Məhkəmə qərarları › İş №3(002)-605/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-605/2021

26.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-605/2021 26.04.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1957-ci ildə Zəngilan rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ rayon İcra və Probasiya şöbəsindən daxil olmuş 26 aprel 2021ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, borclu Şəxs Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 1(002)- 18/2013 saylı, 28 dekabr 2013-cü il tarixli icra vərəqəsi ilə üzərinə düşən öhdəlikləri heç bir üzürsüz səbəb göstərmədən icra etməmişdir. Bununla da, o, İXM-nin 528.1-ci nəzərdə tutulmuş inzibati xətanı törətmişdir Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X2 məhkəmə iclasında tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək izahatında bildirmişdir ki, borclu Şəxs Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 1(002)-18/2013 saylı, 28 dekabr 2013-cü il tarixli icra vərəqəsi ilə üzərinə düşən öhdəlikləri heç bir üzürsüz səbəb göstərmədən icra etməmişdir. Belə ki, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 1(002)-18/2013 saylı, 28 dekabr 2013-cü il tarixli icra vərəqəsinə əsasən Şəxs 616370,97 manat vergi məbləği tutularaq dövlət büdcəsinə köçürülməsi hökm edilmişdir. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 1(002)-18/2013 saylı, 28 dekabr 2013-cü il tarixli icra vərəqəsi Qaradağ rayon İcra və Probasiya şöbəsinə göndərilmiş və 11 yanvar 2018-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icra olunması üçün borclu Şəxs ünvanına bildiriş göndərilmiş, lakin icra sənədinin icrası könüllü təmin edilməmişdir. 22.01.2018, 05.02.2018 və 25.02.2019-cu il tarixlərdə borclu Şəxs icra şöbəsinə dəvət olunaraq izahatları alınmış və sonuncu dəfə izahatında xəstə olduğunu, yaranmış vergi borcu üzrə 1838 manat 28 qəpik dövlət büdcəsinə xeyrinə ödədiyini bildirmişdir. Borcluya icra sənədi üzrə borcunun tam ödənilməsi ilə bağlı dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq icranı tam təmin etməmişdir. Bu günə olan borc məbləği 614532,69 manat təşkil edir. Bununla da Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 1(002)- 18/2013 saylı, 28 dekabr 2013-cü il tarixli icra sənədi üzrsüz səbəbdən icra olunmamış və borclu tərəfindən 614532,69 manat dövlət büdcəsinə ödənilməmişdir. Görülmüş icra tədbirləri nəticə vermədiyindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 26 aprel 2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Bakı şəhər Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Borclu Şəxs məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 1(002)-18/2013 saylı, 28 dekabr 2013-cü il tarixli icra sənədinə əsasən dövlətə olan 616370,97 manat (altı yüz on altı min üç yüz yetmiş manat doxsan yeddi qəpik) borcunu maddi imkanı aşağı olduğundan tam ödəmək iqtidarında olmamış, yalnız cəzaçəkmə müəssisəsində olduğu müddətdə ümumilikdə 1838,28 manat ödəmişdir. İcra sənədi üzrə borclu olduğunu qəbul edir və icra sənədi üzrə öhdəliyini icra etmək niyyətindədir. Qalıq qalan borcunu da hissə-hissə dövlət büdcəsinə ödəyəcəkdir. Əməlindən peşmandır. Göstərilənləri nəzərə alınaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 1(002)-18/2013 saylı, 28 dekabr 2013-cü il tarixli icra sənədinə əsasən Şəxs 616370,97 manat vergi məbləği tutularaq dövlət büdcəsinə köçürülməsi hökm edilmişdir. İcraata başlama haqqında 11 yanvar 2018-ci il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 1(002)-18/2013 saylı, 28 dekabr 2013-cü il tarixli icra sənədi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir; Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 3(002)-260/2019 saylı, 25 fevral 2019-cu il tarixli qərarına əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur; İcra haqqında Azərbaycan Respublikası Qanununun 13.1.4-1 maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında məhkəmə qərarları əsasında verilən icra vərəqələri dərhal icra olunmalıdır. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmuru, tələbkar, borclunun izahatları və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs məhkəmə qətnaməsi ilə üzərinə qoyulmuş aliment öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək, qanunla müəyyən olunmuş müddətdə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 1(002)-18/2013 saylı, 28 dekabr 2013-cü il tarixli icra sənədinin icrasını təmin etməmiş, borcun ödənilməsinə laqeydlik göstərmiş və icra vərəqəsinin icrasına səhlənkar yanaşmışdır. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə aktını icra etmək üçün Şəxs kifayət qədər imkana və vaxta malik olmasına baxmayaraq bunu etməmişdir. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi onun səmimi peşmançılığını və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq, iş üzrə sübutları qiymətləndirib, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli və həbsetmənin əvvəli azadlığının faktiki məhdudlaşdırıldığı andan, yəni 26 aprel 2021-ci il, saat 16:15-dən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, onun barəsində 08 (səkkiz) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Qərarın icrası Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinə və Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılma mərkəzinə həvalə edilsin. İnzibati həbsetmənin əvvəli 26 aprel 2021-ci il saat 16:15-dən hesablansın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi vaxtdan 10 (on) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. . Hakim: İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar