Məhkəmə qərarları › İş №3(002)-620/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-620/2023

06.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-620/2023 06.04.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 11-ci PB-nin sahə inspektoru, polis mayoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Qobustan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə toplanmış inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında materiala əsasən, Şəxs 06 aprel 2023-cü il tarixdə, saat 23:15 radələrində Səngəçal qəsəbəsində ictimai qaydanı pozmuş və polisin qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 11ci PB-nin sahə inspektoru, polis mayoru X3 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsində Şəxs polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədərək, onların qanuni tələblərinə tabe olmamışdır. Dəfələrlə nizam-intizama dəvət etsələr də, o, kobud hərəkətlərini davam etdirmişdir. Bu hərəkətləri ilə İXM-nin 510-cu və 535.1-ci maddələrinin tələblərini pozduğundan barəsində müvafiq protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Həmçinin, Qaradağ RPİ-nin 11-ci PB-nin sahə inspektoru X3 məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, tərəfindən tərtib edilmiş protokolu müdafiə edir, Şəxs barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, 05 aprel 2023-cü il tarixdə qəsəbədə yaşayan Çingiz adlı şəxsin övladının hərbi xidmətə yollanması ilə bağlı keçirdiyi məclisə dəvət olunmuşdur. Keçirilən məclislə əlaqədar qurulmuş mağarda o, tanışları ilə bərabər kart oyunları oynayarkən polis əməkdaşları mağara daxil olmuşdur. Onlar içəri daxil olarkən video çəkiliş aparmış və daha sonra onları polis bölməsinə dəvət etmişlər. Həmin vaxt o, içkili olduğu üçün polis maşınına əyləşmək istəməmiş və polis əməkdaşlarına tabesizlik göstərmişdir. Həmçinin bildirmişdir ki, 05 aprel 2023-cü il tarixdə, saat 22:00-da polis əməkdaşları tərəfindən polis bölməsinə gətirilərkən hüquq və vəzifələri ona izah edilmiş, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla və ona əlavə edilmiş materiallarla tanış olmuş, işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmamış, ona heç bir fiziki təzyiq və zorakılıq göstərilməmişdir. Tutulduğu və harada saxlanıldığı barədə ailə üzvlərinə məlumat verilmişdir. Əlilliyi olan şəxs deyildir. Həmçinin Şəxs əməlindən peşman olduğunu, sərxoş olduğu üçün polis əməkdaşlarına qarşı kobudluq nümayiş etdirdiyini bildirmiş, bir daha analoji əməllərə yol verməyəcəyini nəzərə alaraq, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müdafiəçi Vəkil çıxışında bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxsin törətdiyi əməli səmimi etiraf etdiyini nəzərə alaraq, onun barəsində həbslə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şahid Qaradağ RPİ-nin 11-ci PB-nin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili X4 izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 23:19 radələrində inzibati ərazidə 11-ci PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili Rəşad Möhübbətzadə ilə xidmət aparan zaman Səngəçal qəsəbəsində “24 saat” marketin yaxınlığında qurulan mağarda bir qrup şəxsin toplaşdığını görüb mağarın içərisinə daxil olmuşlar və orada bir qrup şəxs tərəfindən qumar oyunları oynanıldığını müəyyən etmişlər. Həmin şəxslərə yaxınlaşıb özlərini təqdim etdikdən sonra törətdikləri qanunsuz əmələ son qoymaları bildirilsə də bir nəfər şəxs kobud formada onların qanuni tələblərinə tabe olmamaqla yanaşı səs küy salaraq mağardakı digər şəxslərin oradan uzaqlaşmalarına şərait yaratmışdır. Daha sonra həmin şəxsi polis bölməsinə dəvət etsələr də o, polisin qanuni tələblərinə tabe olmamış və öz qanunsuz əməllərinə davam etdiyi üçün saxlanılaraq polis bölməsinə gətirilmişdir. Bölmədə həmin şəxsin xx xxxxxx 1995-ci il təvəllüdlü Şəxs olduğu müəyyən olunmuşdur. Odur ki, Şəxs barəsində qanuni tədbir görülməsi üçün göstəriş verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş 11-ci PB-nin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili, polis baş leytenantı X2 digər şahid R.K.Qurbanovun ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi tam sübuta yetirilir. Belə ki, iş materialında olan Qaradağ RPİ-nin 11-ci PB-nin baş əməliyyat müvəkkili R.Qurbanov tərəfindən tərtib edilmiş 05 aprel 2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 23:19 radələrində polis əməkdaşları inzibati ərazidə xidmət aparan zaman Səngəçal qəsəbəsində “24 saat” marketin yaxınlığında qurulan mağarda bir qrup şəxsin toplaşdığını görüb mağarın içərisinə daxil olmuşlar. Orada müəyən edilmişdir ki, içəridə bir qrup şəxs tərəfindən qumar oyunları oynanılır. Həmin şəxslərə yaxınlaşıb özlərini təqdim etdikdən sonra törətdikləri qanunsuz əmələ son qoymalarını tələb edərkən orada olan bir nəfər şəxs kobud formada onların qanuni tələblərinə tabe olmamaqla yanaşı səs-küy salaraq mağardakı digər şəxslərin oradan uzaqlaşmalarına şərait yaratmışdır. Daha sonra həmin şəxsi polis bölməsinə dəvət etsələr də o, polisin qanuni tələblərinə tabe olmamış və öz qanunsuz əməllərinə davam etdiyi üçün saxlanılaraq polis bölməsinə gətirilmişdir. Bölmədə həmin şəxsin xx xxxxxx 1995-ci il təvəllüdlü Şəxs olduğu müəyyən olunmuşdur. Odur ki, Şəxs barəsində qanuni tədbir görülməsi üçün göstəriş verilməsi xahiş edilmişdir. İş materialında olan DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, 11-ci polis bölməsinin əməkdaşları mağara daxil olarkən orada olan şəxslər masa ətrafında oturaraq pul müqabilində kart oyunları oynayırlar. Polis əməkdaşlarının onlara ünvanladıqları suallarını Şəxs kobud şəkildə cavablandıraraq tabesizlik göstərmiş və polis əməkdaşları onu çətinliklə polisin xidməti avtomobilinə yerləşdirmişlər. İş materialında olan 06 aprel 2023-cü il tarixli ərizədən görünür ki, Şəxs 05 aprel 2023-cü il tarixdə saat 22:00 polis bölməsinə gətirilmişdir. İş materialında olan sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə haqqında 06 aprel 2023-cü il tarixli, 2/10113 nömrəli protokoldan görünür ki, hadisə zamanı Şəxs orta dərəcəli sərxoş olmuşdur. İş materialında olan 06 aprel 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 06 aprel 2023-cü il tarixdə, saat 23:15 radələrində Səngəçal qəsəbəsində ictimai qaydanı pozmuş və polisin qanuni tələbinə tabe olmamış və bununla da, Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Azərbaycan Respublikasının İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs 05 aprel 2023-cü il tarixdə Səngəçal qəsəbəsində qumar oyunları oynayarkən polis əməkdaşlarının onlara mane olmasından narazı qalaraq, onların ünvanına yüksək səslə nalayiq ifadələr səsləndirməklə, onlara qarşı tabesizlik göstərmiş, polisin xidməti avtomobilinə minməkdən yayınmış, dəfələrlə nizam-intizama dəvət edilsə də buna məhəl qoymayaraq polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Beləliklə, törətdiyi inzibati xəta əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, özünün və şahidlərin məhkəmə iclasında verdiyi ifadələrlə və digər iş materialları ilə onun ictimai qaydanı pozması və bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi, həmçinin, polis əməkdaşlarının dəfələrlə etdiyi çağırışlara baxmayaraq öz qanunsuz hərəkətlərini davam etdirməsi və bununla da, həmin Məcəllənin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən həmin Məcəllənin 510 və 535.1-ci maddələri ilə tövsif edilməlidir. Qeyd edilən əməllərin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İXM-nin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən Şəxs səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 33-cü maddəsinə əsasən səlahiyyətli şəxsin hüquqazidd hərəkəti dayandırmağı tələb etməsinə baxmayaraq, Şəxs tərəfindən həmin hərəkətləri davam etdirməsi və inzibati xətanı sərxoş halda törətməsi məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinməli və həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən onun barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli, iş üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli şəxsin hüquqlarının faktiki məhdudlaşdırıldığı andan, yəni 05 aprel 2023-cü il tarixdən saat 22:00dan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Məhkəmə həmçinin hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Vəkil dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Vəkil məhkəmədə iştirak etdiyi 2 saata görə 12 (on iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 43, 106-112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1, 510 və və 535.1ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin və həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən onun barəsində 10 (on) gün müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 05 aprel 2023-cü il tarixdən saat 22:00dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılma mərkəzinə və Qaradağ Rayon Polis İdarəsinə həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk iş materiallarında saxlanılsın. Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Vəkil məhkəmədə iştirak etdiyi 2 saata görə 12 (on iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər Hakim: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar