Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-630/2021 26.05.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakimi Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X9, Şəxs ASC-nin qanuni təmsilçisi X5, Şəxs ASC-nin vəkili X2 iştirakı ilə, Şəxs ASC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Bakı şəhər İdarəsindən Qaradağ rayon Məhkəməsinə Şəxs ASC-in İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, vətəndaş X10 Şəxs ASC-də əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işə(xidmətə) cəlb edilmişdir. Nəticədə Şəxs ASC tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Ona görə də Şəxs ASC barəsində 23 aprel 2021-ci il tarixdə MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X15 öz izahatında tərtib olunmuş protokolu müdafiə edərək bildirmişdir ki, vətəndaş X11 və digərlərinin müraciəti əsasında tərəflərindən araşdırma aparılmışdır. Araşdırma zamanı X6 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən Şəxs ASC tərəfindən bağban vəzifəsində işlədilməsi və halhazırda da orada işləməsi məlum olmuşdur. Lakin İdarənin hadisə yerinə baxış keçirmək səlahiyyəti olmadığından həmin məlumat barədə araşdırma aparılması məqsədi ilə 12 aprel 2021-ci il tarixdə Şəxs ASC-nin rəhbərliyinə, yəni mühasib olan Mətanət Əkbərovanın ünvanına məktub göndərilmişdir. Həmçinin 23 aprel 2021-ci il tarixdə həmin inzibati xətaya görə həm Şəxs ASC-nin sədri X5 barəsində 23 aprel 2021-ci il tarixli, MN ******* nömrəli inzibati protokol və həm də Şəxs ASC-nin hüquqi şəxs kimi barəsində 23 aprel 2021-ci il tarixli MN ******* nömrəli protokollar tərtib edilmiş və protokolların surəti Şəxs ASC-nin rəhbərliyinə, ünvan 1 ünvanına göndərilmişdir. O, daha sonra öz izahatında göstərmişdir ki, İXM-də eyni bir inzibati xətaya görə həm hüquqi şəxsin, həm də hüquqi şəxsin vəzifəli şəxsinin barəsində inzibati xəta haqqında protokol tərtib olunmasını qadağan edən heç bir norma yoxdur. Odur ki, Şəxs ASC barəsində inzibati tənbeh tədbirinin tətbiq olunmasını xahiş etmişdir. O, öz izahatında daha sonra göstərmişdir ki, X6 Zəngilan rayonundan məcburi köçkün olmaqla ailəsi ilə birlikdə 1995-ci ildən Şəxs ASC-nin həyətində məskunlaşması barədə hər hansı bir məlumata malik deyildir. Məhkəmə iclasında iştirak edən Şəxs ASC-nin qanuni təmsilçisi X12 izahatında bildirmişdir ki, Şəxs ASC barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolla razı deyil. X10 1995-ci ilin dekabr ayından Zəngilan rayonundan məcburi köçkün kimi gələrək ailəsi ilə birlikdə həmin cəmiyyətin həyətində məskunlaşmışdır. Cəmiyyətdə bir müddət əmək müqaviləsi ilə işləmiş, lakin 2014-cü ildə onun və şikayət ərizəsi yazan digər şəxslərin əmək müqaviləsinə xitam verilmişdir. Əmək müfəttişliyinin nümayəndəsinin qeyd etdiyi kimi X10 bağban vəzifəsində işləmir və ümumiyyətlə bu vəzifə ştatı cəmiyyət yarandığı gündən mövcud olmamışdır. Eləcə də həmin müəssisənin həyəti quru torpaq, daş və beton örtüklərdən ibarət olmaqla həmin ərazidə bağban fəaliyyəti ilə məşğul olmaq üçün heç bir zərurət və şərait yoxdur. Bu barədə cəmiyyətin həyətinin və X6 ailəsi ilə birlikdə məskunlaşdığı evin fotoşəkillərini də məhkəməyə təqdim edə bilər. Onun ola bilsin ki, məskunlaşdığı sahənin ətrafında hər hansı bir ağac və yaxud bitki əkərək özünün mənafeyi üçün onlara qulluq etmək ehtimalı ola bilər. Lakin bu onun bağban kimi əmək fəaliyyəti göstərməsinə dəlalət etmir. Çünki belə bir hal olmuş olsaydı belə onun bu sərbəst hərəkətlərinə cəmiyyətin heç bir aidiyyatı yoxdur. X6 işlədiyi dövr üzrə əmək haqqısı tam ödənilmişdir. Hal-hazırda isə cəmiyyət demək olar ki, fəaliyyət göstərmir. Cəmiyyətdə cəmi dörd nəfər işçi vardır: özü, mühasib və iki nəfər gözətçi. Onun özü də 2020-ci ildən müəssisəyə sədr kimi gəlmişdir. Protokol tərtib olunarkən, ASC-nin nümayəndəsinin iştirakı təmin olunmamış, protokolun surəti onlara təqdim olunmamışdır. Protokolun surəti isə sonradan cəmiyyətin hüquqi ünvanına göndərilmədiyindən protokolun surəti cəmiyyətə gəlib çatmamışdır. O, daha sonra öz izahatında göstərmişdir ki, sözügedən inzibati xətaya görə cəmiyyətin rəhbəri kimi onun özü də İXM-nin 192.1-ci maddəsi ilə vəzifəli şəxs qismində inzibati məsuliyyətə cəlb olunaraq üç min manat miqdarında cərimə edilmişdir. Odur ki, məhkəmədən inzibati işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs ASC-nin vəkili X3 öz izahatında bildirmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən vətəndaş X6 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işə (xidmətə) cəlb edilməsi əsas götürülərək həm cəmiyyətin, həm də cəmiyyətin rəhbərinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi haqqında Şəxs ASC barəsində 23.04.2021-ci il tarixli MN ******* nömrəli, Şəxs ASC-nin sədri X12 barəsində isə 23.04.2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Xidmətin Bakı şəhər idarəsinin 05 may 2021-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən Şəxs ASC-nin sədri X12 Azərbaycan Respublikası İXMnin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə onun barəsində 3000 manat inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Həmin qərarın surəti 18.05.2021-ci il tarixdə müəssisəyə poçt vasitəsi ilə daxil olmuşdur. Hazırda cəmiyyətin (hüquqi şəxsin) özü barəsində tərtib edilmiş qeyd edilən inzibati xəta haqqında protokol və materiallar Qaradağ rayon Məhkəməsinin icraatındadır. Aşağıdakılara əsasən hesab edirik ki, Xidmətin Bakı şəhər idarəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi haqqında Şəxs ASC barəsində 23.04.2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərkən həm maddi, həm də possesual qanun pozuntularına yol verilmişdir. Toplanmış inzibati xətanın törədilməsi barədə materiallardan görünür ki, guya vətəndaş X10 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən Şəxs ASC tərəfindən işə (xidmətə) cəlb edilmiş, bununla da Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci bəndinin tələbləri pozulmaqla Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. İlk növbədə qeyd olunmalıdır ki, Xidmətin Bakı şəhər idarəsi tərəfindən X10 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən Şəxs ASC tərəfindən işə (xidmətə) cəlb edilməsi halı hərtərəfli, tam və obyektiv araşdırılmamışdır. Materialda olan X16 və qeyriləri, o cümlədən X10 tərəfindən imzalanmış ərizənin surətindən görünür ki, həmin şəxslər 2016, 2017 və 2019-cu illər üzrə qalıq əmək haqlarının ala bilməmələrini göstərib buna görə Şəxs ASC-nin sabiq rəhbəri X4 cəzalandırılmasını xahiş edirlər. Həmin ərizədə X6 əmək müqaviləsi bağlanmadan işə (xidmətə) cəlb olunması barədə hər hansı bir şikayət, məlumat yoxdur. Xidmətin Bakı şəhər idarəsi həmin ərizədə göstərilən məsələni araşdırmaq əvəzinə yalnız X6 Şəxs ASC-də bağban işləməsi barədə ərizəni imzalamış şəxslərin bəsit izahatlarını almaqla kifayətlənərək belə bir nəticəyə gəlmişdir ki, Z.X.Cəfərov əmək müqaviləsi hüquqi qüvvəyə minmədən Şəxs ASC tərəfindən işə (xidmətə) cəlb edilmiş, bununla da Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci bəndinin tələbləri pozulmaqla Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Bu zaman nəzərə alınmamışdır ki, belə izahat vermiş şəxslər əmək haqları ilə bağlı yaranmış məsələyə görə Şəxs ASC-dən bu və ya digər səbəblərə görə narazıdırlar. Ona görə də onların həmin izahatları qərəzssiz və mötəbər sübüt kimi sayıla bilməz. Bundan başqa izahatları alınmış X16, X13 göstərmişlər ki, 2020-ci ilin iyul və sentyabr ayına kimi Şəxs ASC-də işləyərkən X10 da həmin müəssisədə bağban işləmişdir. Göründüyü kimi, şahidlər izahatlarında belə Z.X.Cəfərovun yalnız 2020-ci ildə işlədiklərini qeyd edib, onun hazırda da işləməsini təsdiq etməmişlər. Həmin iki şahidin izahatları qəbul ediləcəyi təqdirdə nəzərə alınmamışdır ki, Azərbaycan Respublikası İXM-nin 38.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb etmə müddəti ötürüldüyündən Azərbaycan Respublikası İXM-nin 53.0.6-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Bundan başqa, Xidmətin Bakı şəhər idarəsi tərəfindən Z.X.Cəfərovun Şəxs ASC-də əmək müqaviləsi bağlanmadan işə (xidməytə) cəlb edilməsi xüsüsatının digər mötəbər və qərəzssiz sübutlarla təsdiq olunması üçün hər hansı bir addım atılmamış, hətta bu məqsədlə onun iş (xidmət) göstərdiiyi əraziyə baxış keçirilməmişdir. Xidmətin Bakı şəhər idarəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 78-ci maddəsinin tələbləri də pozularaq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparan şəxsin, yəni Şəxs ASC-nin hər hansı bir işçisinin və vəzifəli şəxsinin izahatı da alınmamışdır. Onu da qeyd etmək lazımdır ki, Şəxs ASC-də ümumiyyətlə bağban ştatı olmamış, X10 Şəxs ASC-də 4cü dərəcəli çilingər vəzifəsində əmək müqaviləsi əsasında işləmiş və cəmiyyətin 06.05.2014-cü il tarixli 03 nömrəli əmri ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilərək o, işdən azad olunmuşdur. Hazırda Şəxs ASC faktiki olaraq fəaliyyət göstərmir. X10 ailəsi ilə birlikdə məcburi köçkün kimi 25 ildən artıqdır ki, cəmiyyətin həyətində məskunlaşıb. X6 yaşadığı ərazidə ağaclara baxıb onları sulaması onun əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən müəssisədə bağban kimi işə (xidmətə) cəlb edilməsi kimi qiymətləndirilə bilməz. Göründüyü kimi hazırki iş üzrə inzibati xəta haqqında protokol tərtib olunsa da, inzibati xətanın törədilib-törədilməməsi mötəbər və qərəzssiz sübutlarla öz təsdiqini tapmır və bu icraat üzrə Xidmətin Bakı şəhər idarəsi tərəfindən inzibati xəta haqqında iş üzrə sübut edilməli halları nəzərdə tutan Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsinin tələbləri kobud surətdə pozulmuşdur. Xidmətin Bakı şəhər idarəsi tərəfindən kobud prossesual pozuntulara da yol verilərək Şəxs ASC barəsində 23.04.2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərkən Azərbaycan Respublikası İXM-nin 100.1.4,100.1.6., 100.1.7-ci maddələrinin tələblərinə də əməl edilməyərək həmin protokolda inzibati xətanın törədildiyi yer, vaxt, bu xətanın mahiyyəti, şahidlərin yaşadığı yerin ünvanı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin izahatı göstərilməmişdir. Bundan başqa həmin protokolda daha bir prossesual pozuntuya yol verilərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin Azərbaycan Respublikası İXM-nin 11-ci fəslində nəzərdə tutulmuş hüquqları və vəzifələri izah olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 101.1. və 101.2-ci maddələrinə görə inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra və ya əlavə aydınlaşdırma tələb olunduğu hallarda inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilməlidir. Lakin Xidmətin Bakı şəhər idarəsi tərəfindən həmin maddələrin tələbləri pozularaq istinad etdiyi şahidlərin izahatları 07.04.2021-ci il tarixdə alınmasına və bununla da onların fikrincə inzibati xətanın törədilməsi müəyyən edilməsinə baxmayaraq, inzibati xəta haqqında protokol 16 gündən sonra tərtib edilmişdir. Azərbaycan Respublikası İXM-nin 106.0.3-cü maddəsinə görə də, hakim inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokolun və işin digər materialların bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edildiyini müəyyən etməlidir. Yuxarıda göstərilən hallar Xidmətin Bakı şəhər idarəsi tərəfindən Şəxs ASC barəsində 23.04.2021ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolun Azərbaycan Respublikası İXM-də nəzərdə tutulmuş maddi və prossesul normaların tələblərinin kobud surətdə pozmaqla tərtib edilməklə yanaşı, Şəxs ASC-nin əməlində Azərbaycan Respublikası İXMnin 192.1-ci maddəsinin tərkibi olmadığından Azərbaycan Respublikası İXM-nin 114.1.4-cü maddəsinə əsasən ASC barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqqında qərar qəbul çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını və iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs ASC-nin barəsində tərtib olunmuş protokol əsassız olduğundan iş üzrə icraata xitam verilməlidir. İş materiallarına əlavə edilmiş 06 may 2014-cü il tarixli 3 nömrəli əmrin əsli ilə düz olması möhür və imza ilə təsdiq edilmiş surətindən görünür ki, 4-cü dərəcəli çilingər vəzifəsində olan X10 ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, X1 rayonundan məcburi köçkün olmaqla 1995-ci ildən ailəsi ilə birlikdə Şəxs ASC-nin həyətində məskunlaşaraq yaşayır. Onun həmin ərazidə ödənişli əsaslarla hər hansı bir bağbanlıq fəaliyyəti ilə məşğul olmasına dair hər hansı bir sübut və əsaslar müəyyən edilməmişdir. O cümlədən X14 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən də bununla bağlı hər hansı bir araşdırma aparılmamışdır. Əksinə, məhkəməyə təqdim edilmiş və qarşı tərəfin mübahisələndirmədiyi fotoşəkillərdən də aydın olur ki, Şəxs ASC-nin həyətində bağbanlıq fəaliyyətinin həyata keçirilməsini təsdiq edə biləcək hallar mövcud deyildir. Eləcə də iş materiallarına əlavə edilmiş 23 aprel 2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolda İXM-nin 100-cü maddəsinin tələbləri pozulmaqla inzibati xəta haqqında protokol tərtib olunarkən, Şəxs ASC-nin nümayəndəsinin iştirakı təmin olunmamış, protokolun surəti təqdim olunmamış, inzibati xəta törətmiş Şəxs ASCnin konkret törətdiyi inzibati pozunutunun nədən ibarət olması (o cümlədən inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti, protokol tərtib edilərkən şəxsin iştirak edib-etməməsi, onun hüquq və vəzifələrinin izah edilməsi və sair bir çox halları) müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.1-ci maddəsində protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan başqa məlumatlar göstərilməlidir. Odur ki,Şəxs ASC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata əməldə inzibati xətanın tərkibi olmadığına görə xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 53.0.1 və 53.0.2-ci maddələrinin tələblərindən aydın olur ki, inzibati xəta hadisəsi və inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: Şəxs ASC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanmış inzibati xəta haqqında icraata xitam verilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim : Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-630/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-630/2021
26.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver