Məhkəmə qərarları › İş №3(002)-639/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-639/2021

26.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-639/2021 26.05.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, X2, Qaradağ RPİ-nin 10-cu PB-nin təhqiqatçısı, polis mayoru X4 iştirakları ilə X2 Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektoru X5 tərəfindən qəbul edilmiş 09 aprel 2020-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayətlə Bakı şəhəri Qaradağ rayon məhkəməsinə müraciət edərək Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektoru X5 tərəfindən qəbul edilmiş 09 aprel 2020-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektoru X5 tərəfindən qəbul edilmiş 09 aprel 2020-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə X3 Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsinə əsasən 100 manat məbləğində cərimə edilmişdir. X3 məhkəməyə ünvanladığı şikayətində göstərmişdir ki, o, mühafizə xidmətində işləyir. Respublikada mövcud olan pandemiya ilə əlaqədar iş fəaliyyətinə görə işə götürənin “icaze.e-gov.az" saytından dövlət tərəfindən müəyyən edilən qanunlara uyğun icazə ilə hərəkət etmişdir. 2020-ci ilin aprel ayının 9-da piyada keçidindən hərəkət edərkən polis nəfəri onu saxlayaraq piyada keçidinin tələblərini pozduğuna görə onu cərimə etmişdir. Lakin ona həmin vaxt nə qərar, nə də ki protokol verməmişdir. Həmin vaxtdan sonra ona hər hansı bildiriş gəlmədiyindən o, cərimə ilə maraqlanmamışdır. Bu son günlərdə Masallı rayon İcra və Probasiya şöbəsindən ona məktub daxil olduğunda öyrənmişdir ki, həmin polis onu İXM-in 211.1-ci maddəsi ilə 100 manat cərimə etmişdir. Guya ki o, sms icazəsi olmadan hərəkət etmişdir. Bu barədə ona heç bir sənəd də verilməmişdir. İşi araşdırarkən məlum olur ki, barəsində qəbul edilən inzibati qərar 1 ildən sonra yəni 14 aprel 2021-ci il tarixdə icraya yönəldilmişdir. Eyni zamanda o, 2020-ci ilin aprel ayında karantin olduğundan və “icaze.e-gov.az” portalı vasitəsi ilə hərəkət etmişdir və həmn vaxtar onun icazəsi olmuşdur. Buna baxmayaraq polis onu əsassız yerə cərimə etmişdir. O, öz izahatında daha sonra göstərmişdir ki, inzibati xəta düzgün tətbiq edilmədiyindən və üzərindən 1 il keçdikdən sonra icraya yönəldiyindən barəsində inzibati icraata xitam verilməlidir. Odur ki, barəsində tərtib edilmiş 09 aprel 2020-ci ii tarixli MN ******* saylı qərarın ləğv edilməsini və inzibati xəta haqqında icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X3 öz izahatında verdiyi şikayəti müdafiə etsə də fərqli izahat verərək göstərmişdir ki, 09 aprel 2020-ci il tarixdə işə getmək məqsədi ilə evdən çıxmışdır. O, Respublikada karantin rejimi tətbiq olunan vaxt gözətçi işlədiyi “xxxx” MMC tərəfindən ona təqdim olunan arayış vasitəsi ilə hərəkət etmiş, lakin icaze.e-gov.az portalından qeydiyyatdan keçib-keçməməsi barədə heç bir məlumatı yoxdur. O, karantin rejimi dövründə bu arayışla hərəkət etdiyini polis əməkdaşına izah etsə də, polis əməkdaşı onun dediklərinə məhəl qoymamışdır. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin 10-cu PB-nin təhqiqatçısı, polis mayoru X7 öz izahatında tərtib etdiyi protokolu müdafiə edərək göstərmişdir ki, X3 “Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” 2020-ci il 2 aprel tarixli 124 nömrəli qərarın tələblərini pozmuşdur. Belə ki, həmin qərarda xidməti vəsiqə və ya iş yeri barədə arayışla hərəkətinə icazə verilən şəxslər arasında özəl hüquqi şəxslərin əməkdaşları qeyd olunmamışdır. Əksinə, həmin qərarda sözügedən şəxslərin işəgötürən tərəfindən elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra hərəkətinə yol verilməsi qeyd edilmişdir. Odur ki, onun barəsində İXM-nin 211-ci maddəsi ilə protokol tərtib etmiş və həmin protokol əsasında Qaradağ RPİ-nin 10-cu PBnin sahə inspektoru X5 tərəfindən inzibati inzibati tənbeh vermə haqqında tam əsaslı və qanuni qərar qəbul edilmişdir. Odur ki, şikayətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, «Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında» 2020-ci il 2 aprel tarixli 124 nömrəli qərardan aydın olur ki, koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunmuşdur. Əhalinin həyat və sağlamlığının qorunmasını, dövlət qurumlarının və həyat təminatı obyektlərinin fasiləsiz işini, habelə yaranmış vəziyyətdə iqtisadi subyektlərin zəruri həddə fəaliyyətini təmin etmək məqsədi ilə “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının Qanununun 25-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. 5 aprel 2020-ci il saat 00:00-dan 31 may 2020-ci il saat 00:00-dək ölkə ərazisində hərəkət məhdudiyyətləri aşağıdakı qaydada tətbiq edilsin: 1.1. Aşağıdakı şəxslərin xidməti vəsiqələri və ya iş yeri barədə arayış əsasında hərəkət etmələrinə yol verilir: 1.1.1. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının və Azərbaycan Respublikasının Nazirlər Kabineti Aparatının əməkdaşları; 1.1.2. Azərbaycan Respublikası Milli Məclisinin deputatları və Aparatının əməkdaşları; 1.1.3. mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri və onların müavinləri; 1.1.4. İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) və Aparatının əməkdaşları; 1.1.5. dövlətə məxsus olan hüquqi şəxslərin, o cümlədən dövlət adından yaradılan publik hüquqi şəxslərin rəhbərləri və onların müavinləri; 1.1.6. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin əməkdaşları; 1.1.7. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin və onun tabeliyindəki qurumların əməkdaşları; 1.1.8. dövlət əhəmiyyətli və həyat təminatı obyektlərin, habelə fasiləsiz fəaliyyət göstərən müəssisələrin əməkdaşları (1 nömrəli əlavə); 1.1.9. dövlət səhiyyə orqanlarının və qurumlarının (müəssisələrinin), özəl səhiyyə müəssisələrinin əməkdaşları; 1.1.10. hüquq-mühafizə, məhkəmə və hərbi xidmət nəzərdə tutulmuş orqanların əməkdaşları, vəkillər; 1.1.11. kütləvi informasiya vasitələrinin əməkdaşları; 1.1.12. Azərbaycan Respublikasında akkreditasiya olunmuş diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların əməkdaşları və onların yerli heyəti (Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən verilmiş akkreditasiya kartları əsasında). 1.2. Aşağıdakı şəxslər barəsində məlumatlar işəgötürən tərəfindən elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra onların hərəkətinə yol verilir: 1.2.1. dövlət orqanlarının, dövlətə məxsus olan hüquqi şəxslərin, o cümlədən dövlətin adından yaradılan publik hüquqi şəxslərin işə cəlb olunan əməkdaşları (2 nömrəli əlavə); 1.2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 mart tarixli 120 nömrəli Qərarı ilə müəyyən edilmiş istiqamətlərdə fəaliyyətlərinin davam etdirilməsinə icazə verilmiş özəl hüquqi şəxslərin əməkdaşları və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxs və onun işçiləri; 1.2.3. fəaliyyətinin davam etdirilməsinə icazə verilməmiş özəl hüquqi şəxslərin mühafizəsi və texniki təhlükəsizliyinin təmin edilməsi üçün tələb olunan əməkdaşları. İş materiallarına əlavə edilmiş 16 may 2021-ci il tarixli “xxxx” MMC tərəfindən verilmiş arayışın surətindən yadın olur ki, X3 həqiqətən 25 dekabr 2017-ci il tarixdən bugünədək “xxxx” MMC-də gözətçi vəzifəsində işləyir. Lakin bu hal, «Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında» 2020-ci il 2 aprel tarixli 124 nömrəli qərarın tələblərinə əsasən onun İXM-nin 211-ci maddəsi ilə təqsirləndirilməsinə mane olmur. X1 öz etirazının əsası kimi istinad etdiyi hallara dair məhkəməyə hər-hansı bir sübut təqdim etməmiş və buna hər-hansı bir formada cəhd belə göstərməmişdir. O cümlədən iş materiallarına da təqsirsiz olmasına dair hər-hansı bir sübut da aşkar edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinin tələbindən aydın olur ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılan zaman qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 128-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

X2, Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektoru X5 tərəfindən qəbul edilmiş 09 aprel 2020-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin. Qərardan, onun surətinin rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar