Məhkəmə qərarları › İş №3(002)-7/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-7/2023

18.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-7/2023 18.01.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhər Qaradağ rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhər Qaradağ rayon Prokuroru, baş ədliyyə müşaviri Zəfər Əhmədov tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar Məhkəməyə daxil olmuşdur. “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” 12 dekabr 2022-ci il tarixli qərardan görünür ki, araşdırma zamanı müəyyən edilmişdir ki, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan vəzifəli şəxs Şəxs (VÖEN nömrəsi **********) Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsində yerləşən "Şahqaya" əhəng daşı yatağında sahibkar kimi faktiki nəzarət və rəhbərlik etdiyi daş karxanasında Şahid1, Şahid2, Şahid3, Şahid5 və Şahid4 ümumilikdə 5 nəfər fiziki şəxslərlə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən və ümumiyyətlə həmin şəxslərlə əmək müqaviləsi bağlamadan onları işə götürərək qanunsuz hasilat işlərinin aparılmasına cəlb etməklə yerin təkindən mişar daşı çıxarılıb kəsilməsi işlərini həyata keçirmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətindən daxil olmuş xx.xx.2022-ci il tarixli, **********5 saylı məktuba əsasən, Şahid1, Şahid2, Şahid3, Şahid5 və Şahid4 adlarına Şəxs (VÖEN:**********) tərəfindən mərkəzləşdirilmiş elektron informasiya sisteminə əmək müqaviləsi bildirişlərinin daxil edilmədiyi təsdiq edilmişdir. Araşdırma zamanı Şahid1, Şahid2, Şahid3, Şahid5 və Şahid4 Qaradağ rayonu, Qızıldaş qəsəbəsində yerləşən "Şahqaya" əhəng daşı yatağında fəaliyyət göstərən Şəxs faktiki rəhbərlik və nəzarət etdiyi daş karxanasında Şəxs özü tərəfindən işə götürülərək müəyyən əmək haqqı müqabilində işlədilmələri, daş karxanasında işə başladıqları və işlədikləri sonrakı müddət ərzində Şəxslə aralarında əmək müqaviləsi bağlanılmadığı, işə dair bütün zəruri göstərişlərin, eləcə də gündəlik əmək haqqının onlara Şəxs tərəfindən verildiyi adları çəkilən şəxslərin öz izahatları ilə də təsdiq edilmişdir. Araşdırma materialına əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs VÖEN nömrəsi ********** olan fiziki şəxs olaraq sahibkar kimi uçota alınmışdır, bu hal Şəxs sahibkarlıq fəaliyyəti ilə məşğul olan vəzifəli şəxs olduğunu təsdiq edir. Məhkəmənin 26 dekabr 2022-ci il tarixli iclasında iştirak etmiş Bakı şəhər Qaradağ rayon prokurorunun köməkçisi X1 rayon prokuroru tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı müdafiə edərək, inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, əvvəllər Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi ərazisində yerləşən daş karxanalarından "Kamaz" markalı avtomobillərlə mişar daşları alaraq müxtəlif rayonlarda satdırmaqla məşğul olmuşdur. Təxminən 45-50 gündür ki, Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, Şahqaya Əhəngdaşı yatağına məxsus ərazidə yerləşən atılmış daş karxanasında kombayn və kran qurğuları yerləşdirərək yerin təkindən mişar daşları çıxarmaq istəmiş, lakin mişar daşları yerin təkindən çıxmadığına görə işləmədən işi dayandırmışdır. Həmçinin bildirmişdir ki, onun heç kimə borcu yoxdur, "xxxx" MMC adlı daş karxanasının rəhbəri deyil. Göstərilənləri nəzərə alaraq inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmənin 09 yanvar 2023-cü il və 18 yanvar 2023-cü il tarixli iclasları barədə məlumat verilməsinə baxmayaraq, Bakı şəhər Qaradağ rayon prokurorluğunun nümayəndəsi məhkəməyə gəlməmiş və ondan məhkəmə iclasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 54.6-cı maddəsinə əsasən işə prokurorun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan cinayət işinin başlanmasının hissəvi rədd edilməsi və cinayət işi başlanması haqqında 12 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Şəxs əməlində Azərbaycan Respublikası CM-nin 162-1.1-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin hissədə cinayət işinin başlanması rədd edilmiş və əməlində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibinin olması müəyyən edildiyindən barəsində həmin maddə ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması məsələsinə baxılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətindən daxil olmuş 30 avqust 2022-ci il tarixli məktubdan görünür ki, Şahid1, Şahid2, Şahid3, Şahid4 və Şahid5 adlarına fiziki şəxs Şəxs (VÖEN:**********) tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” altsisteminə əmək müqaviləsi bildirişləri daxil edilməmişdir. Eyni zamanda Dövlət Vergi Xidmətinin “bir pəncərə” sisteminə baxış keçirilən zaman "xxxx" MMC-nin qeydiyyatda olmadığı müəyyən edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 22 iyul 2021-ci il tarixli, 3(103)-1686/2021 saylı qərarına əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Ekologiya və Təbii Sərvətlər Nazirliyi X9 X2 tərəfindən qəbul edilmiş 30 mart 2021-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanuni hesab edilmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 31 may 2021-ci il tarixli, 3(002)-703/2021 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Ekologiya və Təbii Sərvətlər Nazirliyi X9 X2 tərəfindən qəbul edilmiş 30 mart 2021-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən vəzifəli şəxs olaraq 2500 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli hökmünə əsasən təqsirləndirilən şəxs Şəxs məhkəmə iclasında verdiyi ifadəsindən görünür ki, Şahqaya daş karxanasını Şirəli adlı şəxsə icarəyə vermişdir. Həmçinin zərərçəkmiş şəxs X3 ifadəsində göstərmişdir ki, karxananın müdiri Şəxs olmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Şahid1 2022-ci ilin yanvar ayından 2022-ci ilin avqust ayınadək, Şahid2 2021-ci ilin noyabr ayından 8 ay müddətində, Şahid3 2021-ci yanvar ayından 1 il 04 ay müddətində, Şahid4 2022-ci ilin yanvar ayından 7 ay müddətində və Şahid5 2022-ci ilin may ayından 10 gün müddətində əmək müqaviləsi olmadan Şəxs tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsində yerləşən “Şahqaya” əhəng daşı yatağında sahibkar kimi faktiki nəzarət və rəhbərlik etdiyi daş karxanasında işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişlər. Bu səbəbdən onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında icraat başlanılaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin qeyd hissəsinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyridövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materiallarında olan biri digərini tamamlayan sübutlar ilə öz təsdiqini tapmışdır. Beləliklə, "Şahqaya" əhəng daşı yatağının bilavasitə Şəxs adına qeydiyyata alınmamasına baxmayaraq, hazırkı iş üzrə həmin yataqdan əmək müqaviləsi olmadan işlərin yerinə yetirilməsinə cəlb edilmiş şəxslərin izahatları, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(103)-1686/2021 saylı qərarı, habelə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(002)-311/2022 saylı hökmündə Şəxs əks olunmuş ifadəsi ilə onun inzibati xəta törətməsi halı təsdiqini tapır. Belə ki, onunla Şahid1, Şahid2, Şahid3, Şahid4 və Şahid5 arasında heç bir əmək müqaviləsi və ya xidməti müqavilənin bağlanmadığı aşkar edilmiş, yəni, Şəxs işəgötürən kimi qanunvericiliklə onun üzərinə qoyulmuş öhdəliklərə əməl etməmişdir və bununla da əmək qanunvericiliyinin tələblərini pozmaqla yanaşı, inzibati xətaya da yol vermişdir. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114, 128-130 və 192.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs (VÖEN:**********) İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 3000 (üç min) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar