Məhkəmə qərarları › İş №3(002)-645/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-645/2025

15.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-645/2025 15.07.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Qaradağ rayon DYPŞ-nin yol-nəqliyyat hadisələri üzrə inspektoru X1 Şikayət verən şəxs X2 iştirakları ilə, X2, Qaradağ rayon DYPŞ-nin 03 aprel 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Qaradağ rayon DYPŞ-nin 03 aprel 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. X4 şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Qaradağ rayon DYPŞ polis baş leytenantı X3 xx.xx.2025-ci tarixli qərarı ilə onu İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə 40 manat məbləğində cərimə etmişdir. Qəbul edilmiş protokol və qərarla razı deyil, qeyd edilən səbəblərə görə barəsində qəbul edilmiş qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, həmin qərarda qeyd edilir ki, guya o, xx.xx.2025-ci il tarixdə, saat 14:30-da Qaradağ rayonu Heybət yolu ərazisində “HYUNDAİ AVANTE MİNİK” markalı **-TY-*** dövlət qeydiyyt nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə nəticəsində yol hərəkət qaydaların pozmuşdur. O, heç bir qanun pozuntusuna yol verməmişdir. Qaradağ rayonu Polis İdarəsinin qarşısından Heybət yolunda dairəni keçib yola daxil olarkən sağ tərəfdən “Mersedes Benz” markalı **-TP-*** dövlət qeydiyyat nişanlı avtomobil ötmə əməliyyatı edərək sağ tərəfdən onun avtomobilini vurub əks istiqamətə atmışdır. “Mersedes Benz” markalı **-TP-*** dövlət qeydiyyat nişanlı avtomobil bir istiqamətli yolda örtmə əməliyyatı apararaq yol hərəkəti qaydalarını pozmuş, əvəzində isə təqsirkar o hesab edilmişdir. Barəsində tərtib edilmiş protokoldan narazı olmuş, lakin heç bir araşdırma aparılmadan barəsində əsassız olaraq qərar qəbul edilmişdir. Qanun pozuntusuna yol verməyinə dair ona heç bir görüntü təqdim edilməmiş və bütün bunların məhkəmə prosesində araşdırılmasını istəyir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 121-ci və 122-ci maddələrinə əsasən inzibati xəta hadisəsi foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə barəsində icraat aparılan şəxsin səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən çağırılması qadağandır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə uyğun olaraq bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çaldıqda başlanmış icraata xitam verilir. Bundan əlavə, İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsində əsasən həmin maddədə nəzərdə tutulan foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilən xətalar üzrə birbaşa elektron qərar çıxarılır. Protokol yalnız İnzibati Xətalar Məcəlləsinin 124-cü maddəsində nəzərdə tutulan qaydada səlahiyyətli vəzifəli şəxs bilavasitə aşkar edilən inzibati xətalar üzrə çıxara bilər. Onun barəsində inzibati xəta səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilmədiyindən, müvafiq protokolun tərtib edilməsi anlaşılmazdır. Xətanın foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrlə aşkar edildiyi ona edilən telefon SMS-lə bildirilsə də, həmin foto və ya video materiallar elektron kabinetinə yerləşdirilməyib. Bu isə İnzibati Xətalar Məcəlləsinin 38.6-cı və 122.3.1-ci maddələrinə ziddir. İnzibati Xətalar Məcəlləsinin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsaslardır. Bu səbəbdən də barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və həmin protokol əsasında tərtib edilmiş qərarın əsassız olduğundan ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X4 ərizəyə uyğun izahat verərək, inzibati qərarının ləğv edilməsini və iş üzrə icraat xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasıda Qaradağ rayon DYPŞ-nin yol-nəqliyyat hadisələri üzrə inspektoru X3 qərarın əsaslı olduğunu qeyd edərək şikayətin təmin edilməməsini xahiş etmişdir. İş materiallarında olan 03 aprel 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 40 manat məbləğində cərimə etmişdir. İş materiallarında hadisənin videogörüntüsünü əks etdirən 01 ədəd CD diskə məhkəmə iclasında keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, “HYUNDAİ AVANTE MİNİK” markalı **-TY-*** dövlət qeydiyyt nişanlı nəqliyyat vasitəsi dairəni keçdikdən sonra Lökbatan qəsəbəsi istiqamətində bir zolaqlı yolda hərəkət edən zaman arxadan gələn və eyni istiqamətdə hərəkət edən “Mersedes Benz B 170” markalı **-TP-*** dövlət qeydiyyat nişanlı avtomobil sağ tərəfdən ötmə əməliyyatı edərək “HYUNDAİ AVANTE MİNİK” markalı avtomobilin sağ yan hissəsi ilə toqquşur. Məhkəmə, inzibati xəta haqqında protokolu, qərarı və ona əlavə olunmuş sənədləri araşdıraraq, videgörüntünü nəzərdən keçirərək tərəfin izahatını dinləyərək hesab edir ki, X4 barəsində tərtib edilmiş 03 aprel 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar əsassız olduğundan ləğv edilməli və onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməldir. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 51-ci maddəsinin birinci hissəsində qeyd edilmişdir ki, ötməyə başlamazdan əvvəl sürücü əmin olmalıdır ki: girmək istədiyi hərəkət zolağı ötmə üçün kifayət edəcək məsafədə boşdur və bu manevr ilə o, qarşıdan gələn və bu zolaqda gedən nəqliyyat vasitələri üçün maneə yaratmayacaq. Lakin iş materiallarında olan videogörünütüyə baxış keçirilən zaman Mersedes Benz B 170” markalı avtomobilin dairəni keçdikdən sonra HYUNDAİ AVANTE MİNİK” markalı avtomobili sağ tərəfdən ötmək istəyən zaman hərəkət zolağı daraldığından sola doğu manevr edərək HYUNDAİ AVANTE MİNİK” markalı avtomobilin yoluna çıxdığı üçün avtomobillərin qabaqa yan hissələri toqquşmuşdur. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən, "Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur." İXM-nin 3-cü maddəsinə görə isə, "Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Təqsir inzibati xətanın əsas elementidir. Əməlin hüquqazidd olmasına baxmayaraq, təqsirin olmaması əməlin inzibati xəta kimi sayılmamasına səbəb olur. Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsində göstərilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri mütləq sübuta yetirilməlidir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinin tələbindən aydın olur ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Beləliklə məhkəmə yuxarıda qeyd olunanlara əsasən və İXM-in 8, 114, 115, 128-131ci və 134-cü maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: X2 şikayəti təmin edilsin. X2 Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Qaradağ rayon DYPŞ-nin 03 aprel 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. X4 barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar