Məhkəmə qərarları › İş №3(002)-683/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-683/2025

21.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-683/2025 21.04.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi ilə, Bakı şəhəri Qaradağ DYPŞ yol-patrul xidməti inspektoru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs və müdafiəçi Vəkil iştirakları ilə, xx.xx.2000-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair daxil olmuş materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli İXP ******* saylı protokol Qaradağ Rayon Məhkəməsinə təqdim edilmişdir. İnzibati xəta haqqında protokola əsasən, Şəxs xx.xx.2025-ci il tarixdə “Vaz 21074” minik markalı **-TO-*** dövlət qeydiyyat nişanlı avtomobil vasitəsilə Azərbaycan Respublikası İXM 511.1.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Qaradağ DYPŞ yol-patrul xidməti inspektoru X5 protokolu müdafiə edərək bildirdi ki, Şəxs "Tik Tok" sosial şəbəkəsində “Vaz 21074” minik markalı **-TO-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə avtoxuliqanlıq edərək paylaşdığı və avtoxuliqanlığı təbliğ edən videolar ilə əlaqədər, DİN-dən raport ilə məlumat daxil olmuşdur. Sürücü Şəxs Qaradağ rayonu DYPŞ-nə gəlmiş, özünün iştirakı ilə barəsində İXM-nin 511.1.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunub baxılması üçün Qaradağ rayon məhkəməsinə göndərilmişdir. Həmçinin bildirmişdir ki, həmin videonun nə zaman qeydə alınması haqqında məlumatı yoxdur, Həmin görüntülər sosial şəbəkədən götürülərək barəsində araşdırılma başlanılmışdır. İnzibati xəta haqqında protokolun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, özünü avtomobili dövlət qeydiyyat nişanı olmadan idarə etməsi ilə bağlı təqsirli bilir. Həmin videonu öz hesabında paylaşdığına görə polis şöbəsinə dəvət edilmiş, o, özü şöbəyə könüllü gəlmişdir. Avtomobilin konstruksiyasına müdaxilə etməmiş, nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılması və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılması əməllərinə yol verməmişdir. Göstərilən halları nəzərə alaraq, barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bundan əlavə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, polis bölməsində olarkən hüquq və vəzifələri ona izah edilmiş, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla və ona əlavə edilmiş materiallarla tanış olmuş, işgəncəyə, qeyriinsani və ya ləyaqəti alçaldan rəftara məruz qalmamış, ona heç bir fiziki təzyiq və zorakılıq göstərilməmişdir. Heç bir əlillik dərəcəsi yoxdur. Məhkəmə iclasında iştirak edən şahid X1 ifadəsində bildirmişdir ki, 20 aprel 2025-ci il tarixdə «Tik-Tok» sosial platformasında **-TO-*** dövlət qeydiyyat nömrə nişanlı “Vaz- 21074” markalı nəqliyyat vasitəsinin ön dövlət qeydiyyat nömrə nişanını çıxararaq, qəsəbə daxilində hərəkət etməsini, həmçinin nəqliyyat vasitəsinin konstruksiyasına dəyişiklik olunması və həmin faktları video görüntüyə alaraq, sosial şəbəkədə paylaşması aşkar edilmişdir. **-TO-*** dövlət qeydiyyat nömrə nişanlı «Vaz-21074» markalı nəqliyyat vasitəsini idarə edən şəxsin şəxsiyyəti və olduğu yer müəyyən olunaraq, nəqliyyat vasitəsi ilə birlikdə Polis Bölməsinə təmin edilmişdir. Hazırda avtomobilin dövlət qeydiyyat nişanı yerində olsa da nəqliyyat vasitəsinin konstruksiyasına dəyişiklik edilməsinə şahid olmuşdur. Məhkəmə iclasında iştirak edən müdafiəçi Vəkil çıxışında bildirmişdir ki, videogörüntülərdə Şəxs sadəcə düz yolda hərəkət etdiyi qeyd edilmişdir. Belə ki, o, hərəkətdə olan zaman avtomobil ilə hər hansı sağa-sola qəflətən manevrlər etməmiş, İXM 511.1.3-cü maddəsinin dispozisiyasında sadalanan hərəkətlərə yol verməmişdir. Bu səbəbdən videogörüntülərdə qeydə alınan hərəkətlər İXM-nin 511.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibini yaratmır. Beləliklə, hüquqlarını müdafiə etdiyi şəxsin əməlində inzibati xəta tərkibi olmadığını nəzərə alaraq, onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli İXP ******* saylı protokola əsasən, Şəxs xx.xx.2025-ci il tarixdə “Vaz 21074” minik markalı **-TO-*** dövlət qeydiyyat nişanlı avtomobil vasitəsillə İXM 511.1.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə tərəfindən 01 ədəd diskə əlavə olunmuş videogörüntülər tədqiq olunaraq müəyyən edilmişdir ki, mexaniki nəqliyyat vasitəsi düz istiqamətdə hərəkətdə olmuş, videonun arxa fonuna musiqi əlavə olunduğundan, hər hansı təkərlərin sürtülmə səsi eşidilmir və yol səthində təkər izləri müşahidə olunmur . Beləliklə məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi sosial şəbəkə vasitəsilə, vətəndaşın şəxsi hesabında paylaşdığı görüntülər nəticəsində aşkar edilmişdir. Videogörüntüdə Şəxs sadəcə düz yolda hərəkət etdiyi qeyd edilmişdir. Belə ki, o, hərəkətdə olan zaman avtomobil ilə hər hansı sağa-sola qəflətən manevrlər etməmiş, İXM 511.1.3-cü maddəsinin dispozisiyasında sadalanan hərəkətlərə, yəni nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılması və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılması əməllərinə yol verməsi halı tədqiq olunmuş görüntülərdə aşkarlanmamışdır. Bu səbəbdən videogörüntülərdə qeydə alınan hərəkətlər İXM-nin 511.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibini yaratmır. Həmçinin məhkəmə nəzərə alır ki, yolda müəyyən edilmiş hərəkət sürəti həddini aşma, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı olmadan və ya onun konstruksiyasına dəyişiklik edilməklə idarə edilməsi İXM 511.1.3-cü maddəsinin deyil, İXM-nin 328 və 342ci maddələrinin müvafiq bəndlərinin tərkibini yaradır. Azərbaycan Respublikasının İXM-nin 511.1.3-cü maddəsinə əsasən mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazları və bu Məcəllənin 81.2-ci maddəsində nəzərdə tutulan vasitələr xüsusi texniki vasitələr adlanır. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə inteqrasiya olunmalıdır. Xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Vəkil məhkəmədə iştirak etdiyi 1 saata görə 6 (altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Həmçinin məhkəmə iclasında tədqiq olunmuş 01 ədəd CD diskə əlavə olunmuş görüntülər iş materialına əlavə edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Məhkəmə iclasında tədqiq olunmuş 01 ədəd CD diskə əlavə olunmuş görüntülər iş materialına əlavə edilsin. Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Vəkil məhkəmədə iştirak etdiyi 1 saata görə 6 (altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan rəsmi qaydad verildiyi vaxtdan 10 gün müddətində Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar