Məhkəmə qərarları › İş №3(002)-578/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-578/2022

13.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-578/2022 13.05.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Qaradağ RPİ-nin 11-ci PB-nin sahə inspektoru, polis mayoru X1, Qaradağ RPİ-nin 11-ci PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı X3, Qaradağ RPİ-nin 11-ci PB-nın təhqiqatçısı, polis baş leytenantı X6, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun iştirakları ilə, xx xxxxxx 1995-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan Tağıyev Novruz Niyazi oğlunun Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Məhkəməyə təqdim edilmiş 13 may 2022-ci il tarixdə MN ******* saylı inzibati xəta haqqında protokoldan aydın olur ki, Şəxs Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsində yerləşən gül mağazasında polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Buna görə də onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535-ci (hansı ki belə bir maddə ilə İXM-də tənbeh tədbiri nəzərdə tutulmamışdır) maddəsi ilə 13 may 2022-ci il tarixdə MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə baxışı zamanı Qaradağ RPİ-nin 11-ci PB-nin sahə inspektoru, polis mayoru X4 protokolu müdafiə edərək bildirmişdir ki, 12 may 2022-ci il tarixdə 11-ci PB-nın CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Ruin Qurbanov, Rəşad Möhübbətzadə və PB-nın təhqiqatçısı, polis baş leytenantı X11 qəsəbəsində olan zaman təsadüfən Novruz adlı vətəndaşın qanunsuz hərəkətlərini görmüş, onu intizama dəvət etmiş, bu baş vermədikdə isə Şəxs polisin ünvanına nalayiq ifadələr işlətmişdir. Daha sonra 11-ci PB-da vətəndaş Şəxs narkotik vasitə qəbul etməsini etiraf etmişdir. Odur ki, onun inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin 11-ci PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı X7 öz izahatında qeyd etmişdir ki, 09 may 2022-ci il tarixdə baş vermiş oğurluq hadisələri və narkotik vasitələrin istifadəsində şübhəli bilinən X5 polis bölməsində olan zaman saat təxminən 22:00 radələrində Novruz adlı şəxs onun mobil telefonuna +***-***-**-** mobil nömrəsindən zəng edərək ondan X2 nə üçün bölməyə apardığını soruşmuş, ona hədə-qorxu gəlmiş və ünvanına nalayiq ifadələr işlətmişdir. Odur ki, onun inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin 11-ci PB-nın təhqiqatçısı, polis baş leytenantı X8 öz izahatında bildirmişdir ki, Səngəçal qəsəbəsində olan zaman təsadüfən Novruz adlı vətəndaşın qanunsuz hərəkətlərini görmüş, onu intizama dəvət etmiş, bu baş vermədikdə isə Şəxs polisin ünvanına nalayiq ifadələr işlətmişdir. Daha sonra 11-ci PB-da vətəndaş Şəxs narkotik vasitə qəbul etməsini etiraf etmişdir. Odur ki, onun inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs öz izahatında barəsində tərtib edilmiş protokolu qəbul etməyək bildirmişdir ki, 12 may 2022-ci il tarixdə Ruhin Qurbanov və digər polis əməkdaşları onun işlədiyi gül dükanına gələrək təxminən üç gün əvvəl telefonla danışdığına görə onu söyərək təhqir etməyə başlamışlar. O bütün bunların səbəbini soruşduqda polis əməkdaşları ona üç gün qabaq əməliyyat müvəkkili Ruhin Qurbanovla olan danışığını xatırlatmışlar. O isə heç bir tabesizlik göstərməməsinə baxmayaraq onu qəsəbə sakinlərinin gözü qarşısında başına bir neçə dəfə vuraraq polisin xidməti maşınına əyləşdirərək zorla maşına mindirərək 11-ci PB-na aparmışlar. O öz izahatında daha sonra qeyd etmişdir ki, polisə qarşı heç bir müqavimət və ya tabesizlik göstərməmiş, nə də polis bölməsində olarkən narkotik vasitə qəbul etdiyini etiraf etməmişdir. Həqiqətən də 09 may 2022-ci il tarixdə, axşam saat təxminən 23:00 radələrində əməliyyat müvəkkili Ruhin Qurbanova zəng edərək dostu Asəfə ərzaq lazım olub-olmaması ilə maraqlanmış, bu zaman hər hansı artıq söz işlətməmiş, əksinə Ruhin Qurbanov telefonda onu söyüb təhqir etmişdir. Əgər narkotik vasitə istifadə etməsini etiraf etmiş olsaydı polislər bu barədə dərhal tədbir görmüş olardılar. Polis əməkdaşları şəxsi münasibətlər zəminində ona qarşı bu cür davranış sərgiləmişlər. Bütün bunların nəzərə alınaraq barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, izahatları dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, təqdim edilmiş sənədlər natamam olduğundan və inzibati işə mahiyyəti üzrə baxılaraq yekun məhkəmə qərarı qəbul edilməsi mümkün olmadığından inzibati protokol və ona əlavə olunmuş sənədlər Bakı şəhər Qaradağ rayon Polis İdarəsinin 11-ci PB-nə qaytarılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş 13 may 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol İXM-nin tələbləri kobud şəkildə pozulmaqla inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti, protokol qəbul edilərkən şəxsin iştirak edibetməməsi, onun hüquq və vəzifələrinin izah edilməsi, inzibati xətanın törədilməsinin hansı sübutlarla müəyyən edilməsi və sair bir çox halları) müəyyən edilməmiş, eləcə də Şəxs barəsində İXM-nin 535.1-ci maddəsi ilə protokol tərtib edilməli olduğu halda protokolda 535-ci (hansı ki belə bir maddə ilə İXM-də tənbeh tədbiri nəzərdə tutulmamışdır) maddə qeyd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.1-ci maddəsində protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan başqa məlumatlar göstərilməlidir. Bundan başqa məhkəmə araşdırması zamanı vətəndaş Şəxs istər 09 may 2022-ci il tarixdə polis əməkdaşı Ruhin Qurbanovu mobil telefon vasitəsilə hədələyərək təhqir etməsi, istərsə də 12 may 2022-ci il tarixdə ictima qaydanın mühafizə vəzifələrini icra edərkən polisin qanuni tələblərinə qəsdən tabe olmamasına dair heç bir sübut və ya əsaslı dəlillər müəyyən edilməmişdir. Yəni, bu halları təsdiq edəcək şahid ifadələri, telefon danışıqları, mütəxəssis rəyi, video görüntü və ya audio yazı və s. hər hansı bir sübut mövcud olmamışdır. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində göstərilir ki, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Bundan başqa məhkəmə hesab edir ki, şəxsin mobil telefon vasitəsilə polis əməkdaşını təhqir etməsi məhkəmə baxışı zamanı sübut olunmuş olsaydı belə vətəndaşın bu əməli İXM-nin 535.1-ci maddəsinin deyil, digər maddənin tərkibi yaratmış olardı. Bundan başqa iş materiallarına əlavə edilmiş raportlarda vətəndaş Şəxs 12 may 2022-ci il tarixdə törətdiyi qanunsuz əmələ görə polis bölməsinə dəvət edildiyi qeyd edilsə də, məhkəmə araşdırması zamanı bu hala dair ümumiyyətlə heç bir inandırıcı dəlil gətirilməmişdir. Həmin Məcəllənin 76.1-ci maddəsin əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Beləliklə məhkəmə araşdırması zamanı Şəxs yuxarıda qeyd olunan inzibati xətanı törətməsinə dair heç bir mötəbər sübutun olmadığı müəyyən edilmişdir. Bütün bu yuxarıda göstərilənlər ona əsas verir ki, qeyd olunan iş üzrə toplanmış inzibati material yenidən araşdırılması üçün geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40,43 və 109cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Qaradağ RPİ-nin 11-ci PB-nin sahə inspektoru, polis mayoru X4 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsinə əsasən tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər natamam olduğundan geri qaytarılsın. Barəsində 12 may 2022-ci il tarixdə, saat 17:50-də tutma protokolu tərtib edilmiş Şəxs məhkəmə iclas zalından dərhal inzibati tutmadan azad edilsin. Qərardan, onun surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar