Məhkəmə qərarları › İş №3(002)-6/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-6/2024

22.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-6/2024 22.01.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Şəxs etibarnamə üzrə nümayəndəsi X2 iştirakları ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 15 dekabr 2023-cü il tarixli, EP № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Qaradağ Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən ünvan 1 ünvanında qeydiyyatda olan "xxxx" MMC-nin (VÖEN **********) ünvanına xx.xx.2023-cü il tarixdə 44CF735/44ZA635 nömrə nişanlı yük avtomobilində 09 nömrəli xx.xx.2023-cü il tarixli invoys sənədi ilə daxil olmuş 20450 kq kartof yükü **********7723 sorğu nömrəli, xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi ilə Bakı Baş Gömrük İdarəsində bəyan edilmişdir. Sözügedən gömrük bəyannaməsi üzrə bəyan edilmiş mallara dair təqdim edilmiş mal-müşayiət sənədlərinin düzgünlüyünün araşdırılması zamanı XİFMN üzrə "**********" kod altında toxumluq kartof kimi, yəni "697a" imtiyaz kodu ilə idxal gömrük rüsumundan və əlavə dəyər vergisindən azad edilməklə bəyan edilmiş malların XİFMN üzrə hansı kod altında sinifləşdirildiyinin və "697a" imtiyaz koduna, yəni toxumluq kartofa uyğun olub-olmamasının müəyyən edilməsi məqsədilə X1 İdarəsinə 3-33-1100/2-009542/2023 nömrəli xx.xx.2023-cü il tarixli məktubla müraciət olunmuş, həmin İdarədən Bakı Baş Gömrük İdarəsinə göndərilmiş 3-33-5300/2- 005679/2023 saylı xx.xx.2023-cü il tarixli cavab məktubuna əsasən ekspertizanın aparılması nəticəsində müəyyən olunmuşdur ki, "xxxx" MMC-nin ünvanına **********7723 sorğu nömrəli bəyannaməsı ilə bəyan olunmuş və 09 nömrəli xx.xx.2023-cü il tarixli invoys sənədi ilə 44CF735/44ZA635 nömrəli nəqliyyat vasitəsi ilə gətirilmiş yükdən təqdim edilmiş nümunələrin ölçüləri AZS 902-2021-ə əsasən toxumluq kartofa uyğun deyil və XİFMN-a göre "**********" alt yarımmövqeyində sinifləşdirilir Nəticədə, "xxxx" MMC tərəfindən 44CF735/44ZA635 nömrə nişanlı yük avtomobilində idxal edilmiş kartof yükünün X1 İdarəsinin rəyinə əsasən toxumluq deyil, ərzaqlıq kartof olduğu məlum olmuşdur. İş üzrə araşdırma zamanı inzibati xətanın bilavasitə obyekti olan 20450 kq ərzaqlıq kartof yükünün qiymətləndirilməsi üçün xüsusi biliyə malik ekspertlər tərəfindən ekspertiza tədqiqatının aparılması zərurəti yarandığından 3-33-1100/2-009631/2023 saylı, xx.xx.2023-cü il tarixli məktubla Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə müraciət edərək iş üzrə ekspertiza təyin edilməsi haqqında qərardada əsasən ekspertizanın aparılması Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/7809 saylı, xx.xx.2023-cu il tarixli ekspert arayışında inzibati xətanın bilavasitə obyekti olan Rusiya Federasiyasından gətirilmiş 20450 kq ərzaqlıq kartof yükünün 1 kq-nın xx.xx.2023-cü il tarixə orta bazar qiyməti 0.60 manat olmaqla, ümumilikdə 20450 kq ərzaqlıq kartof yükünün qiyməti 12270.00 manat təşkil etdiyi qeyd olunmuşdur. İş üzrə araşdırma zamanı "xxxx" MMC tərəfindən gömrük orqanına düzgün bəyan edilməyən Rusiya Federasiyasından gətirilmiş 20450 kq ərzaqlıq kartof yükünün 1 kq-nın xx.xx.2023-cu il tarixə orta bazar qiyməti 0.60 manat olmaqla, ümumilikdə 20450 kq ərzaqlıq kartof yükünün qiyməti 12270.00 manat təşkil etdiyi təqdirdə həmin yüklərin gömrük rəsmiləşdirilməsi zamanı əlavə ödəniləcək gömrük ödənişlərinin yaranıb-yaranmaması və yarandığı halda həmin ödənişlərin məbləği barədə Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinə məlumat verilməsi üçün Rəsmiləşdirmə Mərkəzinə 3-33-/3-1- 032481/2023 nömrəli xx.xx.2023-cu il tarixli raportla müraciət olunmuş, həmin müraciətə cavab olaraq Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş 3-33-/3-1-031014/2023 nömrəli xx.xx.2023-cü il tarixli raporta əsasən müəyyən olunmuşdur ki, "xxxx" MMC tərəfindən **********7723 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilən malların dəyərinin müəyyən edilməsi məqsədilə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzindən alınmış 3-33-1100/2-030481/2023 nömrəli, xx.xx.2023-cü il tarixli rəyə əsasən, "xxxx" MMC tərəfindən **********7723 sorğu nömrəli, xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi ilə idxal edilmiş 20450 kq kartof yükünün 1(bir) kq-nın xx.xx.2023-cü il tarixə orta bazar qiyməti 0.60 manat olmaqla, ümumilikdə 20450 kq ərzaqlıq kartof yükünün qiyməti 12270.00 manat təşkil etdiyi təqdirdə həmin yüklərin gömrük rəsmiləşdirilməsı zamanı **********7723 sorğu nömrəli, xx.xx.2023-ci il tarixli gömrük bəyannaməsində göstərilən ödənişlərdən əlavə olaraq ödəniləcək gömrük ödənişlərinin məbləği, əlavə dəyər vergisi üzrə 1516.21 manat, elektron gömrük xidməti haqqı üzrə 35.40 manat olmaqla ümumilikdə 1551.61 manat yarandığı məlum olmuşdur. Araşdırma zamanı müəyyən olunmuşdur ki, Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş hər 2 raportda "xxxx" MMC-nin ünvanına 44CF735/44ZA635 nömrəli, 07BJ370/07ZB370 nömrəli nəqliyyat vasitəsində gələn "ərzaqlıq kartof yükləri 09 nömrəli, xx.xx.2023-cü il tarixli İnvoys sənədi əsasında Rusiya Federasiyasında yerləşən və fəaliyyət göstərən “X5” MMC şirkətindən göndərilmişdir və eyni tarixdə xx.xx.2023-cü il tarixində **********7723 sorğu nömrəli və **********9309 sorğu nömrəli gömrük bəyannamələri ilə Bakı Baş Gömrük İdarəsində bəyan edilmişdir. Beləliklə də, aparılan araşdırma nəticəsində müəyyən edilmişdir ki, ünvan 2 ünvanında qeydiyyatda olan “CORN İS" MMC tərəfindən gömrük orqanına düzgün bəyan edilməyən malların ümumilikdə orta bazar qiyməti 24540 (iyirmi dörd min beş yüz qırx) manat təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsində Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin az miqdarda düzgün bəyan edilməməsinə görə, yəni gömrük bəyannaməsində, təkrar ixrac bildirişində, qısa idxal (ixrac) bəyannaməsində, sadələşdirilmiş bəyannamədə gömrük rəsmiləşdirilməsinə dair ərizədə və gömrük orqanlarının Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq tələb etdiyi digər sənədlərdə və məlumatlarda Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malları və nəqliyyat vasitələrini gömrük ödənişlərindən, habelə qanunvericiliklə müəyyənləşdirilmiş qadağan və məhdudiyyətlərdən azad etməyə, yaxud gömrük ödənişlərinin məbləğini azaltmağa əsas verən, malların və nəqliyyat vasitələrinin gömrük proseduru, miqdarı, sayı, gömrük dəyəri, mənşə ölkəsi barədə və ya digər düzgün olmayan məlumatların göstərilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Bu fakt 3-33-/3-1-034727/2023 nömrəli 09.10 2023-cü il tarixli raport, **********7723 sorğu nömrəli və **********9309 sorğu nömrəli gömrük bəyannamələrinin surəti, "xxxx" MMC-nin etibarnamə ilə nümayəndəsi olan Azərbaycan Respublikasının vətəndaşı X2 izahatı ilə təsdiq edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin etibarnamə ilə nümayəndəsi olan Azərbaycan Respublikasının vətəndaşı X3 izahatında bildirdi ki idxal etdikləri kartof yüklərinin toxumluq kartof olduğunu düşündükləri üçün elə bəyan etdiklərini, digər malmüşayiət sənədlərində də həmin kod altında bəyan etdiklərini bildirmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında iştirak edən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi Təhqiqat şöbəsinin təhqiqatçısı X4 izahatında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi X1 İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-33-5300/2-005679/2023 saylı ekspert rəyinə görə, "xxxx" MMC-nin ünvanına **********9309 nömrəli bəyannamə ilə bəyan olunmuş və 09 nömrəli, xx.xx.2023-cu il tarixli invoysla 07BJ370/07ZB370 nömrəli nəqliyyat vasitəsi ilə gətirilmiş yükdən təqdim edilmiş nümunələrin ölçüləri AZS 902-2021-ə əsasən toxumluq kartofa uyğun olmadığını, həmçinin “CORN İS" MMC tərəfindən gömrük orqanına düzgün bəyan edilməyən malların ümumilikdə orta bazar qiyməti 24540 (iyirmi dörd min beş yüz qırx) manat təşkil etdiyini nəzərə alaraq, məhkəmədən hüquqi şəxsin barəsində törədilmiş inzibati xətanın sanksiyası həddində qanuni tədbirlərin görülməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs etibarnamə üzrə nümayəndəsi X3 Şəxs MMC Rusiya Federasiyasında yerləşən və fəaliyyət göstərən, yalnız toxumluq kartof istehsal edən “X5” şirkətindən xx.xx.2023-cü il tarixli invoys sənədi əsasında 20450 kq toxumluq kartof yükü idxal etmişdir. Azərbaycan Respublikasının gömrük məntəqəsinə daxil olmuş məhsuldan götürülmüş nümunələr müayinə üçün laboratoriyaya göndərilmişdir. X1 İdarəsi tərəfindən verilmiş rəydə idxal edilmiş kartof yükünün toxumluq deyil, ərzaqlıq kartof olması, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 3-33-1100/2-030481/2023 nömrəli xx.xx.2023-cü il tarixli rəyinə əsasən, idxal edilmiş 20450 kq kartof yükünün 1(bir) kq-nın xx.xx.2023-cü il tarixə orta bazar qiyməti 0.60 manat olmaqla, ümumilikdə 20450 kq ərzaqlıq kartof yükünün qiyməti 12270.00 manat qiymətləndirilmişdir. "xxxx" MMC tərəfindən **********7723 sorğu nömrəli gömrük bəyannaməsində göstərilən ödənişlərdən əlavə olaraq ödəniləcək gömrük ödənişlərinin məbləği, əlavə dəyər vergisi üzrə 1516.21 manat, elektron gömrük xidməti haqqı üzrə 35.40 manat olmaqla ümumilikdə 1551.61 manat müəyyən edilmişdir. Müvafiq ekspertiza rəylərinin onlar tərəfindən mübahisələndirildiyi halda məhsulların həmin müddət ərzində yararsız vəziyyətə düşməklə şirkətə dəyəcək zərəri, bundan əlavə yük maşınlarının duracaqda saxlanmasına görə 1 gün üçün ödəməli olduğu 100 ABŞ dollarını nəzərə alaraq, sözügedən gömrük ödənişləri tam şəkildə onlar tərəfindən həyata keçirilmişdir. Bu səbəbdən ödənişin həyata keçirilməsini inzibati xətanın törədilməsinin etirafı kimi deyil, şirkət olaraq onlara dəyəcək zərərdən yayınmaq halı kimi nəzərə alınmasını və məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş edirlər.. Məhkəmə xx.xx.2024-cü il tarixli iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Səlahiyyətli orqanın nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmiş, səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən işə səlahiyyətli nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan 19 yanvar 2024-cü il tarixli, 3(002)-6/2024 saylı bildirişdən görünür ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin ünvanına Qaradağ Rayon Məhkəməsi tərəfindən inzibati xəta haqqında işə məhkəmədə baxılmasının vaxtı və yeri barədə məlumat göndərilmişdir. Bununla da, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsinin iş üzrə icraatda iştirakının təmin edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün tədbirlər həyata keçirilmişdir. Məhkəmə proses iştirakçısının izahat və mülahizəsini nəzərə alıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş 15 dekabr 2023-cü il tarixli, EP № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsində Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin az miqdarda düzgün bəyan edilməməsinə görə, yəni gömrük bəyannaməsində, təkrar ixrac bildirişində, qısa idxal (ixrac) bəyannaməsində, sadələşdırılmış bəyannamədə gömrük rəsmiləşdirilməsinə dair ərizədə və gömrük orqanlarının Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq tələb etdiyi digər sənədlərdə və məlumatlarda Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malları və nəqliyyat vasitələrini gömrük ödənişlərindən, habelə qanunvericiliklə müəyyənləşdirilmiş qadağan və məhdudiyyətlərdən azad etməyə, yaxud gömrük ödənişlərinin məbləğini azaltmağa əsas verən, malların və nəqliyyat vasitələrinin gömrük proseduru, miqdarı, sayı, gömrük dəyəri, mənşə ölkəsi barədə və ya digər düzgün olmayan məlumatların göstərilməsinə görə inzibati xəta tərkibi müəyyən edilmiş və protokol qəbul edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi X1 İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-33-5300/2-005679/2023 saylı ekspert rəyindən görünür ki, "xxxx" MMC-nin ünvanına **********9309 nömrəli bəyannamə ilə bəyan olunmuş və 09 nömrəli, xx.xx.2023-cu il tarixli invoysla 07BJ370/07ZB370 nömrəli nəqliyyat vasitəsi ilə gətirilmiş yükdən təqdim edilmiş nümunələrin ölçüləri AZS 902-2021-ə əsasən toxumluq kartofa uyğun deyil və XİF MN-ə görə 0701 90 900 0 alt yarımmövqeyində sinifləşdirilir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli DGK-nin Bakı Baş Gömrük İdarəsinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin edilməsi haqqında Qərarına əsasən təşkil edilmiş, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 3-33-1100/2- 030481/2023 nömrəli xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, idxal edilmiş 20450 kq kartof yükünün 1(bir) kq-nın xx.xx.2023-cü tarixə orta bazar qiyməti 0.60 manat olmaqla, ümumilikdə 20450 kq ərzaqlıq kartof yükünün qiyməti 12270.00 manat təşkil etdiyi təqdirdə həmin yüklərin gömrük bəyannaməsində göstərilən ödənişlərdən əlavə olaraq ödəniləcək gömrük ödənişlərinin məbləği, əlavə dəyər vergisi üzrə 1516.21 manat, elektron gömrük xidməti haqqı üzrə 35.40 manat olmaqla ümumilikdə 1551.61 manat yarandığı müəyyən edilmişdir. İş materiallarında olan və tərcümə edilmiş halda təqdim olunmuş uyğunluq sertifikatından görünür ki, Rusiya Federasiyasında yerləşən və fəaliyyət göstərən “X5” MMC Nevskiy sortuna aid olan kartof toxumları istehsalçısıdır. İş materiallarında olan və tərcümə edilmiş halda təqdim olunmuş fitosanitariya sertifikatından görünür ki, “X5” MMC tərəfindən "xxxx" MMC-yə ixrac edilmiş məhsulun miqdarı 204650 kq olmaqla, tor vasitəsilə qablaşdırılmış toxumluq kartofdur (botanik adı- Solanum tuberosum). Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi X1 İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-33-5300/2- 005679/2023 saylı ekspert rəyi inzibati xəta üzrə icraatda işin nəticəsinə bilavasitə marağı olan orqanın nəzdində olan ekspertiza idarəsi tərəfindən verilmiş, eləcə də protokolu tərtib etmiş orqan tərəfindən ekspertizanın təyin olunmasına dair Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 82.1-ci maddəsinə uyğun olaraq, heç bir qərardad qəbul edilməmişdir. Bundan başqa sözügedən rəydə həmin Məcəllənin 82.2.5-ci maddəsinə əsasən, ekspertin bilə-bilə yalan rəy verməsinə görə inzibati məsuliyyət haqqında ekspertə xəbərdarlıq haqqında bildiriş qeyd edilməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi X1 İdarəsi tərəfindən keçirilmiş ekspertiza qanunvericiliyə uyğun surətdə, yəni ekspertizanın təyin edilməsinə dair qərardad əsasında rəyi verəcək ekspertə bilə-bilə yalan rəy verməyə dair xəbərdarlıq elan olunmadan, bundan əlavə inzibati xəta üzrə protokolu tərtib etmiş orqanın müraciəti əsasında və onların nəzdində olan ekspertiza idarəsi tərəfindən keçirildiyi üçün həmin rəyin qərəzsizliyi şübhə altına alınır. Bu səbəbdən məhkəməyə rəy olaraq təqdim olunmuş həmin arayış məhkəmə tərəfindən mötəbər sübut kimi qiymətləndirilə bilməz. Bundan başqa, müvafiq ekspertiza rəylərinin "xxxx" MMC tərəfindən mübahisələndirildiyi halda məhsulların həmin müddət ərzində yararsız vəziyyətə düşməklə şirkətə dəyəcək zərəri, bundan əlavə yük maşınlarının duracaqda saxlanmasına görə 1 gün üçün ödəməli olduğu xidmət haqlarını nəzərə alaraq, sözügedən gömrük ödənişləri tam şəkildə onlar tərəfindən həyata keçirilmişdir. Bu səbəbdən ödənişin həyata keçirilməsini inzibati xətanın törədilməsinin etirafı kimi deyil, şirkət olaraq onlara dəyəcək zərərdən yayınmaq halı kimi qiymətləndirilməlidir. Həmçinin, "xxxx" MMC tərəfindən təqdim olunmuş bütün sənədlərdən məlum olur ki, hüquqi şəxs toxumluq kartof sifarişini həyata keçirmişlər. Məhkəmə tərəfindən inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın inzibati xəta haqqında iş üzrə materiallara əlavə etdiyi arayışı mötəbər sübut növü kimi qiymətləndirmədiyindən, hüquqi şəxsin toxumluq kartof əvəzinə ərzaqlıq kartof idxal etməklə inzibati xəta törətmiş olduğu nəticəsinə gəlmir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin düzgün bəyan edilməməsinə görə, yəni gömrük bəyannaməsində, təkrar ixrac bildirişində, qısa idxal (ixrac) bəyannaməsində, sadələşdirilmiş bəyannamədə, gömrük rəsmiləşdirilməsinə dair ərizədə və gömrük orqanlarının Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq tələb etdiyi digər sənədlərdə və məlumatlarda Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malları və nəqliyyat vasitələrini gömrük ödənişlərindən, habelə qanunvericiliklə müəyyənləşdirilmiş qadağan və məhdudiyyətlərdən azad etməyə, yaxud gömrük ödənişlərinin məbləğini azaltmağa əsas verən, malların və nəqliyyat vasitələrinin gömrük proseduru, miqdarı, sayı, gömrük dəyəri, mənşə ölkəsi barədə və ya digər düzgün olmayan məlumatların göstərilməsinə görə, bu az miqdarda olduqda - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, hazırki iş üzrə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir. Ona görə də, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 482.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar