Məhkəmə qərarları › İş №3(002)-576/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-576/2022

13.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-576/2022 13.05.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ rayon icra şöbəsinin böyük icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1981-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məmmədov X3 rayon Məhkəməsinin 2(056)-05/2013 saylı, 20 fevral 2013-cü il tarixli və 2(056)-276/2020 saylı, 17 mart 2020-ci il tarixli icra vərəqələrini üzrlü səbəb olmadan icra etmədiyinə görə barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibatı material baxılması üçün məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon icra şöbəsinin böyük icra məmuru X7 protokolu müdafiə edərək bildirmişdir ki, Sabirabad Rayon Məhkəməsinin 2(056)-05/2013 saylı, 20 fevral 2013-cü il tarixli icra vərəqəsinə əsasən 07 sentyabr 2008-ci ildə anadan olmuş X5 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs 23 avqust 2012ci il tarixdən başlayaraq hər ay 60 manat sabit pul məbləğində alimentin tutulub X1 verilməsi qərara alınmışdır. Bundan başqa Sabirabad rayon Məhkəməsinin 2(056)- 276/2020 saylı, 17 mart 2020-ci il tarixli icra vərəqəsinə əsasən isə 15 iyul 2009-cu ildə anadan olmuş X4 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh Məmmədov Ceyhun Şakir oğlundan hər ay 100 manat miqdarında sabit pul məbləğində aliment tutularaq Salmanova (Məmmədova) Zeynəb Sərəsdan qızının xeyrinə ödənilməsi qərara alınmışdır. İcra vərəqəsi icraata daxil olduqdan sonra qanunvericilikdə nəzərdə tutulmuş qaydada icraata başlamaq haqqında qərar qəbul olunaraq tələbin könüllü icrasına dair bildirişlə birgə borcluya göndərilmişdir. Borclu indiyədək aliment borcundan 5635 manat ödəniş etmiş, 5185 manat aliment borcu isə indiyədək qalmaqdadır. Borclu deməsinə görə təxminən bir aya yaxındır ki, “Coca-Cola” şirkətində sürücü vəzifəsnə işə düzəlib və hal-hazırda sınaq müddətindədir. Bu il ərizində isə ümumilikdə 680 manat aliment borcu ödənişi həyata keçirmişdir. Borclu aliment borcundan bu gün daha 100 manat ödəniş etmək üçün pulu təqdim etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tələbkara lazımi qaydada məlumat verilsə də, tələbkar yolu uzaq olduğu üçün məhkəmə iclasında iştirak etməyəcəyini, aliment borcunun tam ödənilməsini, əks halda borclu barəsində ciddi inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Buna görə də borclu barəsində İXM-nin 528.1-ci maddəsi ilə 13 may 2022-ci il tarixli MN ******* saylı protokol tərtib etmiş və borclunu inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında göstərmişdir ki, icra vərəqəsindən məlumatı vardır. Əvvəllər rəsmi qaydada işləməsə də aliment borcunu vaxtlı-vaxtında ödəmişdir. Təzəliklə rəsmi qaydada “Coca-Cola” şirkətində işə düzəldiyini və ayın sonunda sınaq müddətinin başa çataraq 450 manat maaş alacağını, 2022-ci ilin ilk beş ayı ərzində heç bir yerdə işləməsə də ümumilikdə 680 manat ödəniş etdiyini, bu gün də aliment borcundan daha məhkəmə prosesi gedişində şərait yaradılacağı təqdirdə tələbkara 100 manat ödəniş edə biləcəyini və qalan aliment borcunu da qısa müddətdə ödəyəcəyini bildirmişdir. Odur ki, aliment borcunu ödəməkdən qəsdən yayınmamasını, icra məmurunun çağırışlarına vaxtıvaxtında gəlməsini və təzəliklə rəsmi işə girdiyinin nəzərə alınaraq inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını və icra işini nəzərdən keçirərək, hesab edir ki, borclu Şəxs əməlində hazırki vaxtda inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı borclunun yaranmış borcunu ödəməkdən qəsdən yayınmasına və eləcə də icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamasına dair heç bir hal müəyyən edilməmişdir. Bundan əlavə məhkəmə prosesində müəyyən olundu ki, borclu 100 manat məbləğində aliment borcunu ödəmək üçün pulu təqdim etmişdir. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında məsələ üzrə qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barədə şübhələr onun xeyrinə həll edilir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanmış inzibati xəta haqqında icraata xitam verilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar