Məhkəmə qərarları › İş №3(002)-570/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-570/2021

30.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-570/2021 30.04.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi X7 X2 etibarnamə üzrə nümayəndəsi X3, "Şəxs” Məhdud Məsuliyyətli Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X4 iştirakları ilə, "Şəxs” MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 228-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi X7 X1 daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs-nin Azərbaycan Respublikası İXM-nin 228-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 23 dekabr 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Qaradağ Rayon Məhkəməsinə daxil olmuşdur. Qeyd olunan material Qaradağ rayon Məhkəməsinin 03 fevral 2021-ci il tarixli, 3(002)-138/2021 saylı qərardadı ilə İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən səlahiyyətli orqana geri qaytarılmış, lakin həmin material səlahiyyətli orqan tərəfindən mövcud çatışmazlıqlar aradan qaldırılaraq yenidən 15 aprel 2021-ci il tarixdə məhkəməyə göndərilmiş və 19 aprel 2021-ci il tarixdə məhkəmənin icraatına qəbul olunmuşdur. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi X7 X2 etibarnamə üzrə nümayəndəsi X5 protokolu müdafiə etdiyini qeyd edib əlavə olaraq izahatında bildirmişdir ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan X7 X2 Manitorinq və Nəzarət şöbəsinin baş mütəxəsisi Yusif Yusifov, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal gəlirlər Baş idarəsinin Operativ nəzarət idarəsinin əməkdaşları vergi xidməti müşaviri Adil Həsənov, Azad Mirzəyev və 2-ci dərəcəli dövlət vergi müfəttişi Qoşqar Hacıəliyev tərəfindən 23.12.2021-ci il tarixdə Qaradağ rayonu ərazisində yerləşən Şəxs-yə məxsus Sahil əhəngdaşı yatağında mövcud olan karxana sahəsinə dağ-mədən fəaliyyətinin yoxlanılması məqsədilə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, Şəxs MMC-yə 01.08.2013-cü il tarixli 00765 nömrəli Dağ mədən ayırma aktı ilə yerin təkindən istifasdəyə icazə verilsə də, müvafiq icazənin müddəti 2018-ci ildə başa çatmışdır. Əraziyə baxış zamanı 7250 kv.m sahədə orta, istismar dərinliyi 2.4 m olmaqla 17.400 kub metr hasilat aparıldığı müəyyən olunmuşdur. Baxış zamanı ərazidə 2 ədəd daşkəsən kombayn və 1 ədəd şırımaçan müşahidə olunmuşdur. Nəticə olaraq , Şəxs tərəfindən yerin təkindən istifadəyə icazə verən “Dağ-mədən” ayırması” aktının 01 avqust 2018-ci il tarixində müddətinin bitməsinə baxmayaraq fəaliyyət göstərməklə “Yerin təki” haqqında qanunun 9, 10, 21, 46-cı maddələrinin tələblərini pozulmuşdur. Bununla bağlı müvafiq akt tərtib edilmişdir. Həmin akt əsasında isə Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsində göstərilən inzibati xətanı törətməsinə dair MN seriyalı ******* nömrəli, 23 dekabr 2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Göstərilənlərə əsasən Şəxs MMC-nin barəsində tənbeh tətbiq edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs "Şəxs” MMC -nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi (bundan sonra-hüquqi şəxsin nümayəndəsi) X6 protokola etiraz etdiyini qeyd edərək izahatında göstərmişdir ki, Şəxs MMC-yə məxsus Sahil əhəngdaşı yatağında hasilat aparılmasına əsas 01.08.2013-cü il tarixli 00765 nömrəli Dağ mədən ayırma aktı olmuşdur. Lakin 2018ci ildə bitmiş müvafiq icazənin yenidən verilməsi üçün ərizə ilə səlahiyyətli orqana müraciət etsələr də, hər dəfə müxtəlif bahanələrlə icazənin verilməsindən imtina edilmişdir. Ona görə də, Şəxs-nin barəsində Azərbaycan Respublikası İXM-nin 228-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş 23.12.2020-ci il tarixli akt və fotoşəkillərdən görünür ki, Şəxs-yə məxsus Sahil əhəngdaşı yatağında dağ-mədən fəaliyyətinə baxış keçirilmişdir. Araşdırma zamanı karxananın (Şəxs-yə məxsus) mövcud qanunvericiliyinin tələblərinə riayət olunması məqsədilə istismar olunan faydalı qazıntının həcmi hesablanıldı və əraziyə baxış keçirildi. Şəxs-yə məxsus karxanada 2 ədəd daşkəsən kombaynı və 1 ədəd şırımaçan vasitəsi ilə mişardaşı istehsal olunurdu. İstehsal prosesi zamanı yaranan tullantıların yığılması, qorunması uçotunun aparılması təmin olunmamışdır. Şəxs-yə məxsus 00765 nömrəli 2013-cü il 01 avqust tarixli yer təkindən istifadəyə müvafiq icazə sənədi, Dağ-mədən ayırması aktının 2018-ci il 01 avqust tarixində qüvvədən düşməsinə baxmayaraq ərazidə qanunsuz hasilat işləri aparılmışdır. Ərazi ölçmələr zamanı 145x50=7250 m2 sahədə 2.4 m orta istismar dərinliyi olmaqla 17.400 m3 əhəngdaşı istismar edildiyi müəyyən olundu. İstismarçı öz izahatında qeyd olunan hasilatın son üç və dörd ili əhatə etdiyini bildirmişdir. Nəticədə “Yerin Təki haqqında” qanunun 9,10, 21,46-cı maddələrinin tələbləri pozulmuşdur. Bu barədə 2 nüsxədən ibarət akt tərtib edilmişdir. Azərbaycan Respublikası İXM-in 228-ci maddəsinə əsasən Lisenziya və ya icazə olmadan və ya həmin sənəddə nəzərdə tutulmuş şərtləri pozmaqla yerin təkindən istifadə etməyə görə-fiziki şəxslər altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Səlahiyyətli orqanın və hüquqi şəxsin nümayəndələrinin izahatlarını dinləyib, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs-nin Azərbaycan Respublikası İXM-in 228ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetirilmişdir. Bununla belə, məhkəmə həmçinin hesab edir ki, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, inzibati xəta hadisəsi hazırki iş üzrə qərar qəbul edildiyi vaxtdan 04 (dörd) ay 07 (yeddi) gün öncə, yəni 23 dekabr 2020-ci il tarixdə baş vermiş və bununla da inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. İXM-nin: 38.1-ci maddəsinə əsasən, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri- hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər; 53.0.6-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılan vaxt bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, “Şəxs hüquqi şəxs qismində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi ilə təqsirli bilinməli və həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.1, 40, 43, 53.0.6, 105.1, 114.2.1 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi ilə təqsirli bilinsin. Şəxs-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Qaradağ Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar