Məhkəmə qərarları › İş №3(002)-669/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-669/2021

20.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-669/2021 20.05.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, Qaradağ RPİ-nin DYPŞ-nin YNH üzrə baş inspektoru, polis leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, 03 iyun 1973-cü ildə Tovuz rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Tovuz rayonu, Əlibəyli kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barədə, Bakı şəhəri Qaradağ RPİ-dən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara, məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəməyə təqdim edilmiş 27 aprel 2021-ci il tarixli AP ******* saylı protokoldan və iş materiallarından aydın olur ki, 25 mart 2021-ci il tarixdə, saat 14:00 radələrində Xocahəsən- Lökbatan yolunun 11-ci kilometrliyində Şəxs etibarnamə əsasında idarə etdiyi “Mercedes Benz C 180” markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobillə Lökbatan istiqamətində gedən yolun sağ hərəkət zolağından hərəkətə başlayaraq 1.3 üfüqi nişanlanma xəttinin tələbinə məhəl qoymadan geriyə dönmə manevri etmək istəmiş və bu zaman Lökbatan istiqamətində sol zolaqla hərəkətdə olan X10 idarə etdiyi “Vaz-21214” markalı, **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət zolağına çıxmışdır. Nəticədə avtomobillər toqquşmuş, “Vaz-21214” markalı avtomobil damı üstə çevrilmişdir. Buna görə də Şəxs barəsində İXM-nin 327.8-ci maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Qaradağ RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis kapitanı X8 tərəfindən qəbul edilmiş 09 aprel 2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın surətindən aydın olur ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən əməlində cinayət tərkibi olmadığına görə sürücü Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş, “Mercedes Benz C 180” markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hadisənin baş verməsində təqsirli olduğu üçün onun İXM-nin 327.8-ci maddəsi üzrə məsuliyyətə cəlb edilməsi üçün materialın Qaradağ RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin DYPŞ-nin YNH üzrə baş inspektoru, polis leytenantı X4 öz izahatında tərtib etdiyi protokolu müdafiə edərək Şəxs İXM-nin 327.8-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. O, daha sonra öz izahatında göstərmişdir ki, vurulmuş ziyan Şəxs avtomobilini siğortalayan şirkət tərəfindən ödənilmişdir. Odur ki, zərərçəkmiş şəxslərin heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs bildirdi ki, taksi fəaliyyəti ilə məşğul olmaqla BC dərəcəli sürücüdür və 20 ilə yaxındır ki, sürücülük təcrübəsi vardır. Heç vaxt yol nəqliyyat hadisəsi törətməmişdir. O, 25 mart 2021-ci il tarixdə saat təxminən 14:00 radələrində etibarnamə əsasında idarə etdiyi “Mercedes-Benz C 180” markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xocahəsən-Lökbatan yolunda sol hərəkət zolağı ilə Lökbatan istiqamətində hərəkətdə olmuşdur. O, “Sədərək” TM-nə getməli idi. Körpünü keçdikdən sonra yolun 11-ci km-də olarkən telefonuna zəng gəlmiş və o, hərəkət etdiyi zolaqda avtomobili dayandırmışdır. Telefonla danışmış, atasının sağlamlıq vəziyyətinin pisləşdiyini bilən kimi Xırdalana qayıtmaq qərarına gəlmişdir. Yan güzgüdən yola baxmış, onun hərəkət istimaqətində sol zolaqda “Prado” markalı avtomobilin Lökbatan istiqamətində həkətdə olduğunu görmüşdür. Əks hərəkət istiqamətində isə heç bir avtomobil olmamışdır. O, “Prado” markalı avtomobili buraxdıqdan sonra qoşa xəttin üstündən keçib geriyə dönmək istəmişdir. Sola dönmə işıq siqnalını yandırıb hazır dayanmışdır. “Prado” markalı avtomobili buraxan kimi hərəkətə başlamış və əks istiqamətli hərəkət zolaqlarını ayıran qoşa xəttə doğru irəliləmişdir. Xəttə çatana yaxın avtomobilinin sol hissəsinə zərblə digər avtomobilin dəydiyini görmüşdür. Zərbənin təsirindən onun avtomobili fırlanaraq üzü Xocahəsən qəsəbəsi istiqamətində, yolun hərəkət hissəsində sağ zolaqda dayanmışdır. Digər avtomobil isə damı üstə çevrilmiş və Lökbatan istiqamətində bir qədər sürütlənərək dayanmışdır. Yalnız bu zaman o, başa düşmüşdür ki, “Prado” markalı avtomobilin arxasınca Lökbatan istiqamətində “Vaz 21214” markalı, **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobil gəlirmiş. Lakin onu görməmiş və “Prado” markalı avtomobili buraxdıqdan sonra qəflətən hərəkətə başladığı üçün onun qarşısına çıxmışdır. Qəzanın baş verməsində təqsirli olduğunu bilir və buna görə də əməlindən peşmandır. Hadisə zamanı toqquşduğu avtomobildə sürücü və üç nəfər sərnişin xəsarət almışdır. Hadisədən sonra FHN-nin və TTYS-nın əməkdaşları onlara tibbi yardım göstərmişdir. O, daha sonra öz izahatında göstərdi ki, hadisə vaxtlı ayıq olmuş, avtomobildə tək və yüksüz vəziyyətdə olmuşdur. Hazırda Tovuz rayonu, Əlibəyli kəndində yaşadığını, atası xəstə olduğundan onun müalicəsi üçün hər həftə Bakıya gəlməli olduğunu, bir daha belə hərəkətlərə yol verməyəcəyini və hal-hazırda da zərəçəkmiş şəxslərlə barışdığını və zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələblərinin olmamasını nəzərə alaraq daha yüngül inzibati tənbeh tədbirinin tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. İş materialına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 25 mart 2021-ci il tarixli, 2/7766 nömrəli tibbi müayinə aktından müəyyən olunmuşdur ki, Şəxs sərxoşluq halları aşkar edilməmişdir. İş materialına əlavə olunmuş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə- Tibbi Ekspertiza və X11 Təcrübi və X7 rayon şöbəsindən daxil olmuş 03 aprel 2021-ci il tarixli, №168 saylı ekspert rəyindən görünür ki, X5 başın sol təpə nahiyyəsinin əzilmiş yarası, sağ bazunun qançırı, sağ diz oynağı və sağ baldırın yuxarı 1/3-nin hərəkət məhdudluğu ilə müşayiət olunan yumşaq toxumalarının əziyi halında qançır – şişkinliyi bərk küt əşya(əşyalar) təsirindən, qərarın təsviri hissəsində göstərilən və onun tibbi yardım üçün Sumqayıt şəhər X15 Xəstəxanasına müraciət etdiyi 25 mart 2021-ci il tarixdə törənməsi mümkündür və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. İş materialına əlavə olunmuş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə- Tibbi Ekspertiza və X11 Təcrübi və X7 rayon şöbəsindən daxil olmuş 03 aprel 2021-ci il tarixli, №169 saylı ekspert rəyindən görünür ki, X3 bədən səthində hər hansı bir xəsarət aşkar edilməmişdir. İş materialına əlavə olunmuş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə- Tibbi Ekspertiza və X11 Təcrübi və X7 rayon şöbəsindən daxil olmuş 05 aprel 2021-ci il tarixli, №163 saylı ekspert rəyindən görünür ki, X2 bədən səthində hər hansı bir xəsarət aşkar edilməmişdir. İş materialına əlavə olunmuş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə- Tibbi Ekspertiza və X11 Təcrübi və X7 rayon şöbəsindən daxil olmuş 05 aprel 2021-ci il tarixli, №162 saylı ekspert rəyindən görünür ki, X10 döş qəfəsin sağ yarısının qançırı bərk küt əşya təsirindən, müayinədən 4-5 gün əvvəl törənmişdir, qərarın təsviri hissəsində göstərildiyi kimi, yəni 25 mart 2021-ci il tarixdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir. Məhkəmə iş materillarını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokolla və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Lakin məhkəmə, Şəxs ilk dəfə inzibati xəta törətməsini, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələblərinin olmamasını və ailə vəziyyətini nəzərə alaraq onun barəsində inzibati cərimə tətbiq olunmasını daha ədalətli, qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-c maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on)gün müddətində Bakı Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar