Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-637/2025 18.04.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Qaradağ RPİ-nin 10-cu PŞ-nin sahə rəisi, polis kapitanı X3, Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin cinayət axtarışı şöbəsinin CA üzrə kiçik inspektoru, polis serjantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1981-ci ildə Gürcüstan Respublikasında doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli (himayəsində iki yetkinlik yaşına çatmayan uşağı olan), Bakı şəhəri, Nərimanov rayonu, X5 küçəsi, ev 26-9 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 510, 535.1, 212.4 və 342.6-cı maddələri ilə təqsirləndirilməsinə dair Qaradağ RPİ-nin 10-cu Polis Şöbəsindən daxil olmuş inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Daxil olmuş inzibati materialdan və protokoldan aydın olur ki, Şəxs 17 aprel 2025-ci il tarixdə, saat təxminən 19:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan dairəsində polis əməkdaşına tabesizlik etmiş, söyüş söymüş, tütün məmulatlarından istifadə etmiş və maşın sürərərkən mobil telefondan istifadə etmişdir. Buna görə də onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510, 535.1, 212.4 və 342.6-cı maddələri ilə 18 aprel 2025-ci il tarixdə, MN ******* saylı protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən 10-cu PŞ-nin sahə rəisi, polis kapitanı X6 öz izahatında protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs 17 aprel 2025-ci il tarixdə, saat təxminən 19:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan dairəsində polis əməkdaşına tabesizlik etmiş, söyüş söymüş, tütün məmulatlarından istifadə etmiş və maşın sürərərkən mobil telefondan istifadə etmişdir. Buna görə də onun barəsində İXM-nin 510, 535.1, 212.4 və 342.6-cı maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Qaradağ rayon məhkəməsinə göndərilmişdir. Odur ki, Şəxs barəsində müvafiq tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin cinayət axtarışı şöbəsinin CA üzrə kiçik inspektoru, polis serjantı X2 öz izahatında göstərmişdir ki, 17 aprel 2025-ci il tarixdə, saat 19:40 radələrində 20 yanvar dairəsindən Lökbatan dairəsinə “Mercedes” markalı, ** BP *** dövlət nömrə nişanlı avtomaşınla gələrkən yolda sürücü mobil telefonla danışaraq siqaret çəkmişdir. O sürücüyə iradını bildirmiş, sükan arxasında mobil telefon istifadə etməməyi bildirmişdir. Sürücü isə ona məhəl qoymayaraq avtomobildə nalayiq ifadələr işlədərək onu yolun kənarında maşından düşürmüş, təkrar nalayiq sözlərlə onu təhqir etmişdir. O sürücüyə özünün polis əməkdaşı olduğunu bildirməmişdir. Nəticədə o həmin şəxsi 10-cu PŞ-yə aparmışdır. Şöbədə məlum olmuşdur ki, həmin şəxs Şəxsdur. Odur ki, vətəndaş Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs öz izahatında göstərmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, X5 küçəsi, ev 26-9 ünvanında ailləsi ilə birlikdə yaşayır, evlidir. 17 aprel 2025-ci il tarixdə, saat 19:30 20 Yanvar metro stansiyasiyasının qarşısında bir nəfər şəxsi idarə etdiyi “Mercedes” markalı, ** BP *** dövlət nömrə nişanlı avtomobilə əyləşdirərək Lökbatan qəsəbəsinə gətirmək üçün yola düşmdüşdür. Meyvəli dairəsi adlanan yerdə, “Lukoil” yanacaqdoldurma məntəqəsinə daxil olarkən onun mobil telefonuna zəng gəlmiş, o da telefonla danışmışdır. Daha sonra maşında siqaret yandırıb yoluna davam etmişdir. Bu zaman avtomobildə arxada əyləşən sərnişin ondan siqareti söndürməyi tələb etmişdir. O siqareti söndürməmiş sərnişin arxadan onun çiynindən tutaraq onun ünvanına nalayiq ifadələr işlətmiş, ona polis əməkdaşı olduğunu deyərək hədə-qorxu gəlməyə başlamışdır. O da əsəbiləşərək sözlə ona cavab qaytarmışdır. O avtomobili sərnişinin tələbi ilə saxlamış, həmin şəxs ona çıxıb getməsini bildirmişdir. Bir saatdan sonra Lökbatan dairəsinə qayıdarkən həmin şəxsin başqa bir polis əməkdaşı ilə birlikdə dayandığını görmüş, həmin şəxs yenə ona qarşı nalayiq ifadələr işlədərək onun polis bölməsinə getməsini tələb etmişdir. O həmin polis əməkdaşına tabesizlik göstərməmiş, onun ünvanına nalayiq ifadələr işlətməmişdir. Törətdiyi əməldən peşiman olduğunu və ailədə yeganə qazanc gətirən şəxs olmaqla himayəsində iki azyaşlı uşağının olduğunu, bir daha belə hərəkətlərə yol verməyəcəyini bildirmişdir. Odur ki, bütün bunların nəzərə alınmaqla məhkəmədən ona yüngül tənbeh verilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını və iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs əməlində ictimai qaydanı qəsdən pozaraq xırda xuliqanlıq əməli törətməsi öz təsdiqini tapsa da, onun polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması öz təsdiqini tapmamışdır. Odur ki, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair hissədə əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməli və yalnız İXM-nin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarına əlavə edilmiş 17 aprel 2025-ci il tarixli, 1/3647 nömrəli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan aydın olur ki, Şəxs 17 aprel 2025-cü il tarixdə, saat 22:42-də tibbi müayinədən keçirilərkən onda alkoqol, narkotik və psixatrop maddələrin istehlakı nəticəsində yaranmış sərxoşluq vəziyyəti aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş 19 mart 2025-ci il tarixli “İnzibati qaydada tutma haqqında” protokoldan ayın olur ki, Şəxs qeyd olunan inzibati xəta hadisəsi ilə əlaqədar 17 aprel 2025-ci il tarixdə, saat 23:30-da tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Beləliklə, məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, əməlini etiraf edərək səmimi peşiman olmasını və polis əməkdaşlarının ona qarşı hər hansı şikayət və ya tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, onun barəsində İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi daha məqsədə müvafiqdir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından həmin maddə üzrə başlanmış inzibati xəta haqqında icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək həmin Məcəllənin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla 50 (əlli) manat məbləğində inzibati cərimə edilsin. Şəxs inzibati qaydada tutulmadan dərhal azad edilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-637/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-637/2025
18.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver