Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-544/2025 23.04.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Bakı şəhəri Qaradağ rayon prokurorunun köməkçisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Salyan rayonu, Marışlı kəndində qeydiyyatda olan Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair Bakı şəhəri Qaradağ rayon prokurorluğundan daxil olmuş materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Qaradağ Rayon Prokurorluğu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar qəbul edilmiş, həmin qərar və ona əlavə edilmiş sənədlər baxılması üçün Qaradağ rayon Məhkəməsinə göndərilmişdir. Məhkəməyə daxil olmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərardan və ona əlavə edilmiş sənədlərdən görünür ki, vəzifəli şəxs Şəxs "xxxx" MMC ilə bağlanmış əmək müqaviləsinə əsasən iş icraçısı, məsul rəhbər vəzifəsində işləyərkən xx.xx.2024-cü il tarixdə, saat 14:40-da həmin MMC-nin Bakı şəhəri, Qaradağ rayonu Səngəçal terminalı ərazisində olmaqla, tabeçiliyində olan işçilərin, o cümlədən MMC-nin Qaradağ rayonu, Səngəçal terminalı üzrə quraşdırıcısı peşəsində işləyən X4 yerinə yetirdiyi işlərə birbaşa nəzarət və rəhbərlik etməli, eləcə də işçilərin təhlükəsiz şəraitdə işləmələrinə cavabdeh olmaqla, işlərin yerinə yetirilməsi zamanı baş verə biləcək təhlükələri lazımi diqqət və ya ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, bunları görməyərək "Təşkilatlarda yüklərin yerdəyişmə əməliyyatları. Ümumi təhlükəsizlik tələbləri." 12.3.020.-80 DÜST-nın 3.3.2-ci bəndinin və iş icraçısı, məsul rəhbərin vəzifə təlimatının müvafiq bəndlərinin tələblərini pozaraq, X9 terminalı ərazisində olan 3 metr hündürlükdəki neft çəninin girişinin qarşısında quraşdırılmış iskələ üzərindəki, çəkisi təxminən 60 kq, uzunluğu 1200 mm, diametri 260 mm olan 10 düym ölçülü borunu ip vasitəsi ilə aşağı saldığı zaman borunun bir tərəfinin İskələnin çıxıntısına ilişdiyinə görə həmin hissəni azad etmək istəyərkən borunun sürüşməsi nəticəsində sağ əlinin İİ barmağının dəmir boru ilə məhəccərin arasında sıxıldığına görə sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarətləri almasına səbəb olmuş, bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına az ağır zərərin vurulması inzibati xətasını törətmişdir. Qeyd olunanlar Şəxs, X8, X3 və X2 izahatları, istehsalatda bədbəxt hadisə haqqında 1/2024 nömrəli aktı, məhkəmə-əmək təhlükəsizliyinin tədqiqi ekspertizasının xx.xx.2025-ci il tarixli, 10/915 rəyi, məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 771 saylı sənədlərlə sübut olunur. Bununla da Azərbaycan Respublikası İXM-in 198.3-cü maddəsində nəzərdə tutulmuş texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına az ağır zərərin vurulması inzibati xətasını törətmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Qaradağ rayon prokurorunun köməkçisi X5 çıxış edərək, Şəxs inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, iş üzrə özünü təqsirli hesab edir. 2017-ci ildən bu vaxtadək "xxxx" MMC-də Səngəçal terminalı üzrə məsul rəhbər-iş icraçısı vəzifəsində işləmiş, 23 avqust 2024-cü il tarixdə bütün işçilərə, o cümlədən quraşdırıcı, qapalı sahə nəzarətçisi Rauf Abakarova terminalda olan "BP" şirkətinə məxsus neft çənlərinin borularını çəndən çıxardıb aşağı düşürtməyə dair tapşırıq vermiş, Rauf Abakarov borunu ip vasitəsi ilə iskələ üzərindən aşağı düşürtmək istəyərkən Rauf Abakarov borunun bir tərəfinin iskələ çıxıntısına ilişdiyi üçün əli ilə müdaxilə edərək həmin hissəni azad etmək istəmiş və bu vaxt boru sürüşmüşdür. X10 sağ əlinin İİ barmağı dəmir boru ilə məhəccərin arasında sıxışıb qalmaqla, həmin barmağından xəsarət almışdır. O, zərərçəkmiş şəxs barəsində əməyin təhlükəsizliyi və texniki təhlükəsizlik qaydalarına riayət üzrə nəzarət öhdəliyini həyata keçirə bilməmişdir. Barəsində yüngül tənbeh tədbiri tətbiq edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-in 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. Belə ki, iş materiallarında olan cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərarından görünür ki, 18-C-25 nömrəli material üzrə Şəxs barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası CM-nin 162.1-ci maddəsi ilə cinayət işi başlanması rədd edilmiş, toplanmış material Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması məsələsinə baxılması üçün Qaradağ rayon prokurorluğuna göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” X13 xx.xx.2024-cü il tarixli, 771 saylı rəyindən görünür ki, X4 məhkəmətibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər - sağ əlin İİ barmağının distal falanqasının sınığı ilə müşayiət olunan dırnaq yatağının arxa səthinin yumşaq toxumalarının zədələnməsi və əzilmiş-cırılmış yarası bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə və şəraitdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/915 nömrəli ekspert rəyindən görünür ki, baş vermiş hadisə ilə əlaqədar "Təşkilatlarda yüklərin yerdəyişmə əməliyyatları. Ümumi təhlükəsizlik tələbləri." 12.3.020.-80 DÜST-nın 3.3.2-ci bəndinin tələbi pozulmuşdur ki, bu da baş vermiş hadisənin texniki səbəbi olmuşdur. Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal terminalı ərazisində "xxxx" MMC-nin işçiləri tərəfindən, 3 m hündürlükdən çəkisi təxminən 60 kq, uzunluğu 1200 mm, diametri 260 mm olan borunun aşağı endirilməsi prosesinin qaldırıcı və ya digər maşın-mexanizmlərdən istifadə etməklə aparılması təmin edilmədiyinə görə, "Təşkilatlarda yüklərin yerdəyişmə əməliyyatları. Ümumi təhlükəsizlik tələbləri." 12.3.020.-80 DÜST-nın 3.3.2-ci bəndinin tələbi "xxxx" MMC-də təhlükəsiz iş şəraitinin yaradılmasına cavabdeh olan şəxs(-ler) tərəfindən pozulmuşdur. İş materialında olan xx.xx.2023-cü il tarixdə Şəxs tərəfindən imzalanmış vəzifə təlimatından görünür ki, vəzifə öhdəliklərinə tabeçiliyində olan işçilər üçün lazım olan təhlükəsizlik təlimatı və ya təlimlər təşkil olunduğunu müəyyən etmək, müvafiq təlim keçmiş və bacarıqlı kadrların bütün işlərini nəzarət altında təhlükəsiz həyata keçirilməsini təmin etmək, təhlükəsiz iş sistemlərinə uyğunluğunun təmin edilməsi üçün iş yerində davamlı yoxlamalar aparmaq aiddir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır;. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 198.2-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 198.3-cü maddəsinə əsasən bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar və inzibati materialda olan digər sənədlərlə, o cümlədən ekspertiza rəyləri ilə texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tam sübuta yetirilmişdir. Odur ki, Şəxs həmin maddə ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Məhkəmə tərəfindən Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən inzibati məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən halı və məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1500 (min beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-544/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-544/2025
23.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver