Məhkəmə qərarları › İş №3(002)-612/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-612/2024

13.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-612/2024 13.03.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Şikayət vermiş şəxs X4 və onun etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər idarəsinin nümayəndəsi X8 iştirakları ilə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı Şəhər İdarəsinin 19 noyabr 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli qərarının ləğv edilməsinə dair X4 şikayətinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: ünvan 1 ünvanında yaşayan X6 şikayətlə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinə müraciət edərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı Şəhər İdarəsinin 19 noyabr 2023-cü il tarixli, MN seriyalı ******* saylı qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X10 Xidmətinin Bakı şəhər İdarəsinin rəis müavini tərəfindən qəbul edilmiş 19 noyabr 2023-cü il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında iş üzrə qərara əsasən barəmdə İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən əmək müqaviləsi bağlanmadan fiziki şəxsin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə görə 4000 manat məbləğində inzibati cərimə olunmuşdur. Həmin qərarı 06 fevral 2024-cü ildə əldə etmişdir. Həmin qərarda göstərilənlərə əsasən əmək müqaviləsi bağlanmadan fiziki şəxsin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edilmiş və bununla bağlı inzibati qaydada qərar qəbul edilmişdir. Qeyd edilməlidir ki, tərəfindən inzibati xəta törədilməmiş, heç bir təqsirli hərəkətə yol verilməmiş, inzibati xəta hadisəsi olmamışdır. Qərarda yazılanlar həqiqəti əks etdirmir. Tərəfindən göstərilən inzibati xəta törədilməmişdir. Qərara görə guya o vətəndaş Şahid Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən "Elit" ticarət mərkəzində yerləşən "Zella" mağazasında satılan pərdələrin quraşdırılması işlərinə əmək müqaviləsi bağlamadan cəlb etmişdir. Bununla bağlı bildirmək istəyir ki, pərdə satışı fəaliyyəti ilə məşğul olur. Müştərilər alınan pərdələrin onların mənzillərində quraşdırılması ilə bağlı müraciət etdikdə onlara həmin işlə məşğul olan Şahid mobil nömrəsini təqdim etmişdir. Şahid onun işçisi deyil, nə də ki, onun dükanında hər hansı formada əmək fəaliyyəti ilə məşğul deyil. O, səyyar fəaliyyətlə məşğul olmaqla müştərilərin dəvəti ilə onların mənzillərində pərdə və qarniz quraşdırılması işlərini həyata keçirir. Bu səbəbdən də hesab edir ki, X10 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh verma haqqinda qərar qanunsuzdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-nin 75-ci maddəsində göstərilmişdir ki, inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs və inzibati xəta törətməkdə şəxsin təqsiri inzibati xəta haqqında iş üzrə müəyyən edilməlidir. İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. İXM-nin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 - 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. İXM-nin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Odur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X10 Xidmətinin Bakı şəhər İdarəsinin İXM-nin 192.1-ci maddəsi ilə 4000 manat məbləğində cərimə edilməsinə dair 19 noyabr 2023-cü il tarixli, MN ******* saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X6 öz izahatında şikayəti müdafiə edərək göstərmişdir ki, 2023-cü ilin iyul ayından Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Sədərək” TM-nin ərazisində "Elit" 11 sırasında yerləşən "Zella" mağazasında pərdə satışı ilə məşğul olmuşdur. Həmin pərdə dükanını təxminən üç aya yaxın bir dövrdə işlətmişdir. Dükan işlədiyi dövrdə müştərilərə satdığı pərdələri evlərə çatdırıb asmaq üçün ara-sıra Sənan adlı şəxsi işə cəlb etmişdir. 2023-cü ilin sonlarında daha bir müştəriyə pərdə satdıqdan sonra Sənanı pərdə sexindən pərdə götürməsi üçün göndərmiş, Sənan həmin gün dərzi ilə dalaşmış və hadisə yerinə polis çağırılmışdır. Bundan bir müddət sonra, 18 oktyabr 2023-cü il tarixdə onu Qaradağ rayon Prokurorluğuna çağırmışlar. O Qaradağ rayon Prokurorluğunda olarkən izahat yazmış, yəni ona deyilənləri yazaraq imza atmışdır. Belə ki, prokurorluqda verdiyi izahatında Sənanı günəmuzd işlərin görülməsinə cəlb etdiyini qeyd etmişdir. Əslində isə Sənan onun işçisi olmamaqla təkcə onun yox, “Sədərək” TM-də pərdə satışı ilə məşğul olan digər sahibkarların da verdiyi tapşırıqları yerinə yetirir. O Sənana ara-sıra nəqliyyat və yol xərcləri üçün pul versə də Sənan gördüyü xidmətin qarşılığında ödənişi əsasən müştərilərdən alır. O öz izahatında daha sonra Qaradağ rayon prokurorluğunda izahat verərkən ona qarşı hər hansı bir fiziki və ya psixi zorakılıq göstərilmədiyini bildirmişdir. Odur ki, barəsində qəbul edilmiş X10 Xidmətinin Bakı Şəhər İdarəsinin 19 noyabr 2023-cü il tarixli, MN seriyalı ******* saylı qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X4 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil öz izahatında hüquqlarını müdafiə etdiyi şəxs barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarı qəbul etməyərək göstərmişdir ki, X4 əməlində inzibati xəta tərkibi yoxdur. Belə ki, X6 yalnız pərdə satışı ilə məşğuldur. Pərdə satarkən Rövşən pərdələrin mənzillərə yerləşdirilməsini öz üzərinə götürmür. O ara-sıra müştəriləri Sənana yönləndirməklə pərdələrin taxılması və quraşdırılması işini ona həvalə etməyi təklif edir. Sənan gödüyü işin müqabilində ödənişi müştərilərdən alır. Əgər tərəflər arasında əmək münasibətdləri olsa idi o zaman əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsindən söhbət gedə bilərdi. Lakin tərəflər arasında əmək münasibətləri yoxdur. Odur ki, qeyd etdiklərinə əsasən X4 inzibati məsuliyyətə cəlb edilməsi haqqında 19 noyabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı Şəhər İdarəsinin səlahiyyətli nümayəndəsi X11 izahatında verilmiş şikayəti qəbul etməyərək bildirmişdir ki, təmsil etdiyi qurumun icraatına Bakı şəhər Qaradağ rayon X1 barəsində İXM-nin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında material daxil olmuşdur. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında 13 noyabr 2023-cü il tarixli qərara əsasən

1. vəzifəli şəxs X6 (FİN 0W95BS5, VÖEN **********) xx.xx.1985-ci il tarixdə Neftçala rayonunda anadan olmuş, evli, fərdi sahibkarlıqla məşğul olan, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 48 ünvanında yaşayan – barəsində Azerbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanılması

2. barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılan şəxsə Azərbaycan Respublikasının İXM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilməsi,

3. Qərarın və toplanmış materialın baxılması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinə göndərilməsi

4. Qərarın surətinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə göndərilməsi qərara alınmışdır. Nəticədə fərdi sahibkar X6 barəsində 19 noyabr 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Hal-hazırda da tərtib edilmiş qərarı müdafiə edərək 19 noyabr 2023-cü il tarixli, MN seriyalı ******* qərarın dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. O öz izahatında daha sonra göstərmişdir ki, barəsində qərar qəbul edilmiş X6 və eləcə də qanunsuz əmək münasibətlərinə cəlb etdiyi Qədirov X9 rayon Prokurorluğunda verdikləri izahatlarında göstərilən faktı tam təsdiq etmişlər. Barəsində qərar qəbul edilərkən də X6 tərəfindən onlara hər hansı bir etiraz da daxil olmamışdır. Adətən belə işlərin hamısında tərəflər hüquq mühafizə orqanlarında izahat verərkən daha doğru və dürüst danışırlar, çünki onlar əslində başqa məsələ ilə bağlı çağırıldıqları üçün əmək münasibətləri ilə bağlı məsələni olduğu kimi bildirirlər. X2 şifahi vəsatəti əsasında məhkəmə iclasında şahid qismində iştirak edən Şahid öz izahatında bildirmişdir ki, təxminən iki ilə yaxındır ki, “Sədərək” ticarət mərkəzində ayrı-ayrı sahibkarların satdığı pərdələrin müştərilərin evlərində quraşdıırlması ilə məşğul olur. X5 təqribən bir ilə yaxındır ki, tanımışdır. Belə ki, Rövşən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Sədərək” TM-nin ərazisində "Elit" 11 sırasında yerləşən "Zella" mağazasında pərdə satışı ilə məşğul olmuşdur. Digər sahibkarlar kimi Rövşən də ara-sıra ona tapşırıqlar vermişdir. O bu tapşırığa əsasən dükandan götürdüyü pərdələri müştərilən evində quraşdırmışdır. O Rövşənin işçisi kimi deyil, onun tapşırığı əsasında işləyir. Belə ki, Rövşənin müqavilə əsasında işə götürdüyü işçisi var və o bəzən Rövşənə kömək edir. Ona olan ödənişi əsasən müştərilər verir. Rövşən isə arada bir ona yol və nəlqiyyat xərclərini ödəyir. O Qaradağ rayon Prokurorluğunda verdiyi izahata münasibətdə isə bildirmişdir ki, prokurorluq orqanında ona hər hansı fiziki və ya psixi zor tətbiq edilməmiş, lakin ona diqtə ediləni yazmışdır. Məhkəmə, şikayəti, iş materiallarını araşdıraraq və tərəflərin izahatlarını dinləyərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı Şəhər İdarəsinin rəis müavini X12 tərəfindən qəbul edilmiş 19 noyabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, vətəndaş Şahid vəzifəli şəxs X6 tərəfindən 2023cü ilin iyul ayından oktyabr ayınadək Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, ərazisində yerləşən "Elit" ticarət mərkəzində yerləşən "Zella" mağazasında satılan pərdələrin quraşdırılması işlərinə əmək müqaviləsi bağlanmadan cəlb edilmişdir. Buna görə də X6 İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinərək vəzifəli şəxs kimi 4000 manat məbləğində cərimə edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X6 18 oktyabr 2023-cü il tarixdə Qaradağ rayon Prokurorluğunda öz xətti ilə verdiyi izahatında Şahid müştərilərə satdığı pərdələrin mənzillərdə quraşdırılması işlərinə cəlb etdiyini, satılan pərdələrə uyğun olaraq Sənana 10-15 manat məbləğində günəmuzd əmək haqqı verdiyini və Sənanla arasında hər hansı əmək müqaviləsi bağlanmadığını göstərmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Qədirov X9 rayon Prokurorluğunda öz xətti ilə verdiyi izahatında Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Sədərək” Ticarət Mərkəzi, “Elit” 11-ci sırada yerləşən “Zella” pərdə mağazasında satılan pərdələrin mənzillərdə quraşdırılması işlərini gördüyünü, müvafiq olaraq Rövşən Abdullayev tərəfindən ona 10-15 manat məbləğində günəmuzd əmək haqqı ödənildiyini və Rövşənlə arasında hər hansı əmək müqaviləsi bağlanmadığını qeyd etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hər iki şəxs Qaradağ rayon Prokurorluğunda izahat verərkən hər hansı fiziki və ya psixi zorakılığa məruz qalmayaraq öz xəttləri ilə sərbəst izahat yazmışlar. Məhkəmə qeyd olunan şəxslərin verdiyi həmin izahatların daha səmimi və doğru olduğu qənaətinə gəlir. Məhkəmə baxışı zaman X2 etirazının əsası kimi istinad etdiyi hallara dair məhkəməyə hər hansı bir sübut təqdim edilməmiş, o cümlədən şikayət araşdırılarkən onun təqsirsiz olmasına dair hər hansı bir mötəbər sübut da aşkar edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinin tələbindən aydın olur ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılan zaman qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 128- 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

X4 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı Şəhər İdarəsinin 19 noyabr 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli qərarından verdiyi şikayət təmin edilməsin. Qərardan, onun surətinin rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar