Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-615/2025 11.04.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ RPİ-nin 10-cu PŞ-nin sahə rəisi, polis mayoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1968-ci ildə Lerik rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1i ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, İ massiv, fərdi yaşayış evində yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair Qaradağ RPİ-nin 10-cu Polis Şöbəsindən daxil olmuş inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Daxil olmuş inzibati materialdan və protokoldan aydın olur ki, Şəxs 10 aprel 2025-ci il tarixdə, saat təxminən 14:40 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində 28 May küçəsində polis əməkdaşlarına tabesizlik göstərmiş və ictimai qaydanı pozmuşdur. Buna görə də onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə 11 aprel 2025-ci il tarixdə MN ******* saylı protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən 10-cu PŞ-nin sahə rəisi, polis mayoru X3 öz izahatında protokolu müdafiə edərək bildirmişdir ki, ƏÇPA-nın 10-cu PŞ-nın polis nəfəri, polis serjantı X2 10 aprel 2025-ci il tarixdə, saat təxminən 14:40 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində 28 May küçəsi ilə Nizami küçəsinin kəsişməsində yerləşən dayanacağın qarşısında iki nəfər vətəndaşın yüksək səslə nalayiq ifadələr işlətdiyini və ictimai asayişi kobud şəkildə pozduğunu görüb onlara yaxınlaşıb özünü təqdim etmişdir. Vətəndaşları nizam-inztizama dəvət etsələr də onlar nalayiq ifadələr işlətməkdə davam etmiş, polis şöbəsinə dəvət edilərkən isə polis əməkdaşlarının qanuni tələblərini yerinə yetirməmişdirlər. Nəticədə vətəndaşlar xidməti maşına əyləşdirilərək 10cu PŞ-na aparılmışlar. Odur ki, onun barəsində İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Qaradağ rayon məhkəməsinə göndərilmişdir. Odur ki, Şəxs barəsində müvafiq tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs öz izahatında göstərmişdir ki, ƏÇPA-nın 10-cu PŞ-nın polis nəfəri, polis serjantı X2 10 aprel 2025-ci il tarixdə, saat təxminən 14:40 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində 28 May küçəsi ilə Nizami küçəsinin kəsişməsində yerləşən dayanacağın qarşısında olarkən yüksək səslə mobil telefonla başqa şəxslə danışığı zamanı kobud ifadələr işlətmişdir. Bu zaman ictimai qaydanı pozduğu üçün polis əməkdaşları ona yaxınlaşaraq nizam-intizamlı olmaq barədə xəbərdarlıq etmişdir. O heç kimi təhqir etmədiyini, lakin hadisə baş verərkən içkili olduğundna hadisəni təfərrüatları ilə xatırlamadığını bildirmişdir. Polis əməkdaşlarına heş bir tabesizlik göstərməmiş və könüllü olaraq polis şöbəsinə getmişdir. O törətdiyi əməldən peşiman olduğunu və bir daha belə hərəkətlərə yol verməyəcəyini bildirərək məhkəmədən ona yüngül tənbeh verilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını və iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs əməlində ictimai qaydanı qəsdən pozaraq xırda xuliqanlıq əməli törətməsi öz təsdiqini tapsa da onun polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması öz təsdiqini tapmamışdır. Odur ki, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair hissədə əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməli və yalnız İXM-nin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş 10 aprel 2025-ci il tarixli, 2/19874 nömrəli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan aydın olur ki, Şəxs 10 aprel 2025-cü il tarixdə, saat 20:30-da tibbi müayinədən keçirilərkən onun yüngül dərəcə alkoqol sərxoşluğu olduğu müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş “İnzibati qaydada tutma haqqında” 10 aprel 2025-ci il tarixli protokoldan aydın olur ki Şəxs yuxarıda qeyd olunan törədilməsi ehtimal edilən inzibati pozuntu ilə əlaqədar 10 aprel 2025-ci il tarixdə, saat 21:00-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.4-1. maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Beləliklə, məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, əməlini etiraf edərək səmimi peşiman olmasını və polis əməkdaşlarının ona qarşı hər hansı şikayət və ya tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, onun barəsində İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi daha məqsədə müvafiqdir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından həmin maddə üzrə başlanmış inzibati xəta haqqında icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək həmin Məcəllənin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla 70 (yetmiş) manat məbləğində inzibati cərimə edilsin. Şəxs inzibati qaydada tutulmadan dərhal azad edilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-615/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-615/2025
11.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver