktı müəyyən edilmişdir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsinin nümayəndəsi X4 tərtib edilmiş protokolu müdafiə edərək bildirmişdir ki, cəmiyyətin ərazisində olan binanın üzərində yerləşdirilən "Şəxs" yazısı "Reklam haqqında" Azərbaycan Respublikasının Qanununun 2.0.1 -ci və 26.1-ci maddələrinin tələblərinə cavab verməməklə bayıra ünvanlanır, həmçinin reklam obyektinə reklam istehlakçısının diqqətini cəlb etmək, marağını formalaşdırmaq və saxlamaq, əmtəəni bazarda tanıtmaq və satışını stimullaşdırmaq məqsədi daşıyır. İdarə tərəfindən cəmiyyətə 26 fevral 2021-ci il tarixində "Açıq məkanda reklam yayımına görə icazənin alınması zərurəti barədə" məktub ünvanlanmış, yayımlanan reklamlara görə 5 gün ərzində müvafiq icazə alınması tələb edilmiş və icazə alınmadan reklam yayımı davam etdiriləcəyi təqdirdə müvafiq tədbirlər görüləcəyi cəmiyyətin diqqətinə çatdırılmışdır. İdarənin əməkdaşları tərəfindən 05 aprel 2021-ci il tarixdə həyata keçirilmiş nəzarət tədbirləri nəticəsində cəmiyyət tərəfindən xəbərdarlığa məhəl qoyulmadığı və icazəsiz reklam yayımının davam etdirildiyi müəyyən olunmuşdur. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 04 sentyabr 2018-ci il tarixli qərarına əsasən uzanan hüquqpozuntuları (cinayət, xəta) başlayır və uzanaraq müəyyən müddət ərzində fasiləsiz törədilir. Uzanan hüquqpozuntusunun mahiyyəti onun fasiləsizliyində ifadə olunur və bu, onun əsas meyarıdır. İnzibati xətalar qanunvericiliyində uzanan inzibati xətaların təsnifatı və ya mahiyyəti açıqlanmasa da nəzəri cəhətdən qeyd etmək olar ki, uzanan inzibati xəta bir müddət ərzində inzibati cəza təhdidi altında qanunverici tərəfindən müəyyən şəxsin üzərinə qoyulmuş öhdəliklərin hərəkət və ya hərəkətsizlik formasında yerinə yetirilməməsidir. İnzibati Xətalar Məcəlləsinin 9.2-ci maddəsinin ikinci cümləsinə əsasən uzanan inzibati xətaya görə şəxs inzibati məsuliyyətə cəlb olunduqdan sonra da bu xətanı törətməkdə davam edirsə, inzibati məsuliyyətə cəlb olunur. Məcəllənin 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən şəxsi azad etmir. Məcəllənin 9.2-ci maddəsinin ikinci cümləsindən görünür ki, uzanan inzibati xətanın aşkara çıxarıldığı gün inzibati xəta haqqında protokol tərtib olunduğu gün hesab edilir. Çünki, aidiyyəti şəxs uzanan inzibati xətanı ilk dəfə törətdikdən, həmin xəta aşkar edildikdən və məsuliyyətə cəlb edildikdən sonra da bu xətanı törətməkdə davam edirsə aydın məsələdir ki, inzibati xətanın aşkar edilmə vaxtı onun ilk dəfə aşkar edildiyi vaxt deyil. Belə ki, məsuliyyətə cəlbetmə müddəti uzanan inzibati xətanın ilk dəfə törədildiyi və aşkar edildiyi gündən hesablansa idi, Məcəllənin 9.2ci maddənin 2-ci cümləsinin hər hansı əhəmiyyəti olmazdı. Qeyd olunanlarla yanaşı, idarə tərəfindən ilk növbədə reklam yayıcılarının qanunvericiliyin tələblərinə könüllü əməl etmələri üçün maarifləndirmə tədbirləri görülür, onlara bildiriş və xəbərdarlıq məktubları göndərilir. Bu tədbirlər nəticə vermədikdə isə Məcəlləyə uyğun olaraq inzibati xəta haqqında iş üzrə icraatlar başlanılır. İdarənin əməkdaşları 05 aprel 2021-ci il tarixdə saat 11:40-dan 12:00-dək cəmiyyətin yerləşdiyi ünvanda olmuş, inzibati xəta haqqında protokolun tərtib olunmasında səlahiyyətli şəxsinin iştirakını təmin etmək məqsədilə obyektin girişində adını, soyadını və vəzifəsini təqdim etməyən, lakin özünün məsul şəxs olduğunu bildirən şəxsə obyektə daxil olmaq istədiklərini bildirmişlər. Həmin şəxs idarənin əməkdaşlarına obyektə daxil olmağa icazə verməmiş və protokolun tərtib olunmasında iştirak etmək üçün səlahiyyətli şəxsi çağırmaqdan imtina etmişdir. Daha sonra idarənin əməkdaşları tərəfindən obyektin çölündə inzibati xəta haqqında protokol tərtib edilmiş, imzalamaq üçün obyektin məsul şəxsinə təqdim olunmuşdur. Lakin, həmin şəxs inzibati xəta haqqında protokolu imzalamaqdan və onun surətini almaqdan imtina etmişdir. Belə olan halda, inzibati xəta haqqında protokol rəsmi məktubla cəmiyyətə ünvanlanmışdır. Həmçinin, inzibati xəta haqqında protokola əlavə edilmiş fotoşəkillərin lokasiya, tarix və saat məlumatlarından da görünür ki, həmin protokol xətanın törədildiyi yerdə tərtib edilmiş və sözügedən fotoşəkillər protokol tərtib olunduğu gün və saatdə çəkilmişdir. Odur ki, Şəxs MMC barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs MMCnin nümayəndəsi X5 öz izahatında bildirmişdir ki, Bakı şəhəri Reklam İdarəsinin sektor müdiri X3 tərtib etdiyi 05 aprel 2021-ci il tarixli MN seriyalı ******* nömrəli protokol tərtib edilərkən “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1.,2.0.3-cü maddələrinin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12 və 101 -ci maddələrinin tələbləri pozulmuşdur. Bundan əlavə, protokola, guya Şəxs MMC-nin nümayəndəsinin özünü təqdim etməkdən, protokolu imzalamaqdan və protokolun surətini almaqdan imtina etməsi barədə həqiqətə uyğun olmayan məlumatlar daxil edilmişdir. “Reklam haqqında” Qanunun 2-ci maddəsinə əsasən reklam- reklam istehlakçısının diqqətini reklam obyektinə müxtəlif vasitə və üsullardan istifadə olunmaqla istənilən formada cəlb etmək, marağını formalaşdırmaq və saxlamaq, əmtəəni bazarda tanıtmaq və satışını stimullaşdırmaq məqsədi ilə yayımlanan məlumafdır. Reklam obyekti isə “2.0.3. reklam obyekti- reklam olunan mallar, işlər və xidmətlər (bundan sonra- əmtə), onun fərdiləşdirmə vasitələri, həyata keçirilən kommersiya və qeyrikommersiya xarakterli tədbirlər”dir. Qanunda əsas anlayışlar barədə qeyd edilənlərdən də göründüyü kimi sözügedən protokolda göstərilən açıq məkanda reklam yerləşdirilməsi faktı olmamışdır. Ona görə ki, Şəxs MMC-nin magistral şosse yolundan təxminən 900- 1000 metrlik məsafədə, “Karton zavodu”nun arxa tərəfində, hasara alınmış və mühafizə edilən ərazisində yerləşən, əsas sexlərindən olan şüşə tara sexinin binasında sexin qısa adını bildirən “ASKŞÜŞƏ” yazısı ilə nə hər hansı malı (xidməti, işi) fərdiləşdirilmək, nə kommersiya (qeyri-kommersiya) təklifi vermək, nə də ki əmtəəni bazarda tanıtmaq və satışını stimullaşdırmağı reklam etmək mümkün deyil. Yəni, reklam və reklam obyekti yoxdur. İXM-nin 12-ci maddəsinin tələbinə görə isə inzibati xəta hesab olunan əməl (hərəkət və ya hərəkətsizlik) olmadıqda inzibati məsuliyyət yaranmır. İXM-nin 53-cü maddəsinə görə inzibati xəta hadisəsinin və ya inzibati xəta tərkibinin olmaması halları İnzibati xəta haqqında işlər üzrə icraatı rədd edən hallara aiddir. Bundan əlavə, sözügedən protokol tərtib edilərkən prosessul müddətlərə də əməl edilməyib. Belə ki, İXM-nin 101-cü maddəsinin tələbinə görə inzibati xəta haqqında protokol inzibati xəta aşkar edildikdən dərhal sonra və ya ən geci 2 gün müddətində tərtib edilməlidir. Bakı şəhər Reklam İdarəsinin Şəxs MMC-yə ünvanladığı 26 fevral 2021 -ci il tarixli Rİ1/0103/544 nömrəli məktubdan və həmin məktuba əlavə edilən (protokolda qeyd edilən fotoşəkilin nüsxəsi) fotoşəkildən də göründüyü kimi onlar 2021- ci ilin fevral ayında artıq bu barədə məlumatlı olsalar da, protokol 2021-ci ilin aprel ayında tərtib edilib. Yəni, qanunvericiliyin tələbləri pozulub. Protokola həqiqəti əks etdirməyən məlumatların (nümayəndənin özünü təqdim etməməsi, protokolu imzalamaqdan və surətini almaqdan imtina etməsi və s.) daxil edilməsi ilə əlaqədar bildiririk ki, Şəxs MMC-nin təsisçisi səhmləri yüz faiz dövlətə məxsus olan ‘Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmadar Cəmiyyətidir. Cəmiyyətin ərazisi “xxxx” MMC və Qaradağ rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən mühafizə edilir. Mühafizə əməkdaşları Bakı şəhər Reklam İdarsinin əməkdaşlarını onların müraciəti əsasında 2021-ci ilin fevral ayında cəmiyyətin ərazisinə buraxmış və onlar reklam barədə müqavilə bağlanması təklifi ilə müraciət etmişdilər. Onlara həm şifahi, həm də yazılı formada cavab verilmişdi ki, bu məsələ ilə bağlı müvafiq dəqiqləşmələr aparıldıqdan sonra, qanunvericiliyə uyğun olaraq Şəxs ASC-nin Satıalmalar Komitəsinə müraciət ediləcəkdir. Həmin görüşdən və cavab məktubu göndərildikdən sonra Bakı şəhəri Reklam İdarəsinin heç bir əməkdaşı cəmiyyətə (onun ərazisinə) gəlməmişdir. Yəni, protokolda qeyd edilən məlumatlar həqiqətə uyğun deyildir. Onu da qeyd etmək lazımdır ki, məhkəməyə təqdim edilən protokolla cəmiyyətə təqdim edilən protokol arasında da fərq var. Belə ki, məhkəməyə təqdim edilən protokolda həmin protokolun surətinin göndərilməsi barədə qeyd olduğu halda, cəmiyyətə göndərilən protokolda həmin hissə boş buraxılmışdır. Qeyd edilənləri və inzibati xəta hadisəsinin olmamasını nəzərə alaraq məhkəmədən iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarmasını xahiş edirik. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyi İnternet Vergi İdarəsinin kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında çıxarışdan görünür ki, nizamnamə kapitalı ********.83 AZN olan Şəxs MMC təşkilati-hüquqi forması məhdud məsuliyyətli cəmiyyət kimi 23 fevral 2018-ci ildə dövlət qeydiyyatına alınmışdır. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs MMCnin Azərbaycan Respublikası İXM-in 428.7.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir və Şəxs MMC həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsinə əsasən müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli 1743 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”nın: 1.4. Açıq məkanda reklam daşıyıcısı dedikdə, reklamın istehlakçıya çatdırılması üçün istifadə olunan daşınmaz və daşınar (o cümlədən ixtisaslaşdırılmış stasionar və səyyar reklam qurğuları) əmlak nəzərdə tutulur. 1.5. Birbaşa aid olduğu xidmət, ticarət və ya digər obyektlərin giriş hissəsində, fasadında (divarında, hasarında) yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü, ünvanını və iş rejimini istehlakçıya çatdıran sayı 1-dən, ümumi ölçüsü 1 kvadratmetrdən artıq olmayan lövhələr (yazılar), habelə ölçüsündən asılı olmayaraq, şəhər informasiya stendlərində qeyri-kommersiya məqsədi ilə yerləşdirilən plakatlar, siyasi reklamlar, qeyri-hökumət təşkilatlarının, hüquqi (o cümlədən dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin) və fiziki şəxslərin kommersiya fəaliyyəti ilə bağlı olmayan elanları, həmçinin dövlət orqanlarına aid olan lövhələr və Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 86.1-ci maddəsində nəzərdə tutulmuş məlumat lövhələri reklam qurğuları və ya yerləşdirilməsinə icazə alınması tələb olunan reklam hesab edilmir. 2.1-ci bəndinə əsasən açıq məkanda reklam yerləşdirilməsinə icazə alınması üçün reklam yayıcısı (reklam qurğusunun mülkiyyətçisi, digər reklam daşıyıcısının isə sahibi) "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu və 30-cu maddələrində nəzərdə tutulmuş qaydada müvafiq quruma ərizə təqdim edir. Ərizə müvafiq qurum tərəfindən "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinə uyğun olaraq qəbul edilir və qeydiyyata alınır; 3.1-ci bəndinə əsasən müvafiq qurum açıq məkanda yerləşdirilmiş (yerləşdirilən) reklam daşıyıcılarının qanunvericiliyin tələblərinə uyğunluğunu yoxlayır, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada müvafiq göstərişlər verir, reklam qurğularının sökülməsi barədə qərar qəbul edir və onları sökür; 3.6-cı bəndinə əsasən açıq məkanda reklam fəaliyyətinə nəzarət çərçivəsində reklam yayıcısının yerləşdiyi ünvanda yoxlama aparılması zərurəti yarandıqda, həmin yoxlama "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə uyğun həyata keçirilir; 3.7-ci bəndinə əsasən müvafiq qurum reklamvericilərin, reklam istehsalçılarının, reklam yaradıcılarının, reklam agentlərinin və reklam yayıcılarının hərəkətlərində açıq məkanda reklam üzrə inzibati xəta əlamətləri aşkar etdikdə, İXM-ə uyğun olaraq tədbirlər görür, cinayət əlamətləri olduqda isə aidiyyəti üzrə məlumat verir. “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsinə görə açıq məkanda reklam avtomobil yollarının torpaq sahəsində, şəhər, kənd, qəsəbə və digər yaşayış məntəqələrində olan reklam daşıyıcıları üzərində yerləşdirilir. Açıq məkanda ölçülərindən asılı olmayaraq reklam qurğularının tikintisinə, quraşdırılmasına, onlara konstruktiv dəyişikliklərin edilməsinə icazəni Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum verir. Həmin Qanunun 26.2-ci maddəsinə əsasən açıq məkanda reklam yerləşdirmək üçün reklam yayıcısı müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan icazə almalıdır. İcazə reklam yayıcısının tələbatına uyğun, lakin bir ildən artıq olmayan müddətə verilir. İcazənin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə və qaydada dövlət rüsumu tutulur. İcazə verilərkən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum reklama dair texniki şərtlər pasportunu hazırlayaraq reklam yayıcısına təqdim edir və reklam yayıcısı ilə icazə müqaviləsini bağlayır. Bu Qanunun 26.2-3-cü maddəsinə görə reklam yayıcısı açıq məkanda reklam yayımına görə bu Qanunun 35.3-cü maddəsinə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma haqq ödəyir. Sözügedən Qanunun 35.3-cü maddəsinə əsasən açıq məkanda reklam yayımına görə ödənilən haqqın məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu maddənin birinci cümləsinin tələbi nəzərə alınmaqla, açıq məkanda reklam yayımına görə haqqın ödənilməsi ilə bağlı məsələlər hər bir reklam yayıcısı ilə bağlanan bu Qanunun 26.2-ci maddəsində nəzərdə tutulmuş icazə müqaviləsində müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs MMCnin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə Şəxs MMCnin törətdiyi inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40; 43; 48-50; 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 5000 (beş min) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-531/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-531/2021
06.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver