Məhkəmə qərarları › İş №3(002)-684/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-684/2025

21.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-684/2025 21.04.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polis İdarəsinin Yol-Patrul Xidməti Alayının Vİ tağım baş yol patrul xidməti inspektoru, polis kapitanı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İXM-nin 511.1.3-cı maddəsi ilə təqsirləndirilməsinə dair inzibati materialın icraata qəbul edilməsi məsələsinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası DİN-in BDYPİ-nin YPX Alayı tərəfindən Bakı şəhəri Qaradağ rayon Məhkəməsinə Şəxs İXM-nin 511.1.3-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati material daxil olmuşdur. İnzibati xəta haqqında 21 aprel 2025-cü il tarixli, İXP ******* nömrəli protokoldan görünür ki, Şəxs 20 aprel 2025-ci il tarixdə, saat 16:55 Bakı şəhəri, Qaradağ rayonu, Sanqaçal qəsəbəsində yerləşən DYP-nın stasionar postunda saxlanılarkən onun «Renault Premium 460 DXİ» yük markalı, ** FD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən İXM-nin 511.1.3-ci maddəsinin tələbini pozmuşdur. Məhkəmə iclasında iştirak edən DİN-in Baş Dövlət Yol Polis İdarəsinin Yol-Patrul Xidməti Alayının Vİ tağım baş yol patrul xidməti inspektoru, polis kapitanı X2 öz izahatında protokolu müdafiə edərək, sürücü Şəxs inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. O öz izahatında daha sonra göstərmişdir ki, hadisə Ağdaş rayonunun ərazisində baş vermiş, sürücü ypx əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq nəqliyyat vasitəsini Ağdaş rayonu ərazisində saxlamadan idarə etmiş, buna görə də onlara daxil olmuş məlumat əsasında Qaradağ rayonu ərazisində yerləşən stasionar postda saxlanılmışdır. Saxlanılarkən sürücü tərəfindən onlara qarşı hər hansı hüquq pozuntusuna yol verilməmişdir. Qeyd olunan inzibati pozuntu videogörüntüyə alınmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında bildirmişdir ki, hadisə Ağdaş rayonu ərazisində baş vermişdir. Belə ki, Yevlax postunda olarkən ypx əməkdaşı onu saxlamış, o da maşından düşərək yol polisi əməkdaşına yaxınlaşmışdır. Polis əməkdaşı onunla kobud formada danışaraq onu əli ilə itələmiş, nəqliyyat vasitəsini duracağa yerləşdirməsini tələb etmişdir. O polisin hərəkətlərindən hiddətlənərək nəqliyyat vasitəsinə oturub yoluna davam etmişdir. Ağdaş rayonu ərazisində onun arxasınca ypx əməkdaşı xidməti avtomobillə gələrək həmin avtomobili onun idarə etdiyi yük maşınının üstünə sürmüşdür. Ona idarə etdiyi nəqliyyat vasitəsini saxlaması barədə əmr verilmişdir. O isə yoluna davam edərək Qaradağ rayonu ərazisində yerləşən stasionar posta çatmışdır. Posta ypx əməkdaşları onu saxlamış, o da heç bir müqavimət göstərmədən polisin qanuni tələblərinə tabe olmuşdur. O öz izahatında polis əməkdaşlarına qarşı heç bir müqavimət göstərmədiyini, həmçinin avtoxuliqanlıq hərəkətləri törətmədiyini, yol polisi əməkdaşlarının onunla qeyri- adekvat danışmasından və onu itələməsindən əsəbiləşdiyindən nəqliyyat vasitəsini Ağdaş rayonu ərazisində saxlamadığını bildirmişdir. Odur ki, bütün bu qeyd etdiklərinin nəzərə alınaraq barəsində başlanılmış inzibat xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, həmin material mahiyyəti üzrə baxılması üçün ərazi aidiyyəti üzrə Ağdaş rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, tərəflərin izahatı, işdə olan sənədlər araşdırılarkən və hadisənin görüntüsünü özündə əks etdirən videodiskə baxış keçirilən zamanı aydın olur ki, Şəxs yuxarıda istinad edilən, törədilməsi ehtimal edilən avtoxuliqanlıq əməlini Ağdaş rayonu ərazisində törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin tələblərindən aydın olur ki, inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Həmin Məcəlləsinin 109.1.7-ci maddəsinin tələbindən aydın olur ki, əgər işin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edilir. Beləliklə yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 110 və 129-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cı maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında material ərazi aidiyyəti üzrə baxılması üçün Ağdaş rayon Məhkəməsinə göndərilsin. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar