Məhkəmə qərarları › İş №3(002)-60/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-60/2021

11.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-60/2021 11.03.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İran İslam Respublikasından Bakı səhəri, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs ünvanına 07BJ250/07ZA250 nömrəli vasitəsi ilə, 20/RM/34 saylı, 07.10.2020-ci il tarixli invoys sənədi ilə daxil olmuş yüklər **********2919 sorğu nömrəli, 20.10.2020-ci il tarixli gömrük bəyannaməsi ilə gömrük orqanına bəyan edilmişdir. Sözügedən gömrük bəyannaməsi üzrə bəyan edilmiş mala dair mal müşaiət sənədlərinin düzgünlüyünün araşdırılması zamanı XİF MN üzrə hansı kod altında sinifləşdirildiyinin müəyyən edilməsi məqsədilə X1 İdarəsinə müraciət olunmuş, həmin idarədən 2200-017/002-25/005665 saylı, 27.10.2020-ci il tarixli məktuba əlavə olunaraq BBGİ-yə göndərilmiş sınaq protokoluna əsasən 20/RM/34 saylı, 07.10.2020-ci il tarixli invoys üzrə idxal olunan mallar XİF MN-ə görə **********, **********, **********, **********, **********, **********, **********, **********, **********, ********** saylı kod altında sinifləşdirildiyi məlum olmuşdur. Beləliklə, **********2919 sorğu nömrəli, 20.10.2020-ci il tarixli gömrük bəyannaməsinin bəyan edilmiş mallar XİF MN-ə görə **********, **********, 841490009, **********, **********, **********, **********, **********, **********, ********** saylı kodlar altında sinifləşdirildiyi təqdirdə Şəxs MMC tərəfindən əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği idxal gömrük rüsumu üzrə 615,28 manat, ƏDV üzrə 1965,18 manat, elektron gömrük xidməti haqqı üzrə 30 manat, elektron gömrük xidməti üzrə ƏDV 5.40 manat olmaqla, ümumilikdə 2615,86 manat təşkil edir. Şəxs MMC-nin direktoru ilə mobil telefon vasitəsi ilə dəfələrlə əlaqə saxlanılmış,18 noyabr 2020-ci il tarixdə 1400-013/006-24/008893 nömrəli məktubla ödənilməli olan gömrük ödənişlərinin məbləği barədə MMC-yə məlumat verilmiş həmçinin 27 noyabr 2020-ci il tarixdə Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinə izahat vermək üçün Şəxs MMC-nin ünvanına rəsmi bildiriş göndərilmiş, lakin buna baxmayaraq inzibati xəta haqqında protokolun tərtib edilməsində iştirak etməmişdir. Nəticə də Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Qanunvericlikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi və Şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin nümayəndəsinin və Şəxs MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş inzibati xəta haqqında protokoldan görünür ki, gömrük ödənişlərindən yayınma məbləği 2615,86 manat göstərilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı ilk dəfə olaraq törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə əsasən şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə görə hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İnzibati tənbehin növünü seçərkən inzibati xəta törədən şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Məhkəmə iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, Şəxs MMC həmin hərəkətləri ilə Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İXMnin 505-ci maddəsi ilə təqsirli bilinib, barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinə əsasən Gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda - ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci, 114-115, 117 və 152.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : ŞəxsMMC Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, ödənilməli olan 2615,86 (iki min altı yüz on beş manat, səksən altı qəpik) manat gömrük ödənişlərinin məbləğinin 70 (yetmiş) faizi məbləğində, yəni 1833,02 (min səkkiz yüz otuz üç manat, iki qəpik) manat məbləğində cərimə edilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim:Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar