Məhkəmə qərarları › İş №3(002)-589/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-589/2022

17.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-589/2022 17.05.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ rayon icra şöbəsinin icra məmuru X5, Tələbkar X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, 14 avqust 1976-cı ildə Salyan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ədilov X4 rayon Məhkəməsinin 2(002)-414/2017 saylı, 17 mart 2017-ci il tarixli icra vərəqəsini üzrlü səbəb olmadan icra etmədiyinə görə barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibatı material baxılması üçün məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon icra şöbəsinin icra məmuru X8 protokolu müdafiə edərək bildirmişdir ki, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-414/2017 saylı, 17 mart 2017-ci il tarixli icra vərəqəsinə əsasən 25 yanvar 2010-cu il təvəllüdlü Ədilov (Cəfərov) Əli Tahir oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün 10 yanvar 2017-ci il tarixdən başlayaraq Şəxs hər ay 136 manat sabit pul məbləğində alimentin tutularaq X3 verilməsi qət edilmişdir. İcra sənədini icraata daxil olduqdan sonra qanunvericilikdə nəzərdə tutulmuş qaydada icraata başlamaq haqqında qərar qəbul olunaraq tələbin könüllü icrasına dair bildirişlə birgə borcluya göndərilmişdir. 13 dekabr 2017-ci ildə borclu aliment borcundan 1000 manat ödəniş etmiş, 2019-cu ilin 21 yanvar tarixindən isə 1724 manat aliment borcunda ödəniş etmişdir. Borclu 2021-ci ilin may ayından bəri isə heç bir ödəniş etməmiş və 1496 manat aliment borcu qalmaqdadır. Buna görə də borclu barəsində İXM-nin 528.1-ci maddəsi ilə 17 may 2022-ci il tarixli MN ******* saylı protokol tərtib etmiş və borclunu inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar X6 öz izahatında borclu tərəfindən əvvəllər aliment borcundan kifayət qədər ödənişlər edilsə də, son vaxtlar ödənişin edilmədyini, borclunun atasının 22 may 2022-ci il tarixdə vəfatının ildönümü olacağını və həmin tarixdən sonra borclu ilə öz aralarında razılaşaraq daha 500 manat ödəyəcəyi barədə razılığa gəldiklərini bildirərək borclu barəsində həbslə bağlı olmayan inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında göstərmişdir ki, icra vərəqəsindən məlumatı vardır. Halhazırda heç bir yerdə işləməməklə maddi sıxıntılar yaşayır. 2021-ci ilin may ayında atası vəfat etmiş bundan bir az sonra isə anası ağır xəsətlənmişdir. Bütün bu olanlar ona maddi və mənəvi cəhətdən sıxıntı yaşatmışdır. O, 2022-ci ilin 22 may tarixində atasının vəfatının ildönümü olduğunu, həmin mərasim yekunlaşdıqdan sonra tələbkara aliment borcundan 500 manat məbləğində ödəniş edəcəyini bildirmişdir. Odur ki, ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını, borcunu ödəməkdən qəsdən yayınmamasını, icra məmurunun çağırışlarına vaxtı-vaxtında gəlməsini və tələbkarın da hal-hazırda ona qarşı həbslə bağlı olan inzibati tənbeh tətbiq edilməməsinə dair xahişini nəzərə alınaraq inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını və icra işini nəzərdən keçirərək, hesab edir ki, borclu Şəxs əməlində hazırki vaxtda inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı borclunun yaranmış borcunu ödəməkdən qəsdən yayınmasına və eləcə də icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamasına dair heç bir hal müəyyən edilməmişdir. Bundan əlavə borclu məhkəmə iclasında vəfat etmiş atasının ildönümünü qeyd etdikdən sonra aliment borcundan 500 manat məbləğində ödəniş edəcəyini bildirmişdir. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında məsələ üzrə qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barədə şübhələr onun xeyrinə həll edilir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanmış inzibati xəta haqqında icraata xitam verilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar