Məhkəmə qərarları › İş №3(002)-556/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-556/2022

24.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-556/2022 24.05.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi və vəkili X1 iştirakı ilə, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC barəsində Qaradağ RPİ-dən daxil olmuş inzibati materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC barəsində Qaradağ RPİ-nin DYPŞ-sı tərəfindən İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. İşdə olan AP ******* №-li 05 aprel 2022-ci il tarixli protokoldan və işə əlavə edilmiş sənədlərdən aydın olur ki, Şəxs MMC-nin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsinin yol vərəqəsi və sürücü haqqında məlumat DYPŞ-na beş gün müddətində təqdim edilmədiyi üçün həmin təşkilat barəsində İXM-nin 347-ci maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi və vəkili X2 məhkəməyə vəsatət təqdim edərək bildirmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qaradağ rayon Polis İdarəsi tərəfindən verilmiş qanunvericiliyə uyğun olaraq 5 gün müddətində "xxxx" MMC tərəfindən cavab verilməmişdir. İş materiallarına əlavə olunmuş poçt qəbzində həmin sorğunu “Əliyev” soyadlı şəxsin qəbul etməsi göstərilir. Nə "xxxx" MMC-də, nə də həmin hüquqi şəxsin ünvanında “Əliyev” soyadlı şəxs yaşamır. Ümumiyyətlə "xxxx" MMC-yə belə bir sorğu daxil olmamışdır. Poçt qəbzində olan naməlum şəxsin imzası həmin sorğunun onlara təqdim edildiyini sübut etmir. Məlum olduğu kimi Qaradağ rayon Polis İdarəsi tərəfindən təqdim edilmiş və sorğunun guya onlara təqdim edildiyini sübut edən poçt qəbzinin ştrix kodu vardır. (SS777887674AZ). Eyni zamanda Azərpoçt ASC-nin rəsmi saytında poçt göndərişlərinin izlənilməsi xidməti vardır. Lakin SS777887674AZ ştrix kodu həmin saytda yoxladıqda məlumatın aşkar edilmədiyi müəyyən olunur. Yəni "xxxx" ASC-nin rəsmi saytı belə bir poçt qəbzinin qeydiyyatdan keçmədiyini bildirir. Göstərilənləri ümumiləşdirdikdə təqdim edilmiş qəbzin mötəbər sübut olmadığı və onlara aidiyyatı olmayan şəxs tərəfindən imzalandığı aşkar edilir. Beləliklə həmin sorğunun Sahil Transport» MMC tərəfindən qəbul edilmədyini, imzanın onlara aid olmadığını, eyni zamanda rəsmi saytda həmin qəbzin aşkar edilmədiyini, imzanın onlara aid olmadığını, eyni zamanda rəsmi saytda həmin qəbzin aşkar edilmədiyini nəzərə alaraq məhkəməyə təqdim edilmiş SS777887674AZ ştrix kodlu qəbzin sübutların siyahısından çıxarılmasını xahiş etmişdir. Tərəfin məhkəməyə təqdim etdiyi və məhkəmə iclasında tədqiq edilmiş digər bir vəsatətdə isə qeyd edilmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qaradağ rayon Polis İdarəsi tərəfindən verilmiş sorğuya qanunvericiliyə uyğun olaraq 5 gün müddətində "xxxx" MMC tərəfindən cavab verilməmişdir. Lakin iş materiallarına "xxxx" MMC-nin mülkiyyətində “Great Vall 5 minik” markalı, ** PH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi iki inzibati pozuntu etsə də, həmin protokolların poçt qəbzi və və poçt reyestrində bir sorğuda göndərildiyi aşkar olunur. Belə ki, eyni sorğu əsasında hazırda Qaradağ rayon Məhkəməsinin hakimi Rufan Mürsəlovun icraatında 3(002)-556/22 saylı, Qaradağ rayon Məhkəməsinin hakimi Teymur Qurbanovun icraatında isə 3(002)-556/22 saylı da iş vardır. İXM-nin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Yəni hətta tərəflərindən pozuntu olmuşdursa belə bu yalnız bir sorğuya cavab verilmədiyi üçün olmuşdur. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb edilə bilməz. Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Əlavə olaraq bildirmişdir ki, protokollardan da görsənir ki, iddia olunduğu kimi, inzibati pozuntu olmuşdursa da belə həmin pozuntu eyni hərəkətlə, eyni vaxtda edilmişdir. Göstərilənləri nəzərə alaraq eyni sorğu əsasında Qaradağ rayon Məhkəməsinin 2 hakimində eyni sorğu əsasında eyni inzibati iş olduğunu nəzərə alaraq həmin işlərdən biri üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Qaradağ RPİ-nin DYPŞ-na rəsmi məlumat verilsədə həmin təşkilatdan nümayəndə məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə də heç bir məlumat verməmişlər. Məhkəmə işə İXM-nin 61.3-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını və tərəfin izahatını, həmçinin onun məhkəməyə təqdim etdiyi yazılı vəsatətləri nəzərdən keçirib hesab edir ki, Şəxs MMC tərəfindən inzibati xətanın törədilməsi iş materialları ilə tam təsdiq olunur. Belə ki, Şəxs MMC-yə məxsus olan “X4 5 minik” markalı ** PH *** dövlət qeydiyyat nişanlı avtomaşını idarə edən şəxs 02 mart 2022-ci il tarixdə saat 13:33-də Bakı-Qazax-Gürcüstan yolunun 35.7-ci kilometrində, körpünün üstündə yol nişanlarının tələblərinə riayyət etməyərək İXM-nin 327.1-ci maddəsinin tələblərini pozmuşdur. Bununla bağlı edilən sorğunu Şəxs MMC qəbul etsə də, sorğuya qanunla müəyyən edilmiş qaydada və müddətdə cavab verilməmişdir. Ona görə də Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsinin tələblərinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə onu da qeyd edir ki, Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi və vəkili X2 Şəxs MMC-nin barəsində tərtib olunmuş protokolların poçt qəbzi və və poçt reyestrində bir sorğuda göndərildiyini bildirsə də məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Şəxs MMC-yə iki fərqli protokol üzrə iki fərqli sorğu göndərilmişdir. Bunu Qaradağ RPİ-nin DYPŞ tərəfindən iş materiallarına əlavə edilmiş reyestrin surəti təsdiq edir. Bundan əlavə SS777887674AZ ştrix kodu hal-hazırki məhkəmənin mahiyyəti üzrə baxdığı işə aidiyyatı olmadığından onun sübutların siyahısından çıxarılması da əhəmiyyətsizdir. Azərbaycan Respublikası İXM-nin 123.1-ci maddəsində göstərilir ki, bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xətalar hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildikdə və müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat olmadıqda, həmin hüquqi şəxsə (dövlət qurumuna) səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bu barədə dərhal sorğu göndərilir. 123.2. Hüquqi şəxsin (dövlət qurumunun) müvafiq vəzifəli şəxsi sorğunu rəsmi qaydada aldığı vaxtdan 5 gün müddətində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə səlahiyyətli orqana (vəzifəli şəxsə) məlumat verməlidir. Səlahiyyətli orqan (vəzifəli şəxs) belə məlumatı aldığı vaxtdan 3 gün müddətində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan inzibati tənbeh vermə haqqında qərar tərtib edir. İnzibati tənbeh vermə haqqında qərar həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. 123.3. Bu Məcəllənin 123.1-ci maddəsində nəzərdə tutulmuş sorğuya cavab verməyən hüquqi şəxs, yaxud dövlət qurumunun vəzifəli şəxsi bu Məcəllənin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə məsuliyyətə cəlb olunur. Hüquqi şəxsin, yaxud dövlət qurumunun vəzifəli şəxsinin məsuliyyətə cəlb olunması onu müvafiq məlumatı təqdim etmək vəzifəsindən, fiziki şəxsi isə törətdiyi əmələ görə məsuliyyətdən azad etmir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 347-ci maddəsində göstərilir ki, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə: vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci, 114, 115 və 117 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar