Məhkəmə qərarları › İş №3(002)-585/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-585/2025

07.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-585/2025 07.04.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ RPİ-nin 10-cu PŞ-nin sahə rəisi, polis mayoru X2, Zərərçəkmiş şəxs X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxx 2002-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 kəndi ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Məhkəməyə daxil olmuş 07 aprel 2025-cü il tarixli MN ******* saylı protokoldan və ona əlavə edilmiş sənədlərdən aydın olur ki, Şəxs 26 yanvar 2025-ci il tarixdə, saat 21:00 radələrində yaşadığı ünvan 2 ünvanın həyətində X1 zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Buna görə də Şəxs barəsində Qaradağ RPİ-nin 10-cu PŞ-nın polis sahə rəisi, polis mayoru X5 tərəfindən İXMnin 157-ci maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. Məhkəmə baxışı zamanı Qaradağ RPİ-nin 10-cu PŞ-nın polis sahə rəisi, polis mayoru X5 protokolu müdafiə edərək bildirmişdir ki, o həmin protokolu Qaradağ RPİ-nin İŞ-nin baş təhqiqatçısı, polis mayoru Mehvalı Rzayevin 14 fevral 2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarına əsasən tərtib etmişdir. Həmin qərara əsasən X3 müraciəti əsasında toplanmış material üzrə cinayət tərkibi omadığından cinayət işinin başlanması rədd edilmiş, qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Qaradağ rayon prokuroruna və X4 göndərilməsi, qəbul edilmiş qərarın surətinin Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi inzibati məsuliyyətə cəlb edilməsi üçün Qaradağ RPİ-nin 10-cu PŞ-yə təqdim edilməsi, toplanmış materialın Qaradağ RPİ-nin 10-cu PŞ-nın arxivində saxlanılması qərara alınmışdır. Bundan sonra həmin iş onun icraatına verilmiş və onun tərəfindən Şəxs barəsində İXM-nin 157-ci maddəsinə əsasən protokol tərtib edilmişdir. Hal-hazırda da tərtib etdiyi protokolu müdafiə edərək Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X6 öz izahatında bildirmişdir ki, 25 yanvar 2025-ci il tarixdə, saat təxminən 21:00 radələrində Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Mərkəz adlanan yerdə "Oba Market"in qarşısında olan zaman idarə etdiyi "Opel" markalı, **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olarkən, həmin ünvanda müştəri gözləyirmiş. Bu zaman əvvəldən tanıdığı Səxavətin oğlu Eltun adlı şəxs və yanında olan bir nəfər şəxs ona yaxınlaşaraq onları "Kapital Bank"ın keçmiş binasının arxa tərəfinə aparmağını xahiş etmişlər. O buna etiraz etməmiş və həmin şəxsləri qeyd olunan ünvana aparmışdır. Həmin yerə çatan zaman Eltun dörd gün əvvəl onların itlərinin dalaşması səbəbindən onunla sözlə mübahisə etmiş və onu yaşadığı ünvana dəvət edərək itini göstərib "bax itimin ayağı xəsarət alıb, mən itimi atamdan çox istəyirəm" ifadəsini işlətmişdir. Bundan sonra Eltun yaşadığı evin həyətində olan zaman üzərindən bıçaq çıxarmış və onun sağ budunun yuxarı hissəsinə zərbə vurmuşdur. Bundan sonra o təkrarən bıçaqla zərbə vurmaq istəyən zaman ona mane olmaq istəmiş və sol əlindən xəsarət almışdır. Bundan sonra Eltun adlı şəxsin yanında olan digər şəxs Eltunu tutmuş və o həyətdən çıxaraq avtomobilinə əyləşib yaşadığı ünvana gəlmişdir. Yaşadığı evdə olan zaman o paltarını dəyişmiş və qanaxma olduğu üçün qohumu Namiq adlı şəxsə hadisə barədə məlumat vermişdir. Bundan sonra Namiq gələrək onu 19 saylı TTYS-na aparmışdır. Oradan sonra isə o, KTM-ə müraciət etmiş və orada ona ilkin tibbi yardım göstərilmişdir. Hadisə təxminən 5-7 dəqiqə davam etmişdir. Hadisə zamanı sağ budunun yuxarı nahiyyəsindən və sol əlindən xəsarət almışdır. Hadisə zamanı ətrafda Eltunun yanında olan şəxs olmuşdur. Hadisə konkret olaraq Eltunun yaşadığı bir mərtəbəli evin həyətində baş vermişdir. Hadisə zamanı o Eltunu vurmamış, döyməmişdir. Hadisədən sonra sağalması üçün müalicə almışdır. O öz izahatında daha sonra göstərmişdir ki, maddi imkanı olmadığı üçün Almaniyada yaşayan əmisi ona müxtəlif vaxtlarda dolanışığı üçün yeddi min manat pul göndərmişdir. Əgər Eltun ona bu məbləği ödəyərsə onu bağışlayar, əks halda Şəxs barəsində şikayətçi olmaqla barəsində ciddi tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq Eltunun ona təklif etdiyi 1500 manat məbləğində pulu qəbul etməkdən imtina etdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli hesab edərək öz izahatında bildirmişdir ki, yuxarıda göstərilən ünvanda ailə üzvüləri ilə birlikdə yaşayır. 21 yanvar 2025-ci il tarixdə özünə aid "Valqadaf" cinsli iti ilə küçəyə çıxaraq bir qədər yürüş etmişdir. Bundan sonra atasının dostu olan İslam Qurbanovun yaşadığ küçəyə gəlmişdir. O yorulduğu üçün itini həmin küçədə bağlamışdır ki, oturub bir qədər istirahət etsin. Bu zaman İslam yaşadığı evdən çıxmış, İslam əlindəki qayışla bir iti tutumuş, başqa bir it isə həyətdə açıq olmuşdur. İslam açıq olan iti onun itinin üzərinə saldırmışdır. Bu zaman həmin it onun itinə xəsarət yetirmiş, itin bud nahiyyəsindən dişləyərək qopartmışdır. Bundan sonra o, iti aralamış və özünü İslama tanıtmışdır ki, bəs o atası ilə dostdur. İslam həmin vaxt içkili olduğundan ona heç nə deməmiş, lakin hadisə baş verdikdən sonra gözləmişdir ki, İslam onun itinə vurduğu xəsarətə görə özü ona yaxınlaşıb üzürxahlıq etsin, lakin İslam bu məsələyə əhəmiyyət verməmişdir. Həmin hadisə baş verəndən dörd gün keçdikdən sonra, yəni 25 yanvar 2025-ci il tarixdə piyada İslamın taksi fəaliyyəti göstərdiyi Lökbatan qəsəbəsində yerləşən "Oba" marketin qarşısına gəlmişdir. Bu zaman o Nurlan adlı dostu ilə İslamın idarə etdiyi taksiyə əyləşərək yaşadığı ünvana gəlmişdir. Evin giriş qapısına çatan zaman o İslamdan onu tanıyıb-tanımadığını soruşmuşdur. O İslama şikəst etdiyi itini götərmiş, onun itin müalicə olunmasınada köməklik göstərməməsi və itlə maraqlanmamasına görə ona iradını bildirmişdir. Bu zaman İslam onunla həyətə gəlmiş və itə baxdıqdan sonra ona “sən iti atandan çox istəyirsən?” demişdir. O bu sözdən bərk əsəbiləşərək həmin vaxt evin səki hissəsində olan, iti üçün ciyər kəsdiyi bıçağı götürmüş və İslamı qorxutmaq üçün bir dəfə ayaq nahiyyəsindən bıçaqla yüngül zərbə endirmişdir. Bu zaman İslam əlini arxaya atıb bıçağı tutmuş, dostu Nurlan isə onları ayırmışdır. Bundan sonra İslam həyətdən çıxaraq getmişdir. O törətdiyi əməli əvvəlcədən planlaşdırmamış, İslamın sözündən əsəbiləşdiyi üçün anidən ona zərbə endirmişdir. O əvvəllər N saylı hərbi hissədə xidmət edərək “kantuziya” aldığını, törətdiyi əməldən peşman olduğunu, ilk dəfə belə bir hadisə törətdiyini, rəsmi olaraq heç yerdə işləməsə də İslama üzürxahlıq edərək barışıq üçün 1500 manat ödəməyə hazır olduğunu, lakin İslamın bunu qəbul etmədiyini bildirərək barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatları dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, Şəxs törətdiyi inzibati xəta tam sübuta yetirilir. İş üzrə keçirilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X7” X11 Qaradağ rayon Şöbəsinin 12 fevral 2025-ci il tarixli 37 nömrəli ekspert rəyindən görünür ki, 1. Vətəndaş İ.N.Qurbanovun məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər- sol əlin ovuc səthinin İİ daraq sümüyünün səthi kəsilmiş yarası və sağ sağrı nahiyyəsinin səthi deşilmiş-kəsilmiş yarası deşici-kəsici əşya (alət) təsirindən törənmişlər, qərarın təsviri hissəində göstərilən və onun tibbi yardım üçün X10 Müraciət etdiyi xx.xx.2025-ci il tarixdə və şəraitdə əmələ gələ bilərdilər və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. 2 Vətəndaş İ.N.Qurbanovun almış olduğu xəsarətlərin xarakteri və lokalizasiyalarını nəzərə alıb demək olar ki, həmin xəsarətlər şəxsin özü tərəfindən yetirilməsi az inandırıcıdır. İş materiallarında olan Qaradağ RPİ-nin İŞ-nin baş təhqiqatçısı, polis mayoru Meyhavlı Rzayevin 14 fevral 2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan aydın olur ki, Şəxs İ.Qurbanova aralarında yaranmış şəxi münasibətlərin pozulması zəminində mübahisə zamanı xəsarət yetirdiyindən Şəxs əməlində CM-nın 221-ci maddəsinin tərkib əlmaətləri yoxdur. Beləliklə araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs əməlində cinayət tərkibi yoxdur, onun əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi vardır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 157-ci maddəsində göstərilir ki, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini və bununla bağlı ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini, eləcə də törətdiyi əməldən peşiman olmasını və zərərçəkmiş şəxslə barışmağa maddi və mənəvi baxımdan real cəhdlər göstərməsini nəzərə alaraq onun barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini daha məqsədə müvafiq hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar