Məhkəmə qərarları › İş №3(002)-61/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-61/2025

04.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-61/2025 04.02.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi ilə, X1 Daxili İşlər Nazirliyi BDYPİ-nin 17 dekabr 2024-cü il tarixli, EQ 25096459 nömrəli qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elvin Abdulǝlizadə tərəfindən qəbul edilmiş 17 dekabr 2024-cü il tarixli, EQ seriyalı 25096459 saylı qərarın ləğv edilməsi və barəsində İXM-in 353.2-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, onun barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə 17 dekabr 2024-cü il tarixli EQ seriyalı 25096459 saylı qərar qəbul edilmişdir. O, 17 dekabr 2024-cü il tarixli EQ seriyalı 25096459 saylı qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 600 (altı yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Bildirmək istəyir ki, o, "HOWO ZZ317 N 3867W YÜK" markalı, ** EG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəçisi olaraq, barəmdə qəbul edilmiş qərarın qanunsuz olduğunu bildirir və bu qərarda göstərilən maddə ilə özümü təqsirli hesab etmir. 17 dekabr 2024-cü il tarixində, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Ələt istiqamətində idarə etdiyi avtomobillə hərəkət edərkən, nəqliyyat vasitəsinin çəkisi çəki ölçmə nəzarət sistemi ilə ölçülmüşdür. Bu ölçməni həyata keçirən cihazın "Kistler 9835A" markalı elektron cihaz olduğu qeyd edilərək, nəticədə onun inzibati xəta törətdiyi qənaətinə gəlindiyi bildirilmişdir. Qəbul edilmiş inzibati tənbeh vermə qərarında qeyd edilir ki, o, ** EG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən, iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki həddini aşmışdır. Halbuki, nəqliyyat vasitəsi çəkisi icazə verilən çəki həddindədir və heç bir yükləmə həddi aşılmamışdır. Bu faktı nəzərə alaraq, o, heç bir inzibati xətaya yol verməmişdir. Buna baxmayaraq, barəsində qanunsuz olaraq inzibati tenbeh vermə haqqında qərar qəbul edilmişdir. Ona tətbiq edilən bu inzibati tənbeh, faktlara və mövcud qanunvericiliyə zidd olaraq verilmişdir. Nə ilə təsdiq olunur ki, bu xətalar baş verib? Əgər avtomobil hərəkətdə isə, buna dair videogörüntü mövcud olmalıdır. Onun bütün hüquqları kobud şəkildə pozulmuşdur. Qeyd olunanlardan da göründüyü kimi barəsində tərtib edilmiş protokol və onun əsasında qəbul edilmiş qərar qanunsuz və əsassızdır. Belə olan halda hesab edir ki, barəsində qəbul edilmiş 17 dekabr 2024-cü il tarixli EQ seriyalı, 25096459 saylı qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə çıxır ki, polis əməkdaşları öz üstün mövqelərindən istifadə edərək istədikləri şəxsi ittiham edə və cərimə edə bilər. Məhz bu halın qarşısının alınması üçün qanunvericilik inzibati xətanın törədilməsini sübut etmək vəzifəsini bu barədə qərar qəbul etmiş şəxsin üzərinə qoymuşdur. Buna görə də indiki halda 17 dekabr 2024-cü il tarixli inzibati xəta haqqında qərar qəbul etmiş əməkdaşın qərarın qəbulu üçün əsas olmuş halları sübuta yetirməsi vacibdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə esasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində taqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 4-cü maddəsinə görə bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə esasən, 8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində Şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 61.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin baş verdiyi yer videomüşahidə vasitələrinin (videokameraların) nəzarəti altındadırsa, hadisənin görüntülərinin elektron daşıyıcıda surətini almaq; yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının nömrəsi, inzibati xəta sürət həddinin aşılması ilə əlaqədar olduqda sürətölçən cihazın göstəricisi, inzibati xətanın törədilmə yeri və tarixi barədə məlumatlar göstərilməklə, inzibati xətanın törədildiyi anın fotoşəklini almaq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hüquqları vardır. İnzibati xəta haqqında qərar qəbul edilərkən heç bir əsas gətirilməmiş, polis əməkdaşı tərəfindən heç bir sübut təqdim edilməmişdir. Belə ki, bununla bağlı hətta heç bir fotoşəkil və ya videoyazı mənə təqdim edilməmişdir. Mən xəta törətmişəmsə Baş X6 İdarəsi bunu nə ilə sübut edir məlum deyil. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə - fiziki şəxslər altı yüz manat məbləğində cərimə edilir. Nəqliyyat vasitəsi çəkisi avtomobili üçün müəyyən edilmiş icazə verilən çəki həddinə tam uyğundur və heç bir yükləmə həddi aşılmamışdır. Ona tətbiq olunan inzibati tənbeh qərarında qeyd edilən çəki ölçmə cihazı ilə ölçülən nəticənin də düzgünlüyü şübhə altına alınır. Bu sistem, statik vəziyyətdə olan nəqliyyat vasitələrinin çəkisini ölçmək üçün istifadə edilir və hərəkət halında olan avtomobilin çəkisini ölçməkdə dinamik təsirlər və sürət faktoru səbəbindən qeyri-dəqiqliklər yarana bilər. Həmçinin, bu sistemin hərəkət edən nəqliyyat vasitələrinin çəkisini düzgün ölçmə qabiliyyəti yoxdur. Bu səbəbdən, ona tətbiq olunan cərimənin əsassız olduğunu hesab edir. Onun avtomobilinin çəki həddi aşılmadığı halda, bu qərar esassız olaraq qəbul edilib. Həmin Məcəllənin 122.3-cü maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərarda bu Məcəllənin 115.1-ci maddəsində nəzərdə tutulanlarla yanaşı inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar (inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə edilməklə) göstərilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 04 noyabr 2020ci il tarixli qərarına əsasən Qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinə əsasən "İnzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. İXM-in 53-cü maddəsinə əsasən aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.1.1. inzibati xəta hadisəsi olmadıqda; 53.1.2. inzibati xəta tərkibi olmadıqda; Məhkəmə iclasının yeri və vaxtı barədə şikayət vermiş şəxs X2 və DİN-in BDYPİ-nə təkrarən rəsmi məlumat verilsədə şikayət vermiş şəxs və nümayəndə məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə də heç bir məlumat verməmişlər. Məhkəmə işə İXM-nin 61.3-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayəti və ona əlavə olunmuş sənədləri, şikayətçinin izahatını araşdıraraq hesab edir ki, X3 barəsində DİN-in BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik-lyetenantı Elvin Abdullazadə tərəfindən tərtib edilmiş 17 dekabr 2024ci il tarixli EQ 25096459 nömrəli qərar əsassız olduğundan ləğv edilməlidir. Belə ki, X1 şikayətə əlavə etdiyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsin Yol Patrul Xidməti Alayının **********033 nömrəli qəbzindən aydın olur ki, HOWO ZZ317 N 3867W YÜK" markalı, ** EG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 17 dekabr 2024-cü il tarixdə, saat 13:37-də ÖVY 15089 nömrəli tərəzidən keçərkən ümumi çəkisi 31850 kiloqramdır. Belə olan halda sözügedən "HOWO ZZ317 N 3867W YÜK" markalı, ** EG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin çəkisi normanı keçməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak bazarına nəzarət dövlət xidməti Azərbaycan Metrologiya İnstitutu X5 “Ölçmə vasitələrinin yoxlanılması haqqında” ÖVY 15089 nömrəli şəhadətnamənin surətindən aydın olur ki, “Yaohua” adlanan, zavod nömrəsi 10407 olan elektron avtomobil tərəzisinin son yoxlama tarixi 06 may 2024-cü il olmaqla, 06 may 2025ci il tarixədək istifadə oluna bilər. DİN-in BDYPİ-dən qanunvericilikdə nəzərdə tutulmuş qaydada təkrarən məlumatlandırılmalarına baxmayaraq nümayəndə məhkəmə iclasına gəlməmiş və iş üçün xüsusi əhəmiyyətə malik olan, habelə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin irəli sürdüyü sübut və faktları təkzib edəcək hər hansı sübutu məhkəməyə təqdim etməmişlər. Azərbaycn Respublikası İXM-nin 8.1-ci maddəsində göstərilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri mütləq sübuta yetirilməlidir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinin tələbindən aydın olur ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Beləliklə məhkəmə, yuxarıda qeyd olunanlara əsasən və İXM-in 114, 115, 128-131-ci və 134-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 şikayəti təmin edilsin. X1 Azərbaycan Respublikası İXM-in 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin Mərkəzi Məlumat Xidməti tərəfindən qəbul edilmiş 17 dekabr 2024-cü il tarixli, EQ seriyalı 25096459 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surətinin rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar