Məhkəmə qərarları › İş №3(002)-613/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-613/2024

13.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-613/2024 13.03.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Şikayət vermiş şəxs X4, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, X4 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN ******* saylı, xx.xx.2024-cü il tarixli qərarından şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X7 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN ******* saylı, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi barədə şikayətlə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən X7 izahat verərək, göstərdi ki, o, 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN ******* saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə İXM-nin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə 1000 manat məbləğində cərimə edilmişdir. Qəbul edilmiş protokol və qərarla razı deyil, hesab edir ki, qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, barəsində qəbul edilmiş qərarda qeyd edilir ki, o, 13 yanvar 2024-cü il tarixdə Qaradağ rayonu, Ələt qəsəbəsi, Xəzər dənizi sahili su bataqlıq sahəsində ona məxsus 12 kalibrli “Stoeger” markalı ov silahı ilə müvafiq icazə olmadan qanunsuz ov etmişdir. Bildirir ki, barəsində protokol düzgün tərtib edilməmiş və həmin protokol əsasında tərtib edilmiş qərar da əsassızdır. Belə ki, onun 12 kalibrli “Stoeger” markalı ******* nömrəli ov silahının saxlanılması və təyinatı üzrə istifadə edilməsi üçün qanuni icazəsi vardır. O, 13 yanvar 2024-cü il tarixdə adına olan ov silahını yoxlamaq üçün açıq əraziyə gedəndə Bakı şəhəri 11 saylı RETSİ əməkdaşları ona yaxınlaşmış, heç bir sənəd təqdim etmədən üzərində ov tüfəngi olmasını görüb ovla məşğul olmasını bildirərək qanunsuz olaraq barəsində protokol tərtib etmişlər. Həmin vaxt silahını əlindən almışlar və sonra yazılmamış protokola imza etdirmişlər ki, silahı ona qaytarmalarına dair protokola imza etdirirlər. O da silahı qaytarmalarına görə yazılmamış protokola imza etmişdir. Əslində həmin vaxt ov etməmiş və buna dair heç bir sübut olmamışdır. Yalnız üzərində tüfəng olduğuna görə onun ovla məşğul olmağına dair əsassız protokol tərtib etmişlər. Hesab edir ki, işin halları tam, hərtərəfli və obyektiv araşdırılmamış, inzibati xəta törətməkdə təqsiri sübuta yetməmişdir. Buna görə də 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN ******* saylı, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X5 bildirdi ki, inzibati xəta haqqında iş üzrə araşdırma obyektiv aparılmış, X4 əməlində Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olduğundan, o, həmin maddə ilə təqsirli bilinib məsuliyyətə cəlb olunmuşdur. Belə ki, 13 yanvar 2024-cü il tarixdə idarənin əməkdaşları tərəfindən ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyin tələblərinə riayət edilməsinin yoxlanılması məqsədilə müvafiq tədbirlər həyata keçirilən zaman Qaradağ rayonu, Ələt qəsəbəsi, Xəzər dənizi sahilində su bataqlıq sahəsində atəş səsi eşidilmiş və həmin əraziyə baxış keçirilmişdir. Aparılmış yoxlama zamanı ünvan 1 ünvanında yaşayan X4 özünə məxsus 12 kalibrli, “Stoeger” markalı, ******* nömrəli, yivsiz lüləli ov silahı ilə qanunsuz quş ovu ilə məşğul olduğu aşkar olunmuşdur. X3 01 ədəd 12 kalibrli, “Stoeger” markalı, ******* nömrəli, yivsiz lüləli ov silahı və 06 ədəd zavod istehsalı olan patron götürülmüşdür. Sözügedən yoxlama zamanı qanunsuz ov etmə barədə müvafiq akt tərtib edilmişdir. Bundan sonra müvafiq protokol tərtib edilərək, X7 barəsində cərimə tətbiq edilmişdir. Bildirir ki, X3 atəşə hazır vəziyyətdə 01 ədəd 12 kalibrli, “Stoeger” markalı, ******* nömrəli, yivsiz lüləli ov silahı və 06 ədəd zavod istehsalı olan patron aşkar olunması bilavasitə onu göstərir ki, sonuncu quş izləməklə qanunsuz olaraq ov etmişdir. Həmçinin həmin ərazi ov üçün nəzərdə tutulmamışdır. Hadisə yerində fotoşəkillər çəkilmiş və həmin fotoşəkillərdən də aşkar görünür ki, Rəvan Rəhimovun üzərində ov silahı olmuşdur. Həmin şəxsin ov etmək üçün lazımi icazəsi olmamışdır. Əlavə olaraq idarənin əməkdaşları tərəfindən yazılmamış protokola imza etdirilməsi ilə bağlı Rəhimov Rəvanın izahatında göstərdikləri ilə bağlı ona verilmiş suala cavab olaraq bildirdi ki, həmin hallar idarə tərəfindən aparılan inzibati araşdırma zamanı yoxlanılmış və öz təsdiqini tapmamışdır. X8 tərtib olunmuş akta etiraz qeydi etməmişdir. Göstərilənlərə əsasən şikayətin təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 13 yanvar 2024-cü il tarixli aktdan görünür ki, həmin tarixdə idarənin əməkdaşları tərəfindən ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyin tələblərinə riayət edilməsinin yoxlanılması məqsədilə müvafiq tədbirlər həyata keçirilən zaman Qaradağ rayonu, Ələt qəsəbəsi, Xəzər dənizi sahilində su bataqlıq sahəsində atəş səsi eşidilmiş və həmin əraziyə baxış keçirilmişdir. Aparılmış yoxlama zamanı ünvan 1 ünvanında yaşayan X4 özünə məxsus 12 kalibrli, “Stoeger” markalı, ******* nömrəli, yivsiz lüləli ov silahı ilə qanunsuz quş ovu ilə məşğul olduğu aşkar olunmuşdur. X3 01 ədəd 12 kalibrli, “Stoeger” markalı, ******* nömrəli, yivsiz lüləli ov silahı və 06 ədəd zavod istehsalı olan patron götürülmüşdür. Qeyd olunanlarla bağlı müvafiq akt tərtib olunmuş və həmin akt X7 tərəfindən imzalanmışdır. Həmçinin iş materiallarına əlavə edilmiş 13 yanvar 2024-cü il tarixdə 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfində keçirilmiş reyd zamanı çəkilmiş fotoşəkillərdən görünür ki, X7 hadisə baş verən zaman xüsusi geyimdə olmuş və üzərində ov silahı olmuşdur. İş materiallarında olan 13 yanvar 2024-cü il tarixli, MN ******* saylı protokoldan görünür ki, 13 yanvar 2024-cü il tarixdə Qaradağ rayonu, Ələt qəsəbəsi, Xəzər dənizi sahilində su bataqlıq sahəsində qanunsuz quş ovu etdiyinə görə X7 barəsində 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN ******* saylı, 25 yanvar 2024-cü il tarixli qərarından görünür ki, X1 rayonu, Ələt qəsəbəsi, Xəzər dənizi sahili su bataqlıq sahəsində 12 kalibrli, “Stoeger” markalı ov silahı ilə müvafiq icazə olmadan qanunsuz ov etməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 1000 (min) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinin məzmununa görə - ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə- inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. “Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1 maddəsinin məzmununa əsasən - ovçuluq - quruda və suda təbii sərbəstlik və yarımsərbəst şəraitində daimi, müvəqqəti və köçəri yaşayan, habelə təsərrüfat subyektləri tərəfindən yetişdirilib ov yerlərinə buraxılan suda-quruda yaşayanların, xəzdərililərin, sürünənlərin, quşların və məməlilərin (bundan sonra - vəhşi heyvanların) izlənilməsi, təqib edilməsi, tutulması və vurulması üzrə fəaliyyət növüdür. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən ovçuluq fəaliyyəti bu Qanunda nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən ovçuluq üçün ayrılmış ov yerlərində həyata keçirilir. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən ovçuluq fəaliyyəti ödənişlidir. Bu fəaliyyət ovçuluq bileti və ov etmək üçün verilən icazə əsasında həyata keçirilir. Həmin Qanunun 20.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində ov edilməsi aşağıdakı hallarda qadağan edilir: 20.1.1. müvafiq icra hakimiyyəti orqanı tərəfindən nəzərdə tutulmamış günlərdə; 20.1.2. ovçuluq bileti və ov etmək üçün icazə olmadıqda; 20.1.3. başqa şəxsə aid olan ovçuluq biletindən, ov etmək üçün icazədən və ov silahından istifadə edildikdə; 20.1.4. ov etmək üçün verilmiş icazədə göstərilən yerdə ov edilmədikdə; 20.1.5. ovçuluq təsərrüfatlarında qeydiyyatdan keçmədikdə; 20.1.6. ov etmək üçün icazədə göstərilmiş normadan (saydan) artıq ov edildikdə. Məhkəmə şikayətçi X4 yalnız üzərində tüfəng olduğuna görə onun ovla məşğul olması ilə bağlı qanunsuz protokol tərtib edilməsinə dair dəlilini əsassız hesab edərək qeyd edir ki, 13 yanvar 2024-cü il tarixdə 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən keçirilən yoxlama zamanı X4 xüsusi geyimdə olması, üzərində ov silahının və altı ədəd patronun olması təbiətdəki quşların “izlənməsi” kimi qiymətləndirilir ki, bu hərəkətlər də öz növbəsində yuxarıda qeyd edilən qanunvericilik normalarının məzmununa əsasən “ovçuluq” fəaliyyəti hesab edilir. Eyni zamanda sözügedən ərazi ov edilməsi üçün nəzərdə tutulmamışdır və Rəvan Rəhimovun ov etmək üçün xüsusi icazəsi olmamışdır. Bundan başqa məhkəmə X7 məhkəmə iclasında yazılmamış protokola imza etməsi barədə izahatını müdafiə mövqeyinə söykənən ifadə kimi qiymənləndirməklə sonuncunun istinad edilən inzibati xətanın törətməsi inzibati xəta haqqında protokol, 13 yanvar 2024-cü il tarixli akt, həmin akta əlavə olunmuş fotoşəkillər və işdə olan digər sübutlarla öz təsdiqini tapdığından, inzibati tənbeh vermə haqqında səlahiyyətli orqanının qərarının qanuniliyinin şübhə altına alınması üçün əsas görmür. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, X4 əməlinin Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsi ilə tövsif edilməsi və ona həmin maddə ilə inzibati tənbeh tətbiq olunması ilə bağlı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsinin 25 yanvar 2024 -cü il tarixli MN seriyalı ******* nömrəli qərarı qanuni və əsaslıdır. Ona görə də şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134, 128-133-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X4 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında qərarın ləğv edilməsi haqqında şikayət ərizəsi təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar