Məhkəmə qərarları › İş №3(002)-614/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-614/2025

11.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-614/2025 11.04.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu PŞ-nin sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1976-cı il tarixdə Lerik rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli, orta təhsilli, Biləsuvar rayonu, Bəydili kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhər Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu PŞ-dən daxil olmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, xx.xx.2025ci il tarixdə saat 11:00-da Şəxs polisin qanuni tələblərinə tabe olmamış, ictimai qaydanı kobud surətdə pozaraq vətəndaşların narahatlığına səbəb olmuşdur dır. Bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu PŞ-nin sahə rəisi X3 inzibati xəta haqqında protokolu müdafiə edərək, xx.xx.2025-ci il tarixdə saat 17:40-da Şəxs polisin qanuni tələblərinə tabe olmamış, ictimai qaydanı kobud surətdə pozaraq vətəndaşların narahatlığına səbəb olmuşdur. Polis əməkdaşları tərəfindən Şəxs polis şöbəsinə gətirilmişdir. Göstərilənləri nəzərə alaraq, Şəxs barəsində qanuni tədbirlər tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında özünü qismən təqsirli bilərək verdiyi izahatında göstərmişdir ki, spirtli içki qəbul etdikdən sonra küçədə dostu telefonla ucadan danışaraq nalayiq ifadələrə yol vermişdir. Tanımadıqları bir vətəndaş onlara işlətdikləri nalayiq ifadələr səbəbindən yaxınlaşmış, iradlarını bildirərkən oraya polis əməkdaşları yaxınlaşmışlar. Daha sonra 10-cu PŞ-nə gətirilmiş və bundan sonra barəsində protokol tərtib edilərək məhkəməyə təqdim olunmuşlar. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, hadisə vaxtı o, polisə qarşı heç bir müqavimət göstərməmişdir. Barəsində yüngül tənbeh seçilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şahid Qaradağ RPİ-nin DYPŞ yol-patrul xidməti inspektoru X2 bildirdi ki, hadisə günü dostu Elşənlə birlikdə spirtli içki qəbul etmiş və küçədə olarkən telefonla danışaraq söyüş söydüyünə görə digər tanımadığı vətəndaş onlara irad bildirmişdir. Daha sonra 10-cu PŞ-nə gətirilmişdirlər. Lakin hadisə vaxtı Elşən polisə qarşı heç bir müqavimət göstərməmişdir. İş materiallarında olan Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsinin rəisi polis mayoru Sabir Həsənova ünvanlanmış xx.xx.2025-ci il tarixli raportuna əsasən xx.xx.2025-ci il tarixdə saat 17 radələrində 28 May küçəsi ərazisi yaxınlığında xidmət apararkən dayanacaqda duran 2 nəfər vətəndaşın yüksək səslə nalayiq ifadələr işlədərək ictimai asayişi kobud surətdə pozmuşdurlar. Həmin şəxslər polis əməkdaşları tərəfindən nizam-intizama dəvət olunsalar da, onlar öz qanunsuz əməllərinə davam etmişdirlər. Qanuni tələblərə tabe olmadıqlarında isə onların polis şöbəsinə aparılması təmin edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 17:40 radələrində Şəxs polisin qanuni tələblərinə tabe olmamış, ictimai qaydanı kobud surətdə pozaraq vətəndaşların narahatlığına səbəb olmuşdur. Bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş 01 ədəd DVD diskdən görünür ki, məhkəmə iclasında tədqiq edilmiş videogörüntüdə Şəxs nalayiq ifadələr söyləməsi aydın olur. İş materiallarında olan tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 21:00-da inzibati qaydada tutulmuşdur. İş materialında olan sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, hadisə zamanı Şəxs sərxoş olmuşdır. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Həmin Qanunun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək polis əməkdaşının hüququdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən İnzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Belə ki, vətəndaş Şəxs cəmiyyətə kobud hörmətsizlik edərək yüksək səslə söyüş söymüş, digər vərəndaşların narahatlığına səbəb olmuş, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə hesab edir ki, Şəxs əməllərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tərkib əlamətləri müəyyən edilmədiyindən, onun həmin əməlləri törətməsinə dair hər hansı əsaslı sübutlar təqdim edilmədiyini nəzərə alaraq, barəsində Məcəllənin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Eyni zamanda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidin məhkəmə iclasında verdiyi ifadəsindən müəyyən olundu ki, onun polis əməkdaşlarının qanuni tələbinə tabe olmaması və ya polis bölməsinə getməkdən yayınması hallarını sübut edəcək hər hansı fakt məhkəməyə təqim edilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi gənc olmasını, müharibə veteranı olmasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, ona İXM-nin 31.4-1-ci maddəsinin tələbi nəzərə alınmaqla cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Həmçinin 01 ədəd DVD disk iş materialında saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək, İXM-nin 31.4-1-ci maddəsinin tələbi nəzərə alınmaqla 70 (yetmiş) manat məbləğində inzibati cərimə edilsin. 01 ədəd DVD disk iş materialında saxlanılsın Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar