Məhkəmə qərarları › İş №3(002)-628/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-628/2021

31.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-628/2021 31.05.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 481-ci maddəsilə inzibati məsuliyyətə cəlb edilməsi haqqında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olmuş materiala baxaraq, məhkəmə müəyyən e t d i: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 481-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə material daxil olmuşdur. Daxil olmuş inzibati xəta haqqında materiallardan və 09 mart 2021-ci il tarixli, 13000- 0085/21 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin “Beynəlxalq Dəniz Ticarət Limanı” gömrük postundan daxil olmuş 23.01.2021-ci il tarixli 34/022/000276 saylı raportun araşdırılması zamanı müəyyən olunmuşdur ki, 20.01.2021-ci il tarixdə Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin “Beynəlxalq Dəniz Ticarət Limanı” gömrük postunda Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Türkmənistan Respublikasına daşınan və İran İslam Respublikası vətəndaşı Seyed Sharaf idarə etdiyi 32E247-10/32E248-10 dövlət nömrə nişanlı yük maşınında olan 25650 (iyirmi beş min altı yüz əlli) kq-dan ibarət “təzə kartof” yükünə dair qeydə alınmış “0047” nömrəli CMR-in tərtibatında şübhələnməyə əsas verən hallar mövcud olmuşdur. Belə ki, sözügedən CMR-də blank formasının İran İslam Respublikasına məxsus olmasına, həmçinin nəqliyyat vasitəsinin sürücüsünün İran İslam Respublikası vətəndaşı olmasına baxmayaraq malları ixrac edən şirkətin Türkiyə Respublikasına məxsus şirkət olduğu göstərilmişdir. Göstərilənlərə əsasən malların və nəqliyyat vasitələrinin sənədlərdən və ya eyniləşdirmə vasitələrindən aldatma yolu ilə istifadə etməklə gömrük sərhədindən keçirilməsinə dair kifayət qədər əsas olması səbəbindən fakt üzrə İran İslam Respublikasının vətəndaşı Seyed Sharaf barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 481-ci maddəsi ilə 13000-0085/21 saylı inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Qeyd edilmiş fakt analoji olaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsinin “Astara” gömrük postunda da baş vermişdir. Cənub Ərazi Baş Gömrük İdarəsi tərəfindən tranzit yolla daşınan yüklərə dair təqdim edilmiş mal müşayiət sənədlərində, eləcə də fitosanitar sertifikatlarda güzgün olmayan məlumatların göstərilməsi ilə bağlı şübhələr yaranması səbəbindən həmin sənədlərin Türkiyə Respublikasının müvafiq qurumları tərəfindən verilib-verilməməsi və sənədlərdə qeyd edilmiş məlumatların düzgünlüyünün dəqiqləşdirilməsi üçün Türkiyə Respublikasının aidiyyəti qurumlarına sorğu göndərilmişdir. İşə əlavə edilmiş Türkiyə Respublikasının aidiyyəti qurumundan daxil olmuş cavaba əsasən müəyyən edilmişdir ki, mallara dair təqdim edilmiş sənədlərin heç biri Türkiyə Respublikasına məxsus qurumlar tərəfindən verilməmiş və bu barədə hər hansı qeydə rast gəlinməmişdir. İş üzrə əhəmiyyət kəsb etdiyindən Əmtəəşünaslıq ekspertizasının aparılması üçün Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyinin ekspertlərinə müraciət edilmişdir. İşə əlavə edilən “Azərekspertiza” Birliyindən daxil olmuş müvafiq ekspert rəyinə əsasən yük maşınında olan 25650 (iyirmi beş min altı yüz əlli) kqdan ibarət “təzə kartof” yükünün 22200 (iyirmi iki min iki yüz) kq-dan ibarət yararlı hissəsinin dəyəri 4440 (dörd min dörd yüz qırx) manat məbləği təşkil etmişdir. Faktla bağlı aparılan araşdırma çərçivəsində barəsində icraat aparılan şəxs yəni, “Astara” gömrük postunda nəqliyyat vasitəsində olan mallara dair düzgün olmayan sənədləri təqdim etmiş sürücü, İran İslam Respublikası vətəndaşı Seyed Sharafın izahatının alınması mümkün olmamışdır. Belə ki, şifahi məlumat əsasında Seyed Sharafın Azərbaycan Respublikası ərazisində olduğu zaman ünvan 1 ünvanında yaşaması müəyyən edilmişdir. Şəxsin izahatının alınması və inzibati xəta haqqında protokol tərtib edildiyi zaman iştirak etməsi üçün qeyd edilən ünvana hazırki işə əlavə edilmiş dəvət məktubu göndərilməsinə baxmayaraq, həmin şəxs gəlməmiş və ya gəlməməsinin üzürlü səbəbləri ilə bağlı hər hansı məlumat verməmişdir. Malların və nəqliyyat vasitələrinin sənədlərdən və ya eyniləşdirmə vasitələrindən aldatma yolu ilə istifadə etməklə gömrük sərhədindən keçirilməsi, yəni keçirilmə zamanı müvafiq icra hakimiyyəti orqanına gömrük məqsədləri üçün doğru olmayan məlumatları əks etdirən sənədlər, etibarsız sənədlər, yaxud digər mallara və nəqliyyat vasitələrinə aid olan sənədlər və ya eyniləşdirmə vasitələri təqdim edilməsi, yaxud saxta eyniləşdirmə vasitələrindən istifadə edilməsi halı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 481-ci maddəsinə əsasən inzibati məsuliyyətə səbəb olur. Nəticədə material üzrə aparılan araşdırma üzrə Türkiyə Respublikasına göndərilmiş sorğuya verilən cavaba və işə əlavə edilmiş digər sənədlərə əsasən İran İslam Respublikasının vətəndaşı Seyed Sharaf tərəfindən törədilmiş əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 481-ci maddəsində müəyyən olunmuş inzibati xətanın tərkibini yaratmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsi işə baxılmasının yeri və müddəti barədə lazımi qaydada təkrarən məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 112.1.4cü maddəsinə əsasən iş üzrə icraat aparılan şəxsin və nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallarla tam təsdiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 481-ci maddəsində göstərilir ki, malların və nəqliyyat vasitələrinin sənədlərdən və ya eyniləşdirmə vasitələrindən aldatma yolu ilə istifadə etməklə gömrük sərhədindən keçirilməsinə, yəni keçirilmə zamanı müvafiq icra hakimiyyəti orqanına gömrük məqsədləri üçün doğru olmayan məlumatları əks etdirən sənədlər, etibarsız sənədlər, yaxud digər mallara və nəqliyyat vasitələrinə aid olan sənədlər və ya eyniləşdirmə vasitələri təqdim edilməsinə, yaxud saxta eyniləşdirmə vasitələrindən istifadə edilməsinə görə, bu az miqdarda olduqda - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. İnzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xəta törədən Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən məhkəmə müsadirə inzibati tənbeh növünün tətbiq edilməsini daha məqsədəmüvafiq hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-cü, 115-ci, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 481-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan mallar – ümumilikdə orta bazar qiyməti 4440 (dörd min dörd yüz qırx) manat olan 22200 (iyirmi iki min iki yüz) kq-dan ibarət “təzə kartof” yükü müsadirə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim : Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar