Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-66/2023 17.01.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 38-ci PB-nin sahə inspektoru, polis mayoru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələri ilə toplanmış inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında materiala əsasən, Şəxs narkoloji müayinəsi zamanı narkotik maddələri qəbul etməsi müəyyən olunmuş və Qaradağ rayonu, Sahil qəsəbəsi, Roterdam küçəsində polisin qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 38-ci PB-nin sahə inspektoru, polis mayoru X4 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Qaradağ RPİ-nin DYPŞ-nin YPX-nın əməkdaşları xx.xx.2022-ci il tarixdə saat təxminən 15:50 radələrində Qaradağ rayonu, Sahil qəsəbəsində xidmətdə olarkən Roterdam küçəsi, İnternat məktəbinin qarşısında VAZ 2107 markalı maşını saxlayıb yoxlayarkən onlara bir nəfər şəxs yaxınlaşaraq yüksək səslə söyüşlər söymüşdür. Vətəndaş nizam-intizama dəvət olunsa da o, polisin qanuni tələblərinə tabe olmamış əl-qol hərəkətləri ilə onların üstünə gəlmişdir. Göstərilənləri nəzərə alaraq, Şəxs barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, o, özünə məxsus “Nissan Micra” markalı **- GR-*** qeydiyyat nişanlı avtomobilini Sahil qəsəbəsi, Roterdam küçəsində saxlayıb düşdükdən sonra 257 qeydiyyat nişanlı yol patrul xidmətinin inspektorları heç bir səbəb olmadan ona yaxınlaşaraq sual vermiş, onun isə vaxtı olmadığından polisin suallarını cavablandırmayaraq çıxıb getmişdir. 11 dekabr 2022-ci il tarixdə avtomobilini götürmək üçün Sahil qəsəbəsi, Roterdam küçəsinə getmiş və maşının orada olmadığını görmüşdür. Bundan sonra Qaradağ DYP-yə yaxınlaşmış, avtomobili idarə etməsinə etibarnaməsinin olmaması ilə əlaqədar avtomobilinin cərimə meydançasına aparıldığı ona məlum olmuşdur. Onda olan sənədləri təqdim etmiş və heç bir cərimə ödəmədən avtomobili cərimə meydançasından çıxarmışdır. 15 dekabr 2022-ci il tarixdə təxminən saat 16:00 radələrində Sahil qəsəbəsində YPX-nin 257 qeydiyyat nişanlı avtomobilini görmüş, polis inspektoruna yaxınlaşmış və xx.xx.2022-ci il tarixdə onu “küçük” sözünü işlədərək təhqir etməsinin səbəbini soruşduqda həmin inspektor qeyri-etik söz işlədərək və əcəb etdiyini bildirmişdir. Bundan sonra onu 38-ci PB-yə aparmışlar, oraya daxil olanda YPX-nın əməkdaşı onun üstünə hücum çəkərək yumruqla üz nahiyəsinə vurmuş və söyüş söymüşdür. Bu hadisə ilə bağlı onu sərxoşluq və narkoloji müayinəyə aparmışlar. Müayinədən sonra onun metamfetamin və marixuana istifadə etməsi müəyyən olunmuşdur. Həmçinin bildirmişdir ki, 15 dekabr 2022-ci il tarixdə polis əməkdaşları tərəfindən Polis Bölməsinə gətirilərkən hüquq və vəzifələri ona izah edilmiş, müdafiəçinin pulsuz hüquqi yardımından istifadə etmək hüququ izah edilsə də, bundan özü imtina etmiş, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla və ona əlavə edilmiş materiallarla tanış olmaqdan imtina etmiş, işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmamış, ona heç bir fiziki təzyiq və zorakılıq göstərilməmiş, tutulduğu və harada saxlanıldığı barədə ailə üzvlərinə məlumat verilmişdir. Əlilliyi yoxdur. Hazırda əməlindən peşmandır və barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şahid X5 izahatında bildirmişdir ki, Şəxs hadisədən sonra tanımışdır. Onun maşının duracağa təmin etdikdən 2-3 gün sonra yaxınlaşaraq ona nə üçün “küçük” dediklərini soruşmuşdur. Polis əməkdaşları onu nizam-intizama dəvət etsə də o, söyüş söyərək onlara hörmətsizlik etmişdir. Bundan sonra onu bölməyə dəvət etmişlər. Bölmədə olarkən Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin əlamətləri aşkar olunmuşdur. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Qaradağ RPİ-nin 38-ci PB-nin baş təhqiqatçısı E.Mirzəyev tərəfindən tərtib edilmiş 27 dekabr 2022-ci il tarixli raportdan görünür ki, Qaradağ rayonu, Sahil qəsəbəsi, B.Əliyev küçəsi, ev 56C, mənzil 63N-da yaşayan Şəxs barəsində aparılmış araşdırma zamanı sonuncu Azərbaycan Respublikası İXM-nin 535-ci və İXM-nin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi müəyyən edilmişdir. Qərarın icra olunması üçün aidiyyəti əməkdaşlara göstəriş verilməsi xahiş olunmuşdur. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 27 dekabr 2022-ci il tarixli qərardan görünür ki, HK-1/1279 saylı material üzrə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, Şəxs Azərbaycan Respublikasının İXM-nin 535.1 və 206-cı maddələri ilə inzibati məsuliyyətə cəlb olunmuşdur. İş materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinənin keçirilməsi haqqında 15 dekabr 2022-ci il tarixli 1/7082 nömrəli aktdan görünür ki, müayinə nəticəsində Şəxs narkotik vasitə istifadə etməsi aşkar edilmişdir. (THC (+) və AMP (+)) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsi Ambulator X1 27 dekabr 2022-ci il tarixli, 7853 nömrəli rəyindən görünür ki, Şəxs kannabinoidlərdən və psixostimulyatorlardan istifadə etmə halları olmuşdur. Lakin, Şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur o, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 17 yanvar 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs narkoloji müayinəsi zamanı narkotik maddələri qəbul etməsi müəyyən olunmuş və Qaradağ rayonu, Sahil qəsəbəsi, Roterdam küçəsində polisin qanuni tələblərinə tabe olmamış və bununla da, Azərbaycan Respublikasının İXMnin 206 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Azərbaycan Respublikasının İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs 15 dekabr 2022-ci il tarixdə Qaradağ rayonu Sahil qəsəbəsində xidmətdə olan polis əməkdaşlarına yaxınlaşaraq onların ünvanına nalayiq ifadələr səsləndirməklə cəmiyyətin diqqətini özünə cəlb etmişdir. Polislər tərəfindən nizam-intizama dəvət olunmasına baxmayaraq, qanunsuz əməllərinə davam etməklə polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Həmçinin polis bölməsində müəyyən olunmuşdur ki, o, qanunsuz olaraq, satış məqsədi olmadan şəxsi istehlak miqdarında narkotik vasitə olan metamfetamin və marixuana istifadə etmişdir. Beləliklə, Şəxs törətdiyi inzibati xəta əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş, obyektiv sübutların məcmusu, özünün və şahidin məhkəmə iclasında verdiyi ifadələrlə və digər iş materialları ilə onun qanunsuz olaraq, satış məqsədi olmadan şəxsi istehlak miqdarında narkotik vasitə istifadə etməsi və bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi, həmçinin, polis əməkdaşlarının dəfələrlə etdiyi çağırışlara baxmayaraq, öz qanunsuz hərəkətlərini davam etdirməsi və bununla da, həmin Məcəllənin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən həmin Məcəllənin 206 və 535.1-ci maddələri ilə tövsif edilməlidir. Qeyd edilən əməllərin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsinə əsasən Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İXM-nin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən Şəxs himayəsində 2 övladının olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 33-cü maddəsinə əsasən səlahiyyətli şəxsin hüquqazidd hərəkəti dayandırmağı tələb etməsinə baxmayaraq, Şəxs tərəfindən həmin hərəkətləri davam etdirməsini məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 206 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinməli və həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən onun barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli şəxsin hüquqlarının faktiki məhdudlaşdırıldığı andan, yəni 17 yanvar 2023-cü il tarixdən saat 15:30-dan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 43, 106-112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1, 206 və və 535.1ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin və həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən onun barəsində 15 (on beş) gün müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 17 yanvar 2023-cü il tarixdən saat 15:30dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılma mərkəzinə və Qaradağ Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-66/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-66/2023
17.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver