Məhkəmə qərarları › İş №3(002)-534/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-534/2023

30.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-534/2023 30.03.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektoru, polis kapitanı X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxxx 1999-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu PB-dən daxil olmuş inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəməyə daxil olmuş sənədlərdən aydın olur ki, Şəxs 29 mart 2023-cü il tarixdə, saat 22:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən dəmir yolu keçidində YPX əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq, avtomobili duracağa təmin etməmişdir. Buna görə də onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 30 mart 2023-cü il tarixdə MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə baxışı zamanı Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektoru, polis kapitanı X2 protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs 29 mart 2023-cü il tarixdə, günorta saatlarında “Hyundai Sonata” markalı, ** AC *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən zaman kobud qayda pozuntusu etdiyini Qaradağ RPİ-nin rəisi görmüş və nəticədə sonuncunun saxlanılması barədə YPX əməkdaşlarına göstəriş vermişdir. Bu səbəbdən də həmin gün saat 22:00 radələrində vətəndaş Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən dəmir yolu xəttini keçərkən saxlanılmış və onun avtomobildən düşməsi tələb olunmuş, idarə etdiyi avtomobilin isə duracağa yerləşdiriləcəyi ona bildiirlmişdir. O isə avtomobildən düşməyəcəyini deyərək polis əməkdaşlarıın göstərişlərinə tabe olmamışdır. Nəticədə YPX əməkdaşları ƏÇPA əməkdaşlarını hadisə yerinə çağırmış, ƏÇPA-nın polis nəfərləri saat 22:30 radələrində 9698 çağıırışlı avtopatrulla hadisə yerinə gəlmiş və vətəndaşı 10-cu Polis Bölməsinə təmin etmişlər. O, öz izahatına onu da əlavə etmişdir ki, vətəndaşın sözügedən qayda pozuntusu törətməsi ilə bağlı hər hansı bir inzibati protokolun tərtib edilmədiyini, həmçinin vətəndaşın polisə müqavimət göstərməsi ilə bağlı video görüntünün iş materiallarına əlavə olunmadığını qeyd etmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs öz izahatında barəsində tərtib edilmiş protokolu qəbul etməyək bildirmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Cənub” yaşayış kompleksi, bina 24B, mənzil 4 ünvanında ailəsi ilə birlikdə yaşayır, subaydır, əsəb xəsətləyindən əziyyət çəkir, fərdi qaydada sürücülük fəaliyyəti ilə məşğul olur. 29 mart 2023-cü il tarixdə, axşam saat təxminən 22:00 radələrində idarə etdiyi “Hyundai Sonata” markalı, ** AC *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən dəmir yol keçidini keçərkən YPX əməkdaşları onu saxlamış, ondan avtomobildən düşməsini tələb etmiş və maşınının duracağa yerləşdiriləcəyini ona bildirmişlər. O, YPX əməkdaşlarından hansı səbəbdən saxlanıldığını soruşduqda isə polislər ona bu barədə onlara göstəriş verildiyini demiş, lakin hansı səbəbdən saxlanıldığı barədə ona hər hansı bir əsaslandırılmış cavab verməmişlər. O, polis əməkdaşlarına heç bir müqavimət göstərməmiş, üzərində olan sənədləri, sürücülük vəsiqəsini, etibarnaməni və şəxsiyyət vəsiqəsini polis əməkdaşlarına təqdim etmişdir. Daha sonra YPX əməkdaşlarının onun avtomobildən düşməsində və avtomobilini duracağa yerləşdirməsində israrlı olduqlarını görüb 102 xidmətinə zəng etmişdir. 102 xidmətindən ona səbrli olmağı, işin araşdırılacağını və ona Qaradağ RPİ-dən zəng gələcəyini bildirmişlər. O, bu halı onu saxlamış YPX əməkdaşlarına bildirdikdə polislər onun telefonunu da əlindən almışlar. Daha sonra ƏÇPA-nın əməkdaşları hadisə yerinə gəlmiş, onlar da hansı bir əsaslandırıcı səbəb izah etmədən onun polisə müqavimət göstərdiyini deyərək onu 10-cu Polis bölməsinə aparmışlar. O, öz izahatında daha sonra göstərmişdir ki, həmin gün avtomobilini idarə edərkən hər hansı qayda pozuntusu törətməsi ehtimalını istisna etmir, lakin bununla bağlı YPX əməkdaşları tərəfindən saxlanılaraq onun barəsində protokol tərtib olunmamış və ya törətdiyi inzibati xətanın nədən ibarət olması ona bildirilməmişdir. Heç bir əsas göstərilmədən ondan avtomobili tərk etməsinin tələb edilməsinin heç bir qanuna sığmadığını qeyd edərək barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, izahatları dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, təqdim edilmiş sənədlər natamam olduğundan və inzibati işə mahiyyəti üzrə baxılaraq yekun məhkəmə qərarı qəbul edilməsi mümkün olmadığından inzibati protokol və ona əlavə olunmuş sənədlər Bakı şəhər Qaradağ rayon Polis İdarəsinin 10-cu PB-nə qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində göstərilir ki, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 76.1-ci maddəsin əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Beləliklə məhkəmə araşdırması zamanı Şəxs yuxarıda qeyd olunan inzibati xətanı törətməsinə dair kifayət qədər sübutların toplanılmadığı, eləcə də qeyd olunan hadisə ilə bağlı tərəflərin izahatlarının alınmadığı, iş üçün əhəmiyyət kəsb edən maddi sübutun olubolmaması və onun götürülməməsi, eləcə də hadisənin videogörüntüsünün əldə edilmədiyi və sənədlərin natamam olduğu müəyyən edilmişdir. Bundan başqa məhkəmə araşdırması zamanı məhkəməyə Şəxs göstərilən tarixdə yol-hərəkət qaydalarını pozmasına dair hər hansı bir sübut təqdim edilməmişdir. Bütün bu yuxarıda göstərilənlər ona əsas verir ki, qeyd olunan iş üzrə toplanmış inzibati material baxılmadan geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40,43 və 109cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektoru polis kapitanı X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər natamam olduğundan geri qaytarılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar