Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-629/2025 28.04.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Şikayət vermiş şəxs "xxxx" MMC-nin direktoru Nümayəndə Azərbaycan Respublikası ƏƏSMN yanında X3 Xidməti Bakı şəhər idarəsinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, Şikayət vermiş şəxs "xxxx" MMC-nin direktoru Nümayəndə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı İnzibati tənbeh haqqında qərarından verdiyi şikayətə və ona əlavə olunmuş sənədlərə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş "xxxx" MMC-nin direktoru Nümayəndə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 17 fevral 2025-ci il tarixində X3 Xidməti Bakı Şəhər İdarəsinin rəis müavini X4 tərəfindən MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokol əsasında xx.xx.2025-ci il tarixində qəbul edilmiş MN ******* nömrəli "İnzibati tənbeh vermə haqqında" Qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törtədiyinə görə barəsində 1800 (min səkkiz yüz) manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. Aşağıda qeyd edilənləri nəzərə alaraq, barəsində qəbul edilmiş 03 mart 2025-ci il tarixli, MN ******* nömrəli "İnzibati tənbeh vermə haqqında" Qərar əsassızdır. X3 Xidməti tərəfindən qəbul edilmiş inzibati tənbeh qərarı, işçinin iş yerində baş vermiş hadisə nəticəsində xəsarət almasını müəssisənin gizlətdiyi iddiasına əsaslanır. Lakin müəssisə tərəfindən belə bir gizlətmə faktı mövcud deyil və bütün aidiyyəti tədbirlər vaxtında görülmüşdür. Belə ki, hadisə baş verdiyi zaman dərhal zərərçəkmiş şəxslə bağlı lazımi tibbi və hüquqi tədbirlər həyata keçirilmiş, müvafiq təlimatlar əsasında ilkin qiymətləndirmə aparılmışdır. İşçi tərəfindən isə həmin vaxt heç bir xəsarətin və ya problemin olmadığı barədə açıqlama verilmişdir. Buna baxmayaraq, işçiyə müəyyən müddət aralığında istirahət etməsi üçün müddət verilmişdir. Bundan sonra o, əmək fəaliyyətini fasiləsiz olaraq davam etdirmiş və iş yerində normal qaydada çalışmışdır. Sonradan, heç bir əsas olmadan, hadisədən uzun müddət keçdikdən sonra işçi tərəfindən onun xəsarət aldığı və bunun istehsalat qəzası olduğu iddia edilərək müvafiq dövlət orqanlarına müraciət edilmişdir. Halbuki, həmin dövrdə baş vermiş hadisənin müəssisənin təqsiri səbəbindən baş verdiyini sübut edən hər hansı hüquqi əsas və ya sənəd təqdim edilməmişdir. İşçinin bu müraciəti yalnız subyektiv iddialara əsaslanır və obyektiv sübutlarla təsdiqlənmir. Buna görə də müəssisəmizə qarşı tətbiq edilən inzibati tənbeh qərarı əsassız hesab edilməlidir. Zərər çəkmiş işçi hadisə baş verdiyi zaman heç bir problem olmadığını bildirmiş, bununla bağlı hər hansı bir akt və ya müraciət edilməmişdir. Lakin 3 ay sonra işçi xəstəxanaya müraciət edərək sığorta ödənişi almaq üçün xəsarət aldığını iddia etmişdir. İşçinin bu addımı müəssisənin məsuliyyətini sübut etmir. İşçinin xəstəxanaya getdikdən 3 ay sonra DƏMX-yə müraciət etməsi onun iddiasının obyektivliyini şübhə altına alır. İş yerində baş vermiş hadisədən dərhal sonra rəsmi qeydiyyat aparılmamışdırsa, sonradan edilən müraciət müəssisənin məsuliyyət daşıması üçün hüquqi əsas yarada bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.3-cü maddəsi işəgötürənin əmək mühafizəsi qaydalarını pozması və bunun nəticəsində işçinin xəsarət almasını gizlətməsi halında tətbiq olunur. Lakin təqdim edilən sübutlar müəssisə tərəfindən hər hansı qanun pozuntusuna yol verilmədiyini göstərir. İXM-in 555.3-cü maddəsi yalnız işəgötürənin əmək mühafizəsi qaydalarını pozması və bu nəticədə xəsarətin gizlədilməsi hallarında tətbiq edilə bilər. Hadisənin gizlədildiyini sübut edən heç bir obyektiv fakt təqdim edilməmişdir. Müəssisə əmək qanunvericiliyinə tam riayət etmişdir. Müəssisə tərəfindən bütün əməkdaşlara təhlükəsizlik qaydaları barədə lazımi təlimatlar verilmiş, texniki təhlükəsizlik qaydalarına ciddi riayət olunmuşdur. Hadisə baş verən zaman işçinin ciddi bir xəsarət almadığına dair məlumat verildiyi halda, sonradan bu məsələnin gündəmə gətirilməsi obyektiv sübutlarla təsdiq edilmir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən, işçilərin sağlamlıq və təhlükəsizliyinin təmin olunması işəgötürənin borcudur. "xxxx" MMC tərəfindən bu öhdəliklər tam icra edilmişdir və bütün proseslər sənədlərlə rəsmiləşdirilmişdir. Həmçinin bu hadisə xx.xx.2024-cü ildə baş vermişdir. Bu hadisənin baş verməsindən 5 ay sonra xx.xx.2024-cü ildə müraciət etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə görə İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Bu maddədən də göründüyü kimi zərər çəkmiş şəxs olduğunu iddia edən Qurbanlı Nicat hadisənin baş verməsindən 5 ay sonra müraciət edərək müddəti ötürmüşdür. Lakin X3 Xidməti Bakı Şəhər İdarəsi bu məsələni araşdırmamış, bu məsələyə diqqətlə yanaşmamışdır. X3 Xidmətinin şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* saylı qərarı inzibati qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs "xxxx" MMC-nin direktoru Nümayəndə şikayətini müdafiə edərək bildirmişdir ki, hadisə xx.xx.2024-cü il tarixdə baş vermişdir. Nicat Qurbanlı ayağından ciddi xəsarət almadığına görə bununla bağlı hadisə yerinə təcili tibbi yardım çağırmağa zərurət görməmişdir. X8 sosial müavinət almaq məqsədilə saxta xəstəlik vərəqəsi tərtib etdirmiş, lakin xəsarəti ciddi olmadığına görə əmək funksiyalarını yerinə yetirməyə davam etmişdir. Bu səbəbdən onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.3-cü maddəsi ilə təqsirli bilinərək, 1800 manat məbləğində inzibati qaydada cərimə edilməsi ilə bağlı qəbul edilmiş X3 Xidmətinin şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* saylı qərarı inzibati qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş etmişdir. Həmçinin məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, o, barəsində qəbul edilmiş qərarı 2025-ci ilin mart ayının hansı günündə əldə etdiyini xatırlamır və bayram günləri ilə əlaqədar şikayətini Binəqədi Rayon Məhkəməsinə xx.xx.2025-ci il tarixdə vermişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası ƏƏSMN yanında X3 Xidməti Bakı şəhər idarəsinin etibarnamə üzrə nümayəndəsi X5 bildirdi ki, "xxxx" MMC-nin işçisi X2 barəsində xx.xx.2024-cü il tarixdə istehsalatda baş vermiş bədbəxt hadisənin baş vermə faktının müəssisənin direktoru Nümayəndə tərəfindən Azərbaycan Respublikası ƏƏSMN yanında X3 Xidmətindən gizlədilmişdir. Nəticədə "xxxx" MMC-nin direktoru Nümayəndə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Qeyd edilən bədbəxt hadisənin işçinin əmək funksiyalarını yerinə yetirməsi zamanı işlədiyi müəssisədə baş verdiyini, işəgötürən tərəfindən həmin hadisənin araşdırılması üçün dərhal hadisə baş verən günü əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirən orqana məlumat vermədiyini və faktın gizlədildiyini nəzərə alaraq, "xxxx" MMC-nin direktoru Nümayəndə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir. Məhkəmə proses iştirakçısını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, "xxxx" MMC-nin işçisi X2 barəsində xx.xx.2024-cü il tarixdə istehsalatda baş vermiş bədbəxt hadisə haqqında məktəbin direktoru "xxxx" MMCnin direktoru Nümayəndə tərəfindən Azərbaycan Respublikası ƏƏSMN yanında X3 Xidmətinə məlumat verilməmişdir. Nəticədə "xxxx" MMC-nin direktoru Nümayəndə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 1800 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan ******* seriyalı xx.xx.2024-cü il tarixli xəstəlik vərəqəsindən görünür ki, həkim komissiyasının müayinəsinə əsasən X2 əmək qabiliyyətini sağ ayağının İİİ barmaq falanqasının sınığı diaqnozu səbəbindən müvəqqəti itirdiyinə görə xx.xx.2024cü il tarixdən xx.xx.2024-cü il tarixədək müddətdə işdən azad edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 555.3-cü maddəsinə əsasən bədbəxt hadisənin baş vermə faktının işəgötürən tərəfindən gizlədilməsinə və ya aparılan araşdırılma barədə müvafiq akt tərtib etməkdən boyun qaçırılmasına görə min səkkiz yüz manatdan iki min iki yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 217.1-ci maddəsinə əsasən işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq hadisənin araşdırılması üçün dərhal həmin hadisə baş verən günü əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirən orqana məlumat verməyə borcludur. İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli, 27 nömrəli Qərarın; 1.1-ci bəndinə əsasən bu Qaydalar qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq hakimiyyət orqanlarının, fiziki və hüquqi şəxslərin təsis etdikləri mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, respublikanın ərazisində yerləşən bütün müəssisələrdə, idarələrdə, təşkilatlarda (bundan sonra — müəssisələr), eləcə də müəssisə yaradılmadan işçilərlə əmək müqaviləsi bağlanmış iş yerlərində, həmçinin onun hüdudlarından kənarda fəaliyyət göstərən Azərbaycan Respublikasının səfirliklərində, konsulluqlarında, beynəlxalq sularda Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərdə, şelf qurğularında və digər iş yerlərində tətbiq edilir və həmçinin işəgötürənin xammalından (materialından), istehsal vasitələrindən istifadə etməklə əmək funksiyasını evində yerinə yetirən işçilərə şamil olunur. 1.3-cü bəndinə əsasən istehsalatda bədbəxt hadisə nəticəsində işçilərin aldıqları xəsarət, əmək vəzifələrini yerinə yetirərkən işçinin bədən üzvlərinin, toxumalarının zədələnməsi ilə sağlamlığının qəflətən və kəskin pozulması halıdır. 1.6-cı bəndinə əsasən istehsalatda baş vermiş bədbəxt hadisə haqqında zərərçəkən, yaxud hadisənin şahidləri dərhal işəgötürənə (müəssisənin vəzifəli şəxslərinə) məlumat verməlidir. İşəgötürən (müəssisənin vəzifəli şəxslərinə) zərərçəkənə ilk tibbi yardım göstərilməsini, onun tibbi sanitar hissəsinə və ya digər müalicə idarəsinə çatdırılmasını təşkil etməyə, hadisə baş vermiş iş yerindəki şəraiti və avadanlıqların vəziyyətini hadisənin baş verdiyi anda olduğu kimi saxlamağa (əgər həmin şərait və vəziyyət ətrafdakı işçilərin həyatı və səhhəti üçün təhlükə törətmirsə, qəzaya səbəb olmursa) borcludur. 1.7-ci bəndinə əsasən işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq, hadisənin təhqiqatının aparılması üçün dərhal həmin hadisə baş verən günü X3 Xidmətinin yerli bölməsinə (və ya birbaşa X3 Xidmətinin aparatına), Fövqəladə Hallar Nazirliyinə (Bədbəxt hadisə təhlükə potensiallı obyektlərdə qəza nəticəsində baş vermişsə) məlumat verməyə borcludur. Eyni zamanda yuxarı mərkəzi icra hakimiyyəti orqanına və Respublika Həmkarlar İttifaqı Konfederasiyasına (əgər işçilər bu həmkarlar təşkilatının üzvüdürlərsə), bədbəxt hadisənin baş verməsi tarixindən 3 (üç) iş günü müddətində isə sığortaçıya məlumat verilməlidir. Məlumat telefonla, teleqrafla və ya elektron formada bu Qaydalarda göstərilən 3-cü əlavəyə uyğun verilir. Qərarın 1.8-ci bəndində isə qeyd olunmuşdur ki, İstehsalatda bədbəxt hadisələrin təhqiqatının vaxtında aparılmasına müvafiq şəraitin yaradılmasına, İZ formalı aktın düzgün tərtib edilməsinə, bədbəxt hadisənin başvermə səbəblərinin aradan qaldırılması üzrə tədbirlərin yerinə yetirməsinə işəgötürən cavabdehdir. Bədbəxt hadisələri törədən səbəblərin aradan qaldırılması üzrə nəzərdə tutulmuş tədbirlərin yerinə yetirilməsinə nəzarəti X3 Xidməti həyata keçirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 128-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs inzibati xəta haqqında iş üzrə qərardan səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən aşağıdakı qərarlardan biri qəbul edilir: 1) qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 2) Məcəllənin 135.1.2–135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 3) Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 4) Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 5) şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət vermiş şəxsin izahatına əsasən işçisinin xəsarət almış olsa belə, o, işçinin aldığı xəsarətinin ciddi olmaması qənaətinə gələrək hadisəyə dair müvafiq tədbirlər həyata keçirməmiş, öz işəgötürən öhdəliklərinə biganə yanaşmışdır. xx.xx.2024-cü il tarixli xəstəlik vərəqəsindən də göründüyü kimi qeyd edilən bədbəxt hadisənin işçinin əmək funksiyalarını yerinə yetirməsi zamanı işlədiyi müəssisədə baş verdiyini, işəgötürən tərəfindən həmin hadisənin araşdırılması üçün dərhal hadisə baş verən günü əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirən orqana məlumat vermədiyini və gizlədildiyini nəzərə alaraq, "xxxx" MMC-nin direktoru Nümayəndə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir. Beləliklə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanunidir və şikayət əsassız olduğundan təmin edilməməli, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 133- 135, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, MN ******* saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-629/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-629/2025
28.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver