Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-549/2023 30.03.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi ilə, Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin 38-ci polis bölməsinin sahə inspektoru, polis kapitanı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakları ilə, xx xxxxx 1998-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Cəbrayıl rayonu, Dağtumas kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol Qaradağ Rayon Məhkəməsinə təqdim edilmişdir. İnzibati xəta haqqında protokola əsasən, Şəxs 29 mart 2023-cü il tarixdə saat təxminən 22:10 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsində polis əməkdaşının tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Qaradağ RPİ-nin 38-ci PB-nin sahə inspektoru R.İ.Mirzəyev tərəfindən tərtib edilmiş protokolu müdafiə etdiyini bildirmiş, Şəxs barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında bildirmişdir ki, o, ünvan 1 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. 29 mart 2023-cü il tarixdə babasına məxsus evin həyətinə siqaret çəkmək üçün düşdüyü zaman polis əməkdaşları ona yaxınlaşmış, üstünü yoxlamış daha sonra ona güc tətbiq edərək polis bölməsinə gətirmişlər. O, polis işçilərinə qarşı heç bir müqavimət göstərməmiş, nalayiq ifadələrdən istifadə etməmiş, əksinə polis əməkdaşlarının bütün tələblərinə əməl etmişdir. Polis əməkdaşlarının ona yaxınlaşdıqları yer qarşıda olan marketin müşahidə kameraları ilə qeydə alınmış videogörüntüyə baxmaqla onun müqavimət göstərməməsini təsdiqləmək mümkündür. Göstərilən halları nəzərə alaraq, barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bundan əlavə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, polis əməkdaşına qarşı nalayiq ifadələr işlətməmişdir. Analiz nəticələri ilə onun narkotik vasitədən istifadə etməsinin müəyyən edilməsinə dair qeyd etmişdir ki, o, təqribən 1 ay əvvəl narkotik vasitə etmişdir. Həmçinin bildirmişdir ki, 29 mart 2023-cü il tarixdə, saat 23:05-də polis əməkdaşları tərəfindən Polis Bölməsinə gətirilərkən hüquq və vəzifələri ona izah edilmiş, müdafiəçinin pulsuz hüquqi yardımından istifadə etmək hüququ izah edilsə də, bundan özü imtina etmiş, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla və ona əlavə edilmiş materiallarla tanış olmuş, işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmamış, ona heç bir fiziki təzyiq və zorakılıq göstərilməmiş, tutulduğu və harada saxlanıldığı barədə ailə üzvlərinə məlumat verilmişdir. Heç bir əlillik dərəcəsi yoxdur. Məhkəmə iclasında iştirak edən Vəkil izahatında bildirmişdir ki, Şəxs hərəkətləri polisə tabesizlik sayılmır, inzibati xətanın törədilməsini tədiq edən heç bir sübut (videogörüntü) təqdim edilmədiyindən fakt öz təsdiqini tapmamışdır. Tərtib edilmiş protokol əsassızdır. Hüquqlarını müdafiə etdiyi şəxsin əməlində inzibati xəta tərkibinin olmadığını nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şahid X2 izahatında bildirmişdir ki, Ümid qəsəbəsində baş vermiş oğurluq hadisəsində şübhəli olan Ramil adlı şəxs təhlükəsizlik kamerasına düşmüş, həmin şəxsin yaxalanmasına görə onun yaşadığı binanın qarşısına getmişlər. Onu tutmaq istəyən zaman o, qaçmağa cəhd göstərmiş, səs-küy salaraq onların qanuni tələblərinə tabe olmamışdır. Onu sakitləşdirmək istəsələr də o, öz hərəkətlərini davam etdirmişdir. Hadisə zamanı içkili olmamış lakin narkotik vasitə qəbul etdiyi müəyyən edilmiş, bununla bağlı müayinə keçirilmiş və akt tərtib edilmişdir. Daha sonra tutularaq polis bölməsinə təhvil vermişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan 29 mart 2023-cü il tarixli raportdan görünür ki, Ümid qəsəbəsində baş vermiş mənzil oğurluqlarında şübhəli bilinən xx.xx.1998-ci il təvəllüdlü Şəxs xx.xx.2023-cü il tarixdə Ümid qəsəbəsi 4-cü bina qarşısında saxlanılmışdır. Həmin zaman Şəxs polisin qanuni tələbinə qəsdən tabe olmayaraq müqavimət göstərərək əl-qol atmış, qaçmağa cəhd etmiş və səs-küy salaraq nalayiq ifadələr işlətmişdir. Şəxs sakitləşdirsələr də o, öz hərəkətlərini davam etdirmiş və 38-ci PB-nə gətirilmişdir. PB-də 20 dəqiqə iş rejimini pozmuşdur. Raportun araşdırılması üçün aidiyyəti üzrə göstəriş verilməsi xahiş edilmişdir. İş materiallarında olan tutma haqqında 29 mart 2023-cü il tarixli protokoldan görünür ki, Şəxs 29 mart 2023-cü il tarixdə saat 23:05-də şübhəli şəxs qismində tutulmuş, 30 mart 2023-cü il tarixdə, saat 09:30-da azad edilmişdir. İş materiallarında olan MN ******* nömrəli, 30 mart 2023-cü il tarixli protokoldan görünür ki, Şəxs 29 mart 2023-cü il tarixdə saat təxminən 22:10 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsində polis əməkdaşının tələblərinə tabe olmamışdır. İş materiallarında olan narkotik sərxoşluq vəziyyətinin narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi məqsədi ilə tibbi müayinənin keçirilməsi haqqında 1504 nömrəli aktın surətindən görünür ki, müayinə nəticəsində Şəxs sidiyində MOP (+), OPİ (+), AMP (+) aşkar edilmişdir. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs 29 mart 2023-cü il tarixdə saat təxminən saat 23:05 radələrində babasına məxsus mənzilin qarşısında siqaret çəkərkən polis əməkdaşları ona yaxınlaşmış, o, polis əməkdaşları ilə polis bölməsinə getmişdir. Göründüyü kimi o, polis işçilərinə qarşı heç bir müqavimət göstərməmiş, nalayiq ifadələrdən istifadə etməmiş, əksinə polis əməkdaşlarının bütün tələblərinə əməl etmişdir. Əks halda, yəni polis əməkdaşlarının da qeyd etdiyi kimi Şəxs onların tələbinə tabe olmayaraq səs-küy nümayiş etdirmiş olsa idi həmin binada yaşayan sakinlər, o cümlədən sonuncunun həmin mənzildə yaşayan yaxın qohumları bu barədə xəbərdar olmalı iidlər. Lakin məhkəmə iclasına həmin vaxt Şəxs qeyd olunan ünvandan götürülməsində iştirak etmiş polis əməkdaşı İ.İ.Hüseynəliyev yeganə şahid kimi dəvət olunmuş, hadisəni təsdiq edən heç bir videogörüntü məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edildiyini nəzərə alaraq, iş materialına əlavə olunmuş narkotik sərxoşluq vəziyyətinin narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi məqsədi ilə tibbi müayinənin keçirilməsi haqqında akt sübut növü kimi qiymətləndirilə bilməz, çünki hazırki inzibati xətanın tərkibini yaratmır. Yuxarıda göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, Şəxs polis əməkdaşlarına qarşı heç bir qanunsuz hərəkətə və ifadələrə yol verməmiş, saxlanılarkən onların bütün tələblərinə tabe olmuşdur. Təsvir olunanlardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmamışdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi olmamışdır. Belə ki, onun əməlində inzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən (obyekt, obyektiv cəhət, subyekt və subyektiv cəhət) biri olan obyektiv cəhət yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Həmçinin məhkəmə hesab edir ki, barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Vəkil məhkəmədə iştirak etdiyi 2 saata görə 12 (on iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Şəxs hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Vəkil məhkəmədə iştirak etdiyi 2 saata görə 12 (on iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan 10 gün müddətində Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-549/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-549/2023
30.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver