Məhkəmə qərarları › İş №3(002)-635/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-635/2021

17.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-635/2021 17.05.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Axundlu Rüstəm Ceyhun oğlunun katibliyi ilə, Zərərçəkmiş şəxs X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 iştirakı ilə, 01 sentyabr 1978-ci ildə Cəbrayıl rayonu Nüsüs kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Cəbrayıl rayonu, Niftalılar kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Qaradağ rayon Polis İdarəsindən daxil olmuş «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» Qaradağ RPİ-nin Təhqiqat şöbəsinin baş təhqiqatçısı, polis mayoru Rövşən Kələntərovun 01 aprel 2021-ci il tarixli qərarından və RM-64/21 nömrəli rədd materialına əsasən tərtib edilmiş 12.04.2021-ci il tarixli AP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, 11 fevral 2021-ci il tarixdə 19:00 radələrində X3 özünə məxsus idarə etdiyi “Ford Transit” markalı, **-XH-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Lökbatan-Xocahəsən yolunda Yol Hərəkəti haqqında Qanunun 42-ci maddəsinin 1-ci hissəsinin, 69-cu maddəsinin 7-ci hissəsinin 42.1-ci bəndinin tələbini pozaraq Hyundai-Sonata markalı **- AX-*** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuş və hadisə nəticəsində digər avtomobildə olan sərnişin X6 dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmaya aid bədən xəsarəti almışdır. Bununla da, X3 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 protokola etiraz etdiyini qeyd edib, izahatında bildirmişdir ki, o, ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır. Hal-hazırda özünə məxsus olan “Ford Transit” markalı, **-XH-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə fərdi qaydada müxtəlif bazarlarda fərdi qaydada yük daşıma ilə məşğuldur. 11 fevral 2021-ci il tarixdə saat 17:30 radələrində adını xatırlamadığı müştərisi onun istifadəsində olan ***-***-**-** nömrəli mobil telefona zəng edib “Meyvəli” TM-ə gəlib ona məxsus yükü oradan Masazır qəsəbəsinə aparmağını xahiş etmişdir. O da onunla razılaşıb evdən çıxmış və idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan avtomobil ilə Xocahəsən-Lökbatan yolu ilə “Meyvəli” TM istiqamətində hərəkət etmişdir. Xocahəsən-Lökbatan yolunda olan körpünü keçdikdən sonra yolun sol kənarında üzü Xocahəsən qəsəbəsi istiqamətində Tır markalı yük avtomobilləri dayanıb yeşikdə pomidor satdıqlarını görmüşdür. O, idarə etdiyi avtomobili yolun sağ kənarında saxlayıb maşından düşmüş və yolu piyada keçib həmin yük avtomobillərinə yaxınlaşmışdır. Pomidorun qiyməti ilə maraqlanmış, mala baxmış, lakin razılaşmadıqdan sonra o maşına tərəf dönmüş və yolun kənarında idarə etdiyi avtomobilin salonunda oturub telefonu ilə bir neçə şəxsə zəng etmişdir. Sonra yoluna davam etmiş, lakin bu zaman onu gözləyən müştərisi ona zəng edib bildirmişdir ki, artıq başqa yük avtomobili ilə malını yola saldığını və onun gəlməyinə ehtiyac olmadığını bildirmişdir. Bundan sonra o yolda avtomaşınların az olduğunu görüb yolun sol kənarında olan “Socar” YDM-nə çatmamış avtomobilini döndərib geriyə, üzü Xocahəsən qəsəbəsi istiqamətində yolunu davam etdirmişdir. Yolun hərəkət hissəsinin sol zolağı ilə saatda təxminən 80-90 km/saat sürətlə hərəkət etmişdir. Lökbatan- Xocahəsən yolunda olan körpüyə çatmamış gözlənilmədən onunla əks istiqamətdə hərəkətdə olan qara rəngli nəyinsə onun yoluna çıxıb avtomobilin qarşı sol hissəsinə çırpıldığını görmüşdür. Zərbənin təsirindən idarə etdiyi yük avtomobili bir neçə metr arxaya hərəkətlənərək yolun hərəkət hissəsinin mərkəzində üzü Xocahəsən qəsəbəsi istiqamətində dayanmışdır. Nəticədə bədənin müxtəlif nahiyələrindən xəsarətlər almışdır. Hadisədən sonra o ətrafda olan tanımadığı şəxslərin köməkliyi ilə maşından çıxarılmışdır. Bir neçə dəqiqədən sonra hadisə yerinə təcili tibbi yardım qrupu və polis əməkdaşları gəlmişlər. Təcili tibbi yardım maşını ilə o Sabunçu rayon ərazisində yerləşən 3 saylı xəstəxanaya aparılmış və orada müalicə almışdır. Həmçinin bildirir ki, Yol Hərəkəti haqqında Qanunun tələblərini pozmamış, yol nəqliyyat hadisəsinin baş verməsinə səbəb Hyundai-Sonata markalı **-AX-*** dövlət qeydiyyat nişanlı avtomobili sürətlə idarə etməsi olmuşdur. Son olaraq göstərilənləri nəzərə alınaraq barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul ounmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 izahat verərək göstərmişdir ki, ünvan 2 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Hal-hazırda Bakı Dövlət Universitetində sürücü işləyir. İşlədiyi Dövlət Universitetinə məxsus “Hyunday Sonata” markalı, ** AX *** dövlət qeydiyyat nişanlı avtomobili yol vərəqəsi əsasında idarə edir. 7 ilə yaxın müddətlə sürücülük təcrübəsi olmaqla, “B C” dərəcəli sürücülük vəsiqəsi var. Bu vaxta kimi yol nəqliyyat hadisəsi törətməmişdir. 11.02.2021-ci il tarixdə idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan avtomaşınla iş vaxtı bitdiyi üçün avtomaşını qaraja təhvil vermək məqədilə Xocahəsən qəsəbəsi istiqamətindən üzü “Meyvəli” TM istiqamətində yolun sol hərəkət zolağı ilə saatda təxminən 60-70 km sürətlə hərəkət etmişdir. Həmin gün saat təxminən 19:00 radələrində yol şəraiti qaranlıq olduğu üçün qəza işıqları qoşulu vəziyyətdə “X7” adlanan ərazidə hərəkətdə olduğu zaman ondan qabağda, onunla eyni istiqamətdə sağ zolağda, təxminən saatda 30 km sürətlə hərəkətdə olan “Ford Transit” markalı, ** XH *** dövlət qeydiyyat nişanlı avtomaşın qəfildən yolun sağ hissəsindən sola dönmə əməliyyatını apararaq onun yoluna çıxmışdır. Aralarında məsafə az olduğundan o, hadisənin qarşısını almaq məqsədilə ancaq ayağını tormoz əyləcinə atmış və sükanı sola burmuşdur. Lakin məsafə az olduğundan hadisənin qarşısını ala bilməmiş və yolun hərəkət hissəsinin əks istiqamətində olan zolağda qoşa xəttin yaxınlığında idarə etdiyi avtomobilin qabaq sağ qanad hissəsi ilə həmin avtomaşının qabaq sol qanad hissəsi arasında toqquşma baş vermişdir. Toqquşma zamanı zərbənin təsirindən idarə etdiyi avtomaşın 30-40 metr qarşıya hərəkətlənərək yolun sol hissəsində olan torpaq hissədə dayanmışdır." Hadisə zamanı baş, sağ əli, və sağ ayaq nahiyyələrindən xəsarət almışdır. Bir qədər özünə gəldikdən sonra avtomaşından yerə düşmüşdür. Daha sonra hadisə yerinə təcili tibbi yardım qrupu və polis əməkdaşları gəlmişlər. Orada ona ilkin tibbi yardım göstərildikdən sonra təcili tibbi yardım avtomobili ilə Bakı şəhərində yerləşən 3 saylı Sabunçu rayon xəstəxanasına aparılmışdır. Xəstəxanada müayinə olunduqdan sonra palataya köçürülmüş, 1 gecə orada qaldıqdan sonra evə buraxılmışdır. Əlavə olaraq bildirmişdir ki, hadisə baş verən zaman idarə etdiyi avtomobil sərnişinsiz və yüksüz vəziyyətdə olmuş, hadisədən əvvəl spirtli içki qəbul etməmişdir. Son olaraq ərizə ilə məhkəməyə müraciət edib yol nəqliyyat hadisəsi zamanı ona dəymiş ziyan sığorta tərəfindən ödənildiyindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 ilə barışdığını ona qarşı heç bir şikayət və tələbinin olmadığını nəzərə alınmasını xahiş etmişdir. Səlahiyyətli orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.4-cü maddəsinə əsasən səlahiyyəti orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X8- Təcrübi və Tədris Birliyinin 23 fevral 2021-ci il tarixli 84 saylı canlı şəxsin məhkəmə-tibbi müayinəsi aktından görünür ki, F.M.Niftalıyevin məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər- soltərəfli hemotoraksla müşayiət olunan İİİ,İV,V,Vİİİ,İX,X,Xİ qabırğaların yerinidəyişən, qapalı sınıqları bərk küt əşya (əşyalar) təsirindən, qərarın təsviri hissəsində göstərilən və onun 3 saylı şəhər klinik XƏstəxanasına müraciət etdiyi 11.02.2021-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aiddirlər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X8- Təcrübi və Tədris Birliyinin 12 fevral 2021-ci il tarixli 64 saylı canlı şəxsin məhkəmə-tibbi müayinəsi aktından görünür ki, R.Y.Bayramovun məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər- başın alın və sağ gicgah nahiyələrinin əzilmiş yaraları, sağ əlin arxa səthinin çoxsaylı sıyrıqları və sağ budun qançırı bərk küt əşya (əşyalar) təsirindən, ilkin müayinədən 1-2 gün əvvəl törənmişlər, qərarın təsviri hissəsində göstərildiyi kimi yəni 11.02.2021-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddirlər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 29 mart 2021-ci il tarixli 8/522 saylı rəyindən görünür ki, nəqliyyat vasitələri arasında ilkin kontakt anında toqquşma Ford Transit markalı 99XH862 dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol qanadının yan hissəsi ilə Hyundai Sonata markalı 10AX055 dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ hissəsi arasında təxminən 30-35 dərəcə bucaq altında baş vermişdir. İlkin kontakt anında nəqliyyat vasitələrin qarşılıqlı vəziyyətlərinə əsasən, ilkin kontakt anında Ford Transit markalı avtomobil Hyundai Sonata markalı avtomobilin hərəkəti istiqamətində ona nəzərən sağdan sola doğru istiqamətlənmiş vəziyyətdə olmuşdur. İlkin kontakt anında nəqliyyat vasitələrin qarşılıqlı vəziyyətlərinə əsasən, Ford Transit markalı avtomobilin sürücüsü F.M.Niftalıyevin izahatında göstəridiyi hadisə mexanizmi real hadisə mexanizminə uyğun deyildir, Hyundai Sonata markalı avtomobilin sürücüsü R.Y.Bayramovun izahatında göstərdiyi hadisə mexanizmi ilə real hadisə mexanizminə uyğundur. Ford Transit markalı 99XH862 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 hərəkətlərində tədqiq olunan şəraitdə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin, 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Hyundai Sonata markalı 10AX055 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X5 tədqiq olunan şəraitdə hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. Məhkəməyə baxışı zamanı zərərçəkmiş şəxs X6 tərəfindən təqdim edilmiş ərizədən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 ona vurmuş olduğu ziyanı tam olaraq ödədiyini, onunla barışdığını və sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın X3 tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, yol-nəqliyyat hadisəsinin sxemi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X8-Təcrübi və Tədris Birliyinin 23 fevral 2021-ci il tarixli 84 nömrəli, 12 fevral 2021-ci il tarixli 64 nömrəli və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 29 mart 2021-ci il tarixli 8/522 saylı ekspert rəyləri, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatları və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında barəsində icraat aparılan şəxs X1 məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında müəyyən edilmiş həddə cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 150 (yüz əlli) manat ekspertiza xərci dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinərək, 200 (iki yüz) manat məbləğində cərimə edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 150 (yüz əlli) manat ekspertiza xərci dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar